MÜQƏDDƏS RUHLAR BİZİ DÖYÜŞƏ SƏSLƏYİR!!! - (+FOTO=20)

MÜQƏDDƏS RUHLAR BİZİ DÖYÜŞƏ SƏSLƏYİR!!! (+FOTO=20)

MÜQƏDDƏS RUHLAR BİZİ DÖYÜŞƏ SƏSLƏYİR !!!

Artıq neçə ildir ki, Azərbaycan xalqı mayın 8-ni başıaşağı, sözlə ifadəsi mümkün olmayan xəcalət hisslərilə qarşılayır, dərdini bir az da ağırlaşdırıb elə həmin hisslərlə də yola salır. Çünki 1992-ci il may ayının 8-də gözəl Qarabağımızın tacı olan Şuşa işğalçı erməni-rus hərbi birləşmələrinin heç də qəfil, gözlənilməz olmayan hücumları nəticəsində zəbt edilmiş, başımızın papaği yerə düşmüş, Vətənimiz 30 ilə yaxındır sağalmaq bilməyən ağır yara almışdır.
Ancaq bu qara yük, bu xəcalət nə qədər ağır, nə qədər çəkilməz olsa da, düz 75 il əvvəl Almaniya və müttəfiqləri üzərində qazanılmış tarixi qələbə ilə bağlı xalqımızın sevincinə, bayram ovqatına xələl gətirməməlidir. Çünki İkinci Dünya Müharibəsinin tərkib hissəsi olan bu qanlı, amansız savaşda Azərbaycan xalqı da öz igid oğul və qızları, torpaqlarımızdan çıxan nefti, zavodlarımızda istehsal olunan silahları, arxa cəbhədə göstərdiyi ağılasığmaz əmək qəhrəmanlığı, ön xəttə göndərdiyi yardımları ilə fəal iştirak etmişdir.
O qanlı-qadalı müharibəyə Şamaxı rayonundan da xeyli sayda çağırışçı və könüllü yola düşmüşdü. Əslən Ərəbqədim kəndindən olan nənəm Mayaxanım Süleymanova fərqli illərdə iki oğlunu Sovet ordusunda xidmətə göndərmişdi. 1918-ci il təvəllüdlü Şahalı Güləli oğlu Süleymanov 1939-cu ildə əyninə əsgər paltarı geymiş və anası onun üzünü bir daha görməmişdir. Finlərə qarşı savaşdan salamat çıxan Şahalı sonuncu məktubunu 1942-ci ildə Stalinqrad ətrafından yazmış, şiddətli döyüşlərin birindən sonra Mayaxanım anaya onun itkin düşməsi barədə bildiriş göndərilmişdir.
Ailənin ikinci oğlu – atam Bəybala Süleymanov isə 1920-ci ildə doğulmuşdur. Müharibənin ilk günlərində Mayaxanım ana arxasınca su atıb düşmən üstünə göndərdiyi övladının sorağını əvvəlcə Tbilisi şəhərindən almışdır. Burada qısamüddətli kiçik zabitlik kursunu bitirdikdən sonra leytenant Bəybala Süleymanov qəhrəman şəhər Sevastopolun müdafiəçiləri sırasına qoşulmuş, 1941-1942-ci illərdə general-leytenant Yevgeni İvanoviç Jidilovun 7-ci dəniz piyadası briqadasının 2-ci batalyonunda rota komandiri kimi işğalçı almanlara qarşı mərdliklə vuruşmuşdur. Hətta gərgin döyüşlərin birində başqa bir rotanın həlak olmuş komandirini də əvəz edərək hər iki bölüyü əks-hücuma qaldırmış və dəniz piyadaları düşməni ciddi itkiyə məruz qoyaraq xeyli geri oturtmuşlar. Batalyonun komandiri, Sovet İttifaqı Qəhrəmanı gürcü Arkadi Spiridonoviç Qeqeşidze leytenant Bəybala Süleymanovun igidliyini öz xatirələrində yüksək qiymətləndirmiş və ağır yaralanmış kombatı güllə yağışı altında döyüş meydanından çıxararaq həyatını xilas etdiyinə görə ömrü boyu ona minnətdar olmuşdur.
Leytenant Bəybala Süleymanovun özü də Sevastopolun müdafiəsi zamanı ağır yaralanmışdır. İnkerman mağaralarında briqadanın baş tibb bacısı, Şəkidən orduya çağırılmış Əsmər Əkbər qızı Həsənova igid həmyerlisinə xüsusi qayğı ilə yanaşmış, şəfalı əlləri ilə atamın yaralarını sarımışdır. Sevastopolun müdafiəsinin son günlərində sualtı qayıqla şəhərdən təxliyyə edilən döyüşçülərdən biri də atam Bəybala Süleymanov olmuşdur.
Atam müharibənin sonrakı illərində də ağır döyüş yolu keçmiş, qanlı savaşı Avropada başa vuraraq 1946-cı ildə Vətənə dönmüşdür. Hitlerçilərə qarşı vuruşlarda fərqləndiyi üçün leytenant Bəybala Süleymanov I və II dərəcəli “Vətən müharibəsi” ordenləri, iki dəfə “İgidliyə görə” medalı, “Sevastopolun müdafiəsinə gorə”, “Varşavanın azad olunmasına görə”, “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə” medalları və digər təltiflərlə mükafatlandırılmışdır. Onun haqqında Rusiya, Gürcüstan, Azərbaycan mətbuatı məqalələr dərc etmiş, televiziya və radio verilişləri hazırlanmışdır.
Qara dəniz Donanmasının veteranı Bəybala Süleymanov müharibədən sonra uzun illər neft-qaz kəşfiyyatı işlərində vicdanla çalışmış, döyüşdə olduğu kimi, əmək cəbhəsində də fərqlənmişdir. Atam tez-tez çağırışçıların, məktəblilərin, matrosların qonağı olar, onların tədbirlərində iştirak edərdi. 1950-1980-ci illərdə Bəybala Süleymanov dəfələrlə qəhrəman şəhər Sevastopolda olmuş, 30 oktyabr – şəhərin müdafiəsinin başlanma gününü və 9 May – Qələbə bayramını cəbhə yoldaşları ilə bir yerdə qeyd etmişlər. Belə səfərlərin birində - 1966-cı ildə Sevastopol şəhər İcraiyyə Komitəsinin sədri P. Stenkovoy təntənəli surətdə atama “Sevastopolun müdafiəsinə görə” medalını təqdim etmişdir. Şəhərin rəhbərliyi və sakinlər Bəybala Süleymanovu həmişə ən əziz qonaq kimi qarşılayıb yola salardılar.
Həyatı boyu çox sayda təhlükəli anlar yaşamış, Sevastopolun müdafiəsində komandirini, Varşava döyüşlərində əsgərini ölumdən qurtarmış, qazma buruğunda neftçi yoldaşını alovun pəncəsindən xilas etmiş, bacısı oğlunu Pirsaatçayın daşan sularının əlindən almağı başarmış, avtomobil qəzasından möcüzə nəticəsində sağ qalmış atam 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Ömürlərini başa vurmuş, igidlik, qəhrəmanlıq, kişilik nümunəsi olan ata-babalarımıza Allah rəhmət eləsin, bu əziz Qələbə günündə ruhları şad olsun...
Bu gün Hitler faşizmini kölgədə qoymuş işğalçı erməni faşistləri nasist nökəri Njde Qaregin kimi qaniçənlərə heykəl ucaldır, Şuşamızın guya azad olunmasının 28 illiyini qeyd edir, qədim torpaqlarımızda Yallı gedirlər. Qafqazda böyük qurbanlar bahasına Üçüncü Reyx ordusunun qabağını kəsib Almaniyayadək şərəfli döyüş yolu keçən, 1945-ci ildə Berlinin simvolu sayılan Brandenburq darvazasına Qələbə bayrağı sancan Azərbaycan oğullarının ruhu isə bizi doğma torpaqlarımızda baş verən rüsvayçılığa son qoymağa səsləyir.
Biz nəhayət,bu müqəddəs ruhların səsini eşitməliyik!

Mahir SÜLEYMANOV,
jurnalist,
Qarabağ müharibəsi veteranı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !