Şakir Yaqubov yazır - Mükafatlar (Ömürlüyümdən parçalar)

Şakir Yaqubov yazır Mükafatlar (Ömürlüyümdən parçalar)

…İndi deyəcəyim məsələ barədə “Yaddaşımın küncündən…” kitabında (Bakı, Azərnəşr, 2014) yazmışam.

1994-cü ilin iyulunda “Xalq qəzeti”nin akt salonunda Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı təqdim olunurdu. Həmin ilin laureatlarından biri də mən idim. Fəxri mükafatın diplomunu qəbul edərkən dedim: “Çox mükafat almışam, ancaq mətbuatımızın atası olan insanın adını daşıyan mükafat mənim üçün hamısından əzizdir, bu təltifdən qürur duyuram.

Eyni zamanda elə bu binada, bu dəqiqələrdə oturub işləyən azı üç nəfəri göz önünə gətirəndə xəcalət çəkirəm – çünki onlar məndən xeyli qabaq bu mükafatı almalı olduqları halda hələ də bu mükafata layiq görülməyiblər”.

Məclisin aparıcısı, Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev kinayəli bir təbəssümlə: “Kimdir onlar ki, indiyəcən xəbər tutmamışıq?” deyə sual edəndə mən “Xalq qəzeti”nin baş redaktoru Tofiq Rüstəmovu, AzərTAc-ın baş direktor əvəzi Şamil Şahməmmədovu və əlbəttə, Cəmil müəllimi – o vaxt “Vahid” adlı qəzeti buraxmaqla gün keçirən Peşəkarı nişan verdim.

Görünür, bu insanlardan hansı birininsə adı qarşı tərəfin ürəyincə olmadığı üçün qəzəbini mənim üstümə tökməklə kifayətləndi: “Bugünkü laureatların hamısı mükafatı öz güclərinə alıblar, təkcə səni redaktorun xahiş edib”.

Bu, “qurşaqdan aşağı zərbə” olsa da, darılmadım, dediklərim üçün peşmançılıq hissi keçirmədim. Çünki bütün bunları tam səmimi, həqiqət naminə eləyirdim. Üzrxahlıq diləmirdim, konyunkturaçı məqsədlər güdmürdüm. Olsa-olsa, qəlbimdə yaşayan nisgili, peşmançılıq duyğusunu bir qədər soyutmaq istəyirdim. Vaxtilə bir səhv eləmişdim onunçündü bu – kim səhv eləmir ki?!.

***

İlk mükafatım sovet dövrünün çox abırlı mükafatıydı – Azərbaycan Jurnalistlər İttifaqının ənənəvi olaraq 5 may Mətbuat Günü ərəfəsində elan etdiyi “Qızıl qələm” mükafatı.

Yusif Kərimov “Azərbaycan gəncləri” qəzetinə redaktor (indiki dillə: baş redaktor) gəldiyi 1981-ci ilin qışından münasibətlərimiz nədənsə çox gərgin idi və mən onun hər bir qərarına “mız” qoymağı sanki özümə borc bilirdim.

Günlərin birində eyni şöbədə işlədiyimiz Sona xanım Bağırova əlindəki vərəqlə yaxınlaşıb məzmunu ilə tanış olmağımı istədi: bu, hansısa bayram münasibətilə əməkdaşların mükafatlandırılması barədə əmrin ilkin variantı idi; orada xeyli adamın adı-soyadı vardı – məndən savayı. Sona xanım redaksiya jurnalist təşkilatının katibi idi, adımın siyahıda olmamasına reaksiyası belə oldu: “Mən də o sualı verdim, redaktor qayıtdı ki, Şakirə ayrı mükafat verəcəyik. Ona görə bu siyahıda onu artıq hesab elədik…”

1982-ci ilin 4 mayında Azərinformun (indi AZƏRTAC) “Hamıya” qrifi ilə buraxdığı teletayp lentində Azərbaycan Jurnalistlər İttifaqının 1981-ci il üçün “Qızıl qələm” mükafatı laureatlarının siyahısı verilmişdi. Adətən mükafat hər nominasiyada bir nəfərə verildiyi halda bu dəfə beləsi tək Zaur Qədimbəyov idi, nominasiyanın ifadəsi də beləydi: “əvvəllər “Vışka” qəzetinin səhifələrində dərc olunmuş “Burada Asiya Avropa ilə görüşür” oçerklər kitabı üçün”.

Ümumiyyətlə, həmin 1981-ci ildə “Qızıl qələm” mükafatı 3-ü qadın, 2-si erməni, 6-sı bölgə qəzetinin əməkdaşı olmaqla düz 12 nəfərə verilmişdi. Siyahı bir müddət “Azərbaycan gəncləri”ndə, bir müddət də “Kommunist”də iş yoldaşım olmuş Ziyəddin Sultanovla başlanırdı; o, ermənicə “Kommunist” qəzetinin bir əməkdaşı ilə “partiya mövzularında məqalələr silsiləsi üçün” mükafat almışdı.

Mənə isə mükafat sonradan “Azərbaycan gəncləri”nin bölgə müxbiri olmuş şəkili Akif Salamov və “Sovetakan Qarabağ” qəzetinin bir əməkdaşı ilə “oçerklər üçün” verilmişdi.

Siyahıda tanıdığım digər imzalar da vardı: Svetlana Nəcəfova, Rəfiqə Sadıqova, Svetlana Mirzəyeva, Cəlil Rəfiyev…

Mükafatın bir deyil, iki-üç nəfərə verilməsinin laureatlara birbaşa isti-soyuğu vardı: 300 rublluq bir mükafat iddiaçıların sayına görə bölünürdü. Uzun süründürməçilikdən sonra, nəhayət ki, “kupça”sını aldığım ikiotaqlı mənzilə köçməyimə əsl mənada şirinlik oldu – ünvanıma gələn 90 rubl. Onun poçt qəbzi son günlərədək evdə, şəxsi sənədlərimin arasında qalırdı. Bir də həmin günlərdə aldığım təbrik teleqramları. İkisi Bərdədən göndərilmişdi – qardaş əvəzi sandığım keçmiş tələbə yoldaşım, yerli “Kommunizm yolu” qəzetinin şöbə müdiri Ramiz Cabbarov və vaxtilə başçılıq elədiyim şöbədə istehsalat təcrübəsində olmuş Novruz Salahov. Daha iki teleqram isə Tovuzdan idi – rayon kommunal təsərrüfatı şöbəsində işləyən qayınanam Asiya xanım və iş yoldaşlarından.

Gərək ki, 84-cü ilin avqust ayında Yusif müəllim mənə bir broşür verib dedi:

– Oxu, tanış ol və çox qısa bir müddətdə tələb olunan sənədləri hazırla…

Bu, iki ildən bir verilən Azərbaycan komsomolu mükafatlarının təqdim edilməsi qaydaları ilə bağlı təlimat idi. Düzü, təlimatın mənə nə aidiyyəti olduğunu bilmədiyim üçün onu Yusif müəllimdən tərəddüdlə qəbul elədim və belədə tam təbii olan sualı da verdim, onunsa cavabı mənim üçün gözlənilməz oldu: “Mən onlara da demişəm, sən də bil: əgər bir mükafatın taleyini həll edə bilmirəmsə, orada nə işim var?”

Yusif müəllim komsomolun Mərkəzi Komitəsinin büro üzvü idi və həmin sözləri söyləyərkən də bunu nəzərdə tuturdu…

Həmin təlimat broşürü son vaxtlara qədər ev arxivimdə idi; təbii ki, heç bir sənəd-filan düzəltmədim, Yusif müəllimə quruca təşəkkür edib belə bir mükafatın mənimçün tez olduğunu sidq-ürəklə bildirdim. Ancaq sonrakı illərdə daha cavan həmkarlarımdan iki-üç nəfəri komsomol mükafatına layiq görüləndə başa düşdüm ki, təvazökarlığım o qədər də yerinə düşməyibmiş…

Buradaca Yusif Kərimovla münasibətlərimizin bəzi məqamları barədə bir-iki kəlmə deməliyəm. Əvvəldə qeyd elədiyim kimi, 81-ci ilin fevralında o, “Gənclər”ə redaktor gələndə münasibətlərimiz nədənsə çox qəliz idi. Beş-altı il idi tanışdıq – onda o, dövlət televiziyasının Gənclik Proqramları Baş Redaksiyasının baş redaktoru idi, mən isə qələmiylə haradan gəldi beş manat pul qazanmaq iddiasında olan gənc bir qələm adamı. Bizi həmin 1970-ci illərin ortalarında jurnalistika aləmində, xüsusən də “musiqili hekayələr”inə görə Teleradio Komitəsində yetərincə tanınan imza sahibi Möhbəddin Səməd tanış eləmişdi.

Bütöv bir verilişi ssenarisindən tutmuş efirdə səslənməsinə qədər hər bir işi özümüz görürdük. Yaxşı qazanmaq olurdu – təxminən 40-50 dəqiqəlik verilişə görə 100 rubla qədər və bir az da artıq. Mən əvvəl tələbə inşaat dəstələri barədə veriliş hazırlayır və ona aparıcılıq edirdim. Sonra Yusif müəllim təklif elədi ki, “mövsümi olmayan” bir silsilə hazırlayım. Beləliklə, tələbə yaradıcılığına həsr olunmuş”Arzu qanadlarında” adlı bir veriliş yarandı. Onun ilk buraxılışı efirə gedən günü baş redaktorla sözümüz çəp gəldi və mən verilişdən çıxdım, aparıcılığı məşhur diktor Roza Tağıyevanın boynuna düşdü…

“Gənclər”ə gələnədək Yusif müəllimlə ayrı heç bir münasibətim olmamışdı. Bunu indi xatırladıqca özümə də qəribə gəlir. 81-ci ilin payızında mətbuat işçilərinə mənzillər paylananda Yusif müəllim olmazın inadkarlıq göstərdi: nəyin bahasına olursa-olsun redaksiya üçün mənzil ayrılmasına nail oldu, həmin mənzilə kənardan müştərilər çıxanda yeznəlik nüfuzunu əməlli-başlı təhlükə altına ataraq “ağır kişi”lərlə əsl savaşa girdi: “Molodyoj Azerbaydjana”dan Sveta Semyonovanın keçmiş redaktoru, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi olan Vaqif Hüseynova şikayətinə əsasən mənzilə orderin verilməməsinə dair göstəriş bu işdə bir qarışıqlıq yaratdıqda altı ay ərzində “Baksovet”in sədri Nəcməddin Əhmədova fasiləsiz telefon zəngləri və sonuncu zəngi zamanı “Siz Azərbaycanın hörmətli bir jurnalistini bu cür süründürürməçiliyə salmısınızsa, sıravi vətəndaşların başına nə zülmlər açdığınızı təsəvvür etmək çətin deyil” dediyini öz qulaqlarımla eşitmişəm.

Yusif Kərimov məşhur Nəcəfovların (konkret olaraq keçmiş DTK-çı, sonralar isə uzun müddət Əzizbəyov rayonunun “xozeyin”i olmuş Niyazi Nəcəfovun qardaşının) yeznəsi idi və bu faktı Nəcəfovların ailəvi dostu olan “Nəcməddin Xələfoviç” bilməmiş deyildi.

Bu zəngdən sonra – ümidsiz halda olsa da – Oktyabr (sonralar Yasamal) Rayon İcraiyyə Komitəsinə getdim və altı aydan bəri “itirilmiş” hesab olunan, üstünü barmaq qalınlığında toz basmış ev sənədlərim, o cümlədən ikiotaqlı mənzilin orderi tapıldı və mən 82-ci il mayın 1-ni həmin mənzildə qarşıladım.

Sonradan məlum oldu ki, Svetanın şikayətinin hədəfi mənim alacağım mənzil yox, özlərinin təzə redaktorunun həlləm-qəlləm gedişləri imiş; bütün dövrlərdə olduğu kimi yenə şikayət məktubunu axıradək oxumadan qərar vermişdilər: mənzillərin orderlərinin verilməsi dayandırılsın!..

Göstəriş veriləndə Svetagilin redaktoru artıq orderini almış və təzə mənzilə köçmüşdü…

83-cü ildə Yusif müəllim Azərbaycandan kənarda istirahətdə olarkən Moskvadakı “Xudojestvennaya literatura” nəşriyyatının rəhbərlərindən biri ilə tanış olmuş və sonrakı il orada kitabını buraxdırmaq barədə razılaşma əldə eləmişdi. Bunu mənə danışdı və “Gənclik” nəşriyyatında buraxılmış təxminən 300 səhifəlik “Üçbucaq” kitabını tərcümə eləməyimi istədi – çap olunmamış irihəcmli bir hekayəsini də əlavə etməklə.

Belə məsələlərdə mən heç vaxt alverçi olmamışam, alver söhbəti eləməmişəm, indi də belə oldu. Yeganə söhbət vaxt darlığıyla bağlı oldu, onu da redaksiyanın bir texniki işçisi ilə danışıb yoluna qoyduq.

İşi 2-3 aya görüb qurtardıq. Tərcümə edə-edə əlyazmalarını “Təşviqatçı” jurnalında işləyən makinaçı xanıma yazdırdıq. Belədə, təbii ki, “zəhmət haqqı”mızdan savayı gözlədiyimiz bir şey qalmamışdı.

Bir gün Yusif müəllim xəbər elədi ki, Yazıçılar İttifaqına gedib pulu almaq lazımdır: “Hüseyn Abbaszadə ilə xeyli çənə-boğaz olduq – deyirdi ki, bizim öz tərcüməçilərimiz ola-ola bunlar kimdir ki, bütöv bir kitabı onlara veribsən? Mən də dedim ki, o məsuliyyət mənim boynumdadır. Əsər mənimdir, özüm bilərəm kimə tərcümə elətdirirəm…”

O vaxt üçün böyük məbləğ idi – 450 manat. Mənim aylıq məvacibim 110 manat, şərikiminki 100 manatıydı – bunların müqabilində peşəkar tərcüməçi olmaya-olmaya bu cür tərcüməçilik sərfəli idi və bu da Yusif müəllimin hesabına baş tutmuşdu…

87-ci ilin aprelində olmuş bir əhvalat isə ənənəvi “rəis-işçi” münasibətlərində təşəkkül tapmış standartlardan yüzdəyüz kənara çıxırdı.

Martın axırlarında komsomolun MK-sında işləyən Ədalət Zamanov – respublikanın o vaxtkı baş prokuroru Abbas Zamanovun qardaşı oğlu zəng vurub SSRİ komsomolunun qarşıdakı qurultayını işıqlandıracaq mətbuat qrupunun rəhbəri təyin edildiyimi və siyahı üzrə təyyarə biletlərinin alınacağını bildirdi. Mən bir az sırtıqlıq edərək həmin səfərə həyat yoldaşımla getmək istədiyimi söylədim…

Moskvada yerləşdirilməklə bağlı macəraları nəzərə almasaq (bütün qurultay nümayəndələri o vaxtkı “Rossiya” mehmanxanasında yerbəyer olundular, həyat yoldaşımla məni isə “Yunost” mehmanxanasına göndərdilər) qurultay günləri maraqlı keçirdi və demək olar ki, bütün tədbirlərdə də Yusif müəllimlə görüşürdüm.

Bir gün necə oldusa birbaşa tədbir yerinə deyil, Moskva çayının sahiliylə “Rossiya”ya yollandım. Yusif müəllimin qaldığı nömrəyə yetişəndə məlum oldu ki, tədbir çoxdan başlanıb, bizim nümayəndələr də artıq “hadisə yerində”dirlər. Oturub çay içdik, ordan-burdan danışdıq; xudahafizləşmək məqamı yetişəndə Yusif müəllim əlini cibinə salıb pul çıxardı, “Zəhmət olmasa, bufetə get, bizim üçün ayrılan limit hesabına şirniyyat payımızı al, gətir” dedi.

Pay da nə olsa yaxşıdır? – adambaşına 7,5 kilo olmaqla indiki nəslin nəinki dadını, heç adını da bilmədiyi məşhur Moskva karamelləri: “Snejok”, “Meçta”, “Qrilyaj”, “Mumu” və başqaları…

Hərəsindən iki pay çəkdirib Yusif müəllim verdiyi pulnan ödədim. Nömrəyə qayıdanda gözləmədiyim halda Yusif müəllim dedi: “Bir pay mənim, bir pay da sənin… Zəhmətdən keçib daha, birtəhər apar…”

Pulunu götürmədi, mən də inad eləmədim…

“Gənclər”dən getmək istəmirdim, ancaq partiya Mərkəzi Komitəsindən səlahiyyət sahibinin konkret göstərişi əsas rol oynadı: “Getsin “Kommunist”ə, orda şöbə müdiri işləsin, indiki yerini də boşaltsın filankəs üçün. Getməsə, əmrini verin, atın bayıra!..”.

Üst-üstə 13 il ərzində qüsursuz işlədiyimə, sovet dövrünün çox nüfuzlu “Qızıl qələm” mükafatına, jurnalist kollektivlərinə nadir hallarda ayrılan “Sosializm yarışının qalibi” döş nişanına, SSRİ və Azərbaycan komsomolunun qeyri-istehsal sahələri, xüsusən də ideoloji sahə işçilərinə xəsisliklə verdikləri fəxri fərman və diplomlara, respublika daxilində bir neçə yaradıcılıq müsabiqəsində birinci yerə layiq görülməyimə, ölkə jurnalistlərinin bir neçə genişmiqyaslı məclislərində azərbaycanlı qələm sahiblərindən ibarət nümayəndə heyətlərinə başçılıq eləməyimə, elə çalışdığım qəzetin rəhbərliyinin təqdimatı və göndərişi ilə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirməyimə əsla məhəl qoymadan, gedib-getməməyi istəyib-istəmədiyimi də soruşmadan yuxarıdan gələn göstərişlə razılaşdığına görə incidim Yusif müəllimdən – məni müdafiə eləmədi.

Əslində, o, qeyri-adi bir iş görməmişdi – “rəhbər partiya göstərişi”ni vicdanla yerinə yetirmişdi. Belədə incikliyə əsas da yox idi. Amma mən…

Bu inciklik qəlbimdə uzun müddət yaşadı, telefon səviyyəsində ara-sıra görüşlərimiz olsa da. Amma 2009-cu ilin oktyabrında Neftçilər Xəstəxanasının ürək-damar cərrahiyyəsi bölməsində üz-üzə gəlməyimizi heç unutmaram: həmişə şıq geyimdə, vücudunu şax görməyə adət elədiyim Yusif müəllimi sınıxmış, öz dünyasında gördüm: mənim yerliçiliyə əsaslanaraq iş otağının qapısını şəstlə açdığım baş cərrah Rəşad Mahmudovun qəbuluna gəlmişdi – yəqin ki, kiminsə tapşırığı ilə. Sağ əli ürəyinin üstündəydi, mənsə növbəti məsləhət-məşvərətə gəlmişdim. Keçmiş redaktorumu elə dəhlizdə, gözləyənlərin arasındaca qoyub baş cərrahın yanına keçdim. Baş cərrahın otağını tərk eləyəndə isə Yusif müəllimi dəhlizdə, ümumiyyətlə xəstəxanada görmədim…

Bir də təxminən 6 il 6 ay sonra bizim evimizdə görüşdük: Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri olan Yusif Kərimov sanballı bir dəstəylə – Mətbuat Şurasının sədri, o vaxt Milli Məclisin deputatı olan Əflatun Amaşov və Ahıl Jurnalistlər Məclisi üzrə sirdaşları Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rafiq Salmanovla birlikdə mənə – yataq xəstəsinə baş çəkməyə gəlmişdilər.

Aprel ayının axır günlərindən biriydi, çöldə “tut ucundan göyə çıx” tipli yağış yağırdı. Təxminən iki saat oturdular; yada düşdü xatirələr… Mən danışmağa heç kimə aman vermədim. İndi ona sevinirəm ki, bu müddət ərzində Yusif müəllimlə bağlı yadımda qalan bütün unudulmaz xatirələri alababat şəkildə yada salmağa imkan tapdım…

Amma onun vida məclislərində xəstəliyimin ucbatından iştirak edə bilmədim…

***

89-cu ildə məzuniyyət müddətim avqustun 4-də bitdi. Ertəsi gün səhər Cəmil müəllim Əlibəyov və müavinlərinin iştirakı ilə növbəti nömrəni planlaşdırdıqdan sonra redaktor dedi: “Bu gün siyahını hazırlayın, günün sonunacan göndərməliyik Mərkəzi Komitəyə”.

Məzahir Süleymanzadə qayıtdı ki, siyahı hazırdır, bircə sizin baxmağınız qalıb…

Məzahir yazılı bir vərəqi gətirdi; Cəmil müəllim qələmi əlinə alıb oxumağa başladı: “Əməkdar incəsənət xadimi” – Əfqan Əsgərov, şöbə müdiri. Bu hə… “Əməkdar jurnalist”… Yox, bunlar yaramaz, – o, məhz belə də dedi və Məzahirin yazdığı iki ad-soyadı sildi, öz dəst-xətti ilə yazdı: “Zeynalov Hidayət, baş müxbir; Əliyev Musa, baş müxbir”. Mən etik mülahizələrə görə Cəmil müəllimin ad-soyadını sildiklərini burada göstərmirəm; əvvəla, onların hər ikisi indi haqq dünyasındadır, ikincisi, onlar düz dörd ay əvvəl – Mətbuat Günü ərəfəsində Məzahirin nəzərdə tutduğu “Əməkdar jurnalist” adına layiq görülmüşdülər. Elə isə bəs Məzahir onları təzədən niyə bu ada namizəd kimi göstərmişdi? Onların fəxri ad alması yadıma gəlmir, Məzahir də üstündən 30 il ötəndən sonra “niyə” sualına cavab verə bilmədi.

Buradaca iki məqamı da qeyd etməliyəm. Birincisi odur ki, Cəmil müəllim redaktor gələnəcən adları çəkilənlərin hər ikisi şöbə müdiriydi: Hidayət müəllim daxili xəbərlər şöbəsinə, Musa müəllim isə kənd təsərrüfatı şöbələrinə başçılıq edirdilər və insafən də pis işləmirdilər, daha doğrusu, qəzetin hər nömrəsində iştirak edirdilər. Musa müəllimdən fərqli olaraq Hidayət müəllim təkcə özünün imzası ilə dərc etdirdiyi yazılar üçün deyil, həm də şöbənin adından təqdim etdiyi hər bir yazının çapı üçün əsirdi.

Cəmil müəllim redaktor gələndə özü ilə gətirdiyi yerlisi, “Sovet kəndi” qəzetindən tanıdığı şair-jurnalist Vaqif Quliyevi (Bəhmənlini) kənd təsərrüfatı şöbəsinə müdir təyin elədi, daxili xəbərlər şöbəsini isə – olmamış kimi – tamam-kamal ləğv etdi. Müdirlərin heç biri buna etiraz etmədi – o vaxt da pensiya yaşına çatanları sorğu-sualsız “doğrayıb ulduz qayırırdılar”.

Hidayət müəllim elə əvvəl oturduğu otaqda – məsul katibin, yəni bəndənizin otağı ilə üzbəüzdə oturmaqda davam edirdi və bir dəfə xəlvətə salıb təklikdə mənə bildirdi ki, Cəmil müəllimin bu hərəkəti təsadüfi deyil: təxminən 30 il qabaq “Kommunist”in o vaxtkı redaktoru – indiki redaktorun qayınatası İsrafil Nəzərov da belə bir iş tutubmuş, Cəmil müəllim də guya bu köhnə münaqişəni davam etdiribmiş.

Təbii ki, mən bunu dəqiqləşdirən deyildim və istəsəm də bacarmayacaqdım. Ancaq indi – fəxri adı almaq üçün təqdim olunanların sırasına redaktorluqdan heç kimlə məsləhətləşmədən Hidayət müəllimi daxil etməsi ya deyilən söhbətin əsassızlığını, ya da Cəmil müəllimin köhnə palaz içi qurdalamaq niyyətində olmadığını sübut edirdi.

Siyahıda sonrakı bölməyə Cəmil müəllim əl vurmadı – “Əməkdar təbliğatçı” adına bircə namizəd vardı: təbliğat və təşviqat şöbəsinin müdiri Telman Heydərov.

Daha sonra “Əməkdar mədəniyyət işçisi” bölməsi gəlirdi. Bu bölmədə ilk iki ad-soyadı silib yazdı: Şakir Yaqubov. Sonra bu yazılışa da düzəliş eləyib əsl kargüzarlıq qaydasınca yazdı: Yaqubov Şakir…

“Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı” bölməsindən iki nəfərin ad-soyadını silib dörd ad-soyadı əlavə etdi: Sultanov Ziyəddin, mətbəə işçisi Əliyev Xanlar, Məmmədov Piri və Sadıqova Flora…

Redaktor müavinləri elə əvvəldən siyahıda vardı…

Fərman 89-cu il sentyabrın 1-də verildi; redaksiyanın təqdimatından bircə fərqlə: “Əməkdar mədəniyyət işçisi” adını almağa təqdim edilən İlham Rəhimliyə “Əməkdar incəsənət xadimi” adı verilmişdi – o vaxt bunu Azdramanın direktoru Həsənağa Turabovla respublikanın birinci şəxsi Əbdürrəhman Vəzirovun yaxın münasibətlərinin nəticəsi kimi təqdim edirdilər. Amma insafən, İlham dostsuz-tanışsız da “Əməkdar incəsənət xadimi” adına layiq idi…

Mükafatların təqdim edilməsi düz 8 aydan sonra baş tutdu: 90-cı il mayın 4-də Ali Sovetin binasında keçirilən mərasimə Telman Heydərov istisna olmaqla “Kommunist”dən bütün mükafatçılar gəlmişdilər – Telman müəllimin olmamasını onun layiq görüldüyü fəxri ada etirazı kimi izah edirdilər. Təqdimetmə mərasimində o vaxt hələ prezident olmayan MK-nın birinci katibi Ayaz Mütəllibov və Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira xanım Qafarova da iştirak edirdilər.

Oradan birbaşa nəşriyyatın mətbəəsinə gəldim – qəzetin növbəti nömrəsini hazırlamaq lazım idi. Mayın 5-i nömrəsində mənim “Bu da “tayfa oyunu”durmu?!.” sərlövhəli yazım gedirdi. İlk dəfə həmin yazını “Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi” tituluyla imzalamışdım; bu, hətta bəzi tanışları da çaşdırmışdı.

Məsələ bundaydı ki, məqalə Heydər Əliyevin İttifaq mediasında başlanmış və davam etməkdə olan qaralama kampaniyasının ifşasına həsr olunmuşdu; dolayısıyla bu, 7-8 ildən sonra Azərbaycan mətbuatında Əliyevin reabilitasiyası idi. Akademik Cəlal Əliyev redaktor əvəzi Rəfail Nağıyevə zəng vuraraq müəllifin kimliyi ilə maraqlanmış və onu evinə – hətta nahara dəvət etmişdi.

Məşhur jurnalist Nəriman Həsənəliyev isə daha irəli getmişdi və mən “Yaddaşımın küncündən…” kitabımda bu barədə belə yazmışdım: “…Məqalə qəzetdə dərc olunduqdan təxminən bir həftə sonra – mayın ortalarında Nəriman əlindəki içidolu yekə çantayla, tövşüyə-tövşüyə yanıma, redaksiyaya gəldi. Otağa girib nəfəsini dərməmiş, salamsız-kəlamsız, hər kəlməni adət elədiyi gülüş içində boğaraq dedi:

– Bu dəqiqə Moskvadan gəlirəm. Canım üçün, məqaləndən düz bir meşok… – o, sanki daha yaxşı başa düşəcəyimiz bir dildə məhz belə söylədi, – Barvixaya, Heydər Əliyeviçə aparmışdım. Ləzzətnən oxudu, kef elədi…”

“Əməkdar mədəniyyət işçisi” adına ikinci dəfə 2005-ci ildə layiq görüldüm. Azərbaycan Jurnalistikası Günü ərəfəsində Prezident Administrasiyasından zəng vurub “o oğlan”ı təqdim eləmək lazım gəldiyini bildirmişdilər: “o oğlan” da kim ola, ilin əvvəlində Beynəlxalq Mətbuat Mərkəzində professor Vahid Novruzovun yenicə çapdan çıxmış kitabını təqdim edən ön sözün müəllifi…

İyulun 21-də “Gülüstan” sarayında, prezidentin iştirakıyla müvafiq sərəncamlar oxunanda məlum oldu ki, yenə “Əməkdar mədəniyyət işçisi”yəm…

Düzü, bundan pəjmürdə olsam da əlim bir yana çatmadı. Hətta ertəsi gün təbrik eləmək üçün zəng vuran hökumət dairələrinə yaxın adam – Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Elmi-Redaksiya Şurasının sədri, akademik Asəf Nadirov məsələnin belə qəliz olduğunu biləndə müvafiq instansiyalara müraciət eləmək üçün icazə istəyəndə ona da “yox” dedim və bununla da sanki özümə yeni bir problem açdım.

Odu-budu, titulumu “iki dəfə…” kəlmələri ilə yazmağıma baxmayaraq, demək olar ki, heç yerdə və heç kəs bunun belə getməsinə imkan vermir, “niyə”sinə min-bir səbəb göstərirlər.

Amma mən həqiqətən iki dəfə “Əməkdar mədəniyyət işçisiyəm”…

2020-ci ilin yazı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !