Azərbaycanlıları evlərini müftəcə ermənilərə verməyə məcbur edirdilər -

Azərbaycanlıları evlərini müftəcə ermənilərə verməyə məcbur edirdilər

SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarı, deportasiyanın həyata keçirildiyi başlıca sənəd oldu.
Üç aydan sonra qəbul edilmiş digər, daha müfəssəl sənəd-İttifaq Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqında” 10 mart 1948-ci il tarixli qərarı “baş” qərara bir sıra düzəlişlər etdi.
23 dekabr 1947-ci il tarixli qərarın mətnində mənzil məsələsinə toxunulmur. Yalnız axırıncı bənddə deyilir: “Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaldılmış tikililərini və yaşayış evlərini Ermənistan SSR-ə gələn xarici ermənilərin yerləşdirilməsi üçün istifadə etsin”. Buradan aydın olur ki, köçürülən azərbaycanlılara öz şəxsi evlərini, malikanələrini satmağa, yaxud evin materiallarını yeni yerə daşımağa, yaxud hansısa yolla bundan istifadə etməyə icazə verilmirdi.
Tezlilklə məhz bu bənd münaqişə və mübahisələrə səbəb oldu. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin Ermənistandakı nümayəndəsi M.Məmmədovun Azərbaycan SSR K(b)P MK-nın birinci katibi M.C.Bağırova ünvanlanmış 12 aprel 1948-ci il tarixli məktubunda deyilirdi: “Onlar (köçürülən azərbaycanlılar-B.N.) İlk növbədə öz daşınmaz əmlaklarını (evlərini) satmaq istərdilər. Bu məsələdə böyük çətinliklərlə üzləşirik… Hər gün bir çox kolxozçular mənə müraciət edib bildirirlər ki, kəndin rəhbər işçiləri (xüsusilə kolxoz sədrləri) kömək etmək əvəzinə, onlara müxtəlif əngəllər törədirlər. Belə ki, məsələn, Artaşen rayonunun Zovaşen və Varteraşen kəndlərində və Zəngibasar rayonunun Koyqunbat kəndində köçkün azərbaycanlılar öz evlərini alıcılara satmaq üçün sövdələşmiş, lakin kolxoz sədri bunu bilən kimi azərbaycanlılara öz evlərini qonşu kəndlərin vətəndaşlarına satmağı qadağan etmişdir (məndə bu kəndlərin sakinləri adından kollektiv ərizələr vardır)”.
Daha sonra göstərilirdi ki, bir çox yerevanlı azərbaycanlılar (şəhər kənarındakı Yerevan kolxozunun əməkçiləri) Yerevan şəhərində onların sərəncamında olan mənzilləri Azərbaycan şəhərlərində yaşayan sakikinlərlə dəyişdirmək məsələsini qoyurlar: “bu məsələ… azərbaycanlıların köçürülməsi haqqındakı problemin uğurlu həllində həlledici faktordur”.
M.Məmmədov Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi kimi, heç şübhəsiz ki, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarının mətni ilə yaxşı tanış idi və bilirdi ki, qərarın 2-ci bəndində köçürülən azərbaycanlı əhalinin tikililərinin və yaşayış evlərinin Ermənistan SSR-ə köçüb gələn xaricdən olan ermənilərin istifadəsinə verilməsi haqqında birbaşa göstəriş vardır. Görünür o, yuxarı instansiyalara müraciət etməklə, hər tərəfdən üstünə yağan sorğu, şikayət və iddia ərizələrindən özünü “sığortalamaq” istəyirdi. Hər necə olsa da, bir şey apaydın idi: insanları küçəyə qovalayır, öz əlləri ilə tikdikləri, yaxud dədə-babalardan yadigar qalmış evlərini elə-belə, müftəcə ermənilərə verməyə məcbur edirdilər, nə var-nə var ki, onlar erməni idilər! Bu, nə qədər qəribə, inanılmaz səslənsə də, sərt gerçəklik və acısı hələ də qəlblərdən silinməmiş bir həqiqət idi. Köçürülən azərbaycanlılara hər şeyi lap əvvəldən, heç vaxt öz doğma ocaqları olmayıbmış kimi quruca yerdən başlamaq təklif olunurdu.
B.Nəcəfov “Deportasiya”. III hissə, Bakı, “Çaşıoğlu”, 2006 kitabından 1905.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !