İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır - Deputat -

“İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır” - Deputat

“Bu necə gizli sazişdir ki, dövlət informasiya agentlikləri bu barədə informasiya yayıb, jurnalistlərin iştirakı ilə Milli Məclisdə sazişin geniş müzakirəsi aparılıb. Din pərdəsi altında səfərbər edilmiş, İran mollalarının əlini öpən radikallarla da Milli Şurada mən əməkdaşlıq etmirəm”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 2016-cı ildə İranla “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair imzalanmış müqavilənin Milli Məclisdə təsdiqlənməsinə dair Milli Şuranın bu istiqamətdə geniş kampaniya başladılması məsələsinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, mətbuata ilk belə bir informasiya ötürüldü ki, İran Araz çayı üzərindən işğal olunmuş ərazilərə 4 körpü salıb:
“Sonradan informasiya yayıldı ki, bu körpülər Azərbaycan hökuməti ilə imzalanmış saziş əsasında salınıb. Bu həm də o ərəfəyə təsadüf etdi ki, İran yük avtomobillərinin Xankəndinə yanacaq daşımasına dair video kadrlaryayımlanmışdı. Cəmiyyət haqlı olaraq buna ciddi etiraz etdi. Amma sonradan aydın oldu ki, söhbət 2016-cı ildə imzalanmış sazişdən gedir və orada İran tərəfindən işğal olunmuş ərazilərə körpü salınmasından yox, Araz çayı üzərində su qovşaqlarının və elektrik stansiyalarının tikintisindən gedir. Həmin sazişin milli və dövlət maraqlarına cavab verməməsi, gizli imzalanması və ratifikasiya olunması barədə deyilənlər isə sadəcə cəfəngiyyatdır. Bu necə gizli sazişdir ki, dövlət informasiya agentlikləri bu barədə informasiya yayıb, jurnalistlərin iştirakı ilə Milli Məclisdə sazişin geniş müzakirəsi aparılıb. Sadəcə həmin ərəfədə Sazişin pislənməsinə dair tapşırıq almadıqları üçün susmuşdular. İndi isə fit çalınıb və hücum əmri verilib. Ən azından mənim Sazişlə bağlı çıxışım mətbuatda dərc olunub. Necə olur ki, özgə vaxtlarda ağzımdan çıxan hər söz geniş təftiş olunduğu halda Sazişin müzakirəsi zamanı İranın Azərbaycana yönələn dost olmayan siyasətini kəskin tənqid etdiyim həmin çıxış onların diqqətindən qaçıb?!”
Qüdrət Həsənquliyev Zahid Oruc, Fazil Mustafa və digər deputat həmkarlarının bu barədə danışdığını da vurğulayıb:
“Onlar da İranın Azərbaycana yönəlik siyasətini pisləyib, amma sazişin milli maraqlara cavab verdiyini söyləyiblər. Əli Kərimli utanmadan deyir ki, parlamentdə müxalifət olmadığı üçün ictimaiyyət bundan xəbər tutmayıb. Əli Kərimli Qənimət Zahidi İrana, ardınca Rusiyaya xüsusi missiya ilə göndərəndə mən İranın Ermənistanla qardaşlaşma siyasətini kəskin tənqid edirdim. Mənim İranla bağlı verdiyim açıqlamaları və Əli Kərimlinin İranla bağlı açıqlamalarını (əgər tapsanız) müqayisə edin, hər şey aydın olacaq. Din pərdəsi altında səfərbər edilmiş, İran mollalarının əlini öpən radikallarla da Milli Şurada mən əməkdaşlıq etmirəm. Saziş milli və dövlət maraqlarına cavab verdiyi üçün ona səs vermişəm. Bu gün onu tənqid edənlər də bunun belə olduğunu bilir. Yoxsa o zaman bu fürsəti əldən verməzdilər. Əli Kərimli, Cəmil Həsənli, onlara “ləbbeyk” deyənlər anlamalıdırlar ki, siyasət mümkün olanı gercəkləşdirmək bacarığıdır. Biz “arxalı köpək olan” 3 milyonluq Ermənistanın əlində əsir-yesir olmuşuq. Torpaqlarımızı 30 ildir işğaldan azad edə bilmirik. Sabah 80 milyonluq İran bizim icazəmiz olmadan tikintini davam etdirsəydi nə edəcəkdik? Kimə şikayət edib ondan kömək istəyəcəkdik? Qarabağla əlaqədar tualet kağızı qədər dəyəri olmayan 4 qətnamə qəbul etmiş BMT-dən? Bundan başqa əgər özümüz həmin ərazidə sudan istifadə edə bilmiriksə qonşunun (həm də bizlərdən birinin) həmin suya ciddi ehtiyacı olduğu halda necə deyə bilərik ki, sən də istifadə etmə. Budurmu beynəlxalq münasibətlərdə konstruktiv davranış? İkincisi, İranda bu sudan istifadə edəcək şəxslər bizim soydaşlarımızdır. Əgər onlar orda su çatışmamazlığından əziyyət çəkirsə, bu bizi də narahat etməlidir. Əgər su qovşağına texniki xidmət üçün çəkilmiş, yaxud çəkiləcək körpüdən İran işğalçı rejimə yük daşıyacaqsa bu, sazişin pozulması olacaq və o halda Azərbaycan İrana öz etirazını bildirməlidir". modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !