Pakistan in the World jurnalında Şuşanın işğalının 28-ci ili ilə bağlı məqalə dərc olunmuşdur - (+FOTO=4)

“Pakistan in the World” jurnalında Şuşanın işğalının 28-ci ili ilə bağlı məqalə dərc olunmuşdur (+FOTO=4)

Pakistanda nəşr edilən “Pakistan in the World” jurnalının internet səhifəsində, həmçinin “NN Urdu” veb səhifəsinin ingilis dili versiyasında “Şuşa – Qafqaz sivilizasiyasının incisi. İşğalın 28-ci ili” adlı məqalə dərc olunmuşdur.

Məqalədə XX əsrin əvvəllərində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladıqları, erməni şovinistlərinin bu siyasətinin 80-ci illərin sonlarında da davam etdiyi, Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrinə yeni iddialar irəli sürüldüyü ilə bağlı məlumat verilir. Nəticədə, bu iddiaların geniş miqyaslı müharibəyə gətirib çıxardığı, Azərbaycan ərazilərinin, o cümlədən 1992-ci il may ayının 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edildiyi bildirilir. Müəllif Şuşanın işğalı zamanı 480 nəfər mülki əhalinin öldürüldüyünü, 600 nəfərin yaralandığını, 552 uşağın yetim qaldığını, 25 mindən çox insanın məcburi köçkünə çevrildiyini də qeyd edir.

Məqalədə, Şuşanın Azəri-müsəlman irsinə məxsus olan Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, X.Natəvanın evi, M.P.Vaqifin türbəsi və digər çox sayda tarixi abidənin dağıdıldığı, muzeylərin, kitabxanaların yandırıldığı, Qafqazın qədim mədəniyyət mərkəzinin erməni vandalizminin qurbanına çevrildiyivurğulanır.

Müəllif hazırda işğal altında olan ərazilərdən ermənilər tərəfindən qeyri-qanuni silah və narkotik qaçaqmalçılığı məqsədilə də istifadə edildiyini və nəticədə, işğal olunmuş ərazilərin yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhdidə çevrildiyini diqqətə çatdırır.

Məqalənin sonunda, Azərbaycan xalqının erməni işğalçılarının onlara verdiyi iztirab və ağrını heç vaxt unutmayacağını, bu iztirabın yalnız ölkənin ürəyi olan Qarabağın və onun mirvarisi – Şuşanın işğaldan azad ediləcəyi gün sona çatacağı vurğulanır.


https://pakistanintheworld.pk/live/shusha-the-pearl-of-the-caucasian-civilization-28-years-of-occupation/

http://english.nnurdu.com/2020/05/09/shusha-the-pearl-of-the-caucasian-civilization-28-years-of-occupation/
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !