Lüks həyat yaşan Səbinə 190 manat yardım aldı, onu qınayanları təhqir etdi: Dövlət də, mən də sizin… - (VİDEO+FOTO=12)

Lüks həyat yaşan Səbinə 190 manat yardım aldı, onu qınayanları təhqir etdi: “Dövlət də, mən də sizin…” (VİDEO+FOTO=12)

Məşhurlaşan Səbinə Kətanova adlı bloger xanımın paylaşımı qalmaqal yaradıb. Buna səbəb isə, onun 190 manat yardım alanlar siyahısında adının olmasıdır.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Bu yardım günlərdir ki, müzakirə olunur, qaydaları tənqid edilir, yardım ala bilməyənlər etiraz edirlər.
S.Kətanovanın (Sabina Katanova) isə yardım alması haqlı olaraq çoxlarında qıcıq doğurub. Buna səbəb isə, blogerin lüks yaşayış tərzinin, bahalı avtomobilinin olmasıdır. Belə bir şəxsin yardım alanlar sırasında olması, ehtiyacı olan vətəndaşların isə müxtəlif səbəblərdən yardımdan kənarda qalması maraq doğurur.
Blogerin yardım almasının səbəbi onun rəsmi olaraq işsiz olması və idarə etdiyi bahalı avtomobilin öz adına olmaması ilə bağlı olma ehtimalı da var. Amma hər bir halda 190 manat yardıma ehtiyacı olmayan şəxslərin yardım üçün müraciət etməsi də cəmiyyətdə narazılıq doğurur.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib:
“Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır.
Bununla əlaqədar bildirirəm ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.
Ödəmə alanların siyahısının nazirlik tərəfindən açıqlanması da elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.
S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq”.
S.Kətanova onu ehtiyacı olmadığı halda yardım aldığına görə tənqid edənləri təhqir etməkdən belə çəkinməyib. Həmin görüntüləri senzuralanmış halda təqdim edirik:
minval.info 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !