"Mənim günahım" tamaşası - (videoçəkilişi) canlı

"Mənim günahım" tamaşası (videoçəkilişi) canlı

15 May saat 18:00-da Akademik Musiqili Teatrın rəsmi "facebook" səhifəsində "Mənim günahım" tamaşası (videoçəkilişi) canlı yayım vasitəsilə nümayiş olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında özünəməxsus yer tutan "Mənim günahım" tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilib.

Tamaşada ölməz sənətkar Qara Qarayevin "Yeddi gözəl” baletindən və onun digər əbədiyaşar musiqilərindən istifadə edilib. Sevgi haqqında pritça olan balet-tamaşanın ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Tamaşada Nurcahan rolunu, Prezident mükafatçısı, Əməkdar artist Nərgiz Kərimova ifa edib. Tamaşada digər rolları Əməkdar Artist İlham Hüseynov (Sahib) və balet artisti Mələk Səfərova (Ayqız) ifa ediblər. Səhnə əsərinin dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Əməkdar artist Yelena Ağayeva, quruluşçu rəssam Elnur Axundov, konsertmeyster Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Qeyd edək ki, tamaşanın premyerası 5 fevral 2017-ci ildə oynanılmışdır.

Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkçə ömür -gün yoldaşına deyil, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir...
Nurcahan səhnəyə yenicə qədəm qoyan gənc qızın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü Ayqıza zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən çox peşman olur və bu mənəvi əzabını çəkir...

Sənət yarandığı gündən indiyə qədər bu mövzu həmişə aktual olub və həmişə də aktual olacaq...

 

https://www.facebook.com/akademikmusteatr/

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !