Nazir Əbülfəs Qarayevi nə gözləyir? -

Nazir Əbülfəs Qarayevi nə gözləyir?

Qaraqabaq nazirin qara fəaliyyətindən artıq hamı danışmağa başladı...
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) neçə gün əvvəl Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində saxlanılanlar var.

Nazirliyin bir qrup vəzifəli şəxslərinin saxlanılması bəzi məsələləri gündəmə gətirib. İşi-gücü fəxri adların satışı olan bu nazirliyin mədəniyyətimizə töhfəsini dəqiq bilən yoxdur. Mədəniyyət işçiləri öz başını saxlamaqda və qalmaqallarda ikən, nazirin barəsində maraqlı faktlar üzə çıxır. Məsələn, hələ 2013-cü ildə Bakıya gələn məşhur fransız aktyoru Jerar Depardye Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündən sonra onun olduğu evini belə təsvir etmişdi: “Mən nazir Əbülfəs Qarayevlə onun dəniz yaxınlığındakı evində görüşdüm. Onun sahildəki evi əsl incəsənət nümunəsidi. Mən həmçinin muzeylərə, bir sıra yeni tikililərə getdim. Azərbaycan barədə çox yaxşı təəssüratlar topladım”. Bu da bizim qaraqabaq nazirimiz...
Nazirlikdə fəxri adlar satışı və...
Dövlət Təhlükəsizliyi Xidməti bir neçə gün əvvəl Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib və bir sıra yüksək vəzifəli şəxsləri həbs edib. Həbs olunanlar arasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da var. Yüksək vəzifəli şəxslərin nədə ittiham olunduğu barədə hələ rəsmi məlumat verilməsə də, jurnalistlər həbslərin arxasında korrupsiyanın dayandığını bildirirlər. Azərbaycanda Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunduqdan sonra nazir Əbülfəs Qarayevin özünün korrupsiya və cinayətləri barədə daha ucadan danışmağa başladılar. Əvvəllər bu barədə daha çox jurnalistlər və ekspertlər danışırdılarsa, indi Milli Məclisin deputatları da naziri açıq şəkildə ittiham edirlər. Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində Azərbaycan mədəniyyətinin məhv edilməsinin arxasında Əbülfəs Qarayev dayanır: “Yeni çağırış Milli Məclis formalaşanda mən Mədəniyyət komitəsinin sədr müavini seçildim. Və ilk iş günlərindən bu sahədəki vəziyyətin təfərrüatlarını anlamağa çalışdım. Qarşımda acınacaqlı bir mənzərə açıldı. Məsələn, ölkədə film istehsalı sektoru tamamilə çöküb. Müstəqillik illərində Sovet dövründə çəkilmiş filmlərlə müqayisə ediləcək bircə film də çəkə bilməmişik. Pul çatışmazlığı səbəbindən bir çox mütəxəssislər kino sənayesini tərk edib. İstintaq aparılsa, məlum olar ki, dövlət tərəfindən kinoya ayrılan bütün vəsaitin 50-60% -i bu sahəyə çatmayıb və mənimsənilib. Kinostudiyanın binasında təmir işlərinə başlanılıb, lakin heç vaxt tamamlanmayıb. Mədəniyyət Nazirliyinin rəsmiləri kinostudiyanın balansında olan 5 hektar ərazini satıblar. Kino sənayesi işçilərinə xidmət edən binalar da özəl şirkətlərə verilib”.
Millət vəkili ölkədə kitabxanaların acınacaqlı vəziyyətini də qeyd edib. Deputatın sözlərinə görə, kitabxana binalarının əksəriyyəti yeni binaların inşası üçün sökülüb. Bu sahə çox acınacaqlı vəziyyətdədir və kitabxana işçiləri ölkədə ən az maaş alan insanlardır: “Mədəniyyət Nazirliyindəki yoxlamaların və korrupsioner məmurların həbsinin hansı mərhələdə başa çatacağını bilmirəm. Yalnız onu bilirəm ki, Əbülfəs Qarayevin əlindən azad olunmayana qədər Azərbaycanın mədəniyyət sahəsində heç bir inkişaf olmayacaq”.
Milli Məclisin digər üzvü Elman Məmmədov da Əbülfəs Qarayevin nazirlikdə çiçəklənən korrupsiyadan xəbərsiz ola bilməyəcəyini söyləyib. “Əbülfəs Qarayev 20 ildən artıqdır ki, nazirliyə rəhbərlik edir. Necə ola bilər ki, bütün bu illər ərzində tabeçiliyində olanlar çirkli işlərlə məşğul olublar, nazir isə bilməyib? Hər şeyi çox yaxşı bilirdi”, - deyə o vurğulayıb.
Öz növbəsində, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin üzvü Sabir Hacıyev hesab edir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki həbslər çirkli əməllərini tərgitmək istəməyən məmurlar üçün bir siqnaldır: “Qəribədir ki, baş verənlərdən heç bir ibrət götürməyən məmurlar var. Onlar bilməlidirlər ki, artıq toxunulmazlar yoxdur. İnanıram ki, dövlət idarəçiliyindəki neqativ hallara qarşı mübarizə davam etdiriləcək”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə deyib ki, “Əbülfəs Qarayevin azadlıqda gəzməsi özü bütün Azərbaycan xalqına təhqirdir”. “Mən Əbülfəs Qarayevlə komsomolda işləmişəm və onu çox yaxşı tanıyıram. O heç də özünü qələmə vermək istədiyi adam deyil. Mədəniyyət Nazirliyindəki bütün cinayətlərin arxasında Əbülfəs Qarayev dayanır. Onun dövlətdən və xalqdan oğurladığı bütün pullar geri qaytarılmalıdır”,-deyə partiya sədri vurğulayıb.
Mədəniyyət nazirliyində tikinti biznesi?
Bir neçə gün əvvəl həbs olunan və vəzifəsindən kənarlaşdırılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun törətdiyi əməllərin bir hissəsinin təfərrüatı məlum olub. Z.Sultanov nazirliyin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur. Məlumata görə, Z.Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan “şapka” alıb. Z.Sultanov özünü təqsirli bilərək qeyd edilən pulları aldığını etiraf edib. İddiaya görə, Zakir Sultanov Mədəniyyət nazirliyinin saytının yenidən hazırlanması və reklam olunması üçün bir şirkətlə təxminən 20 min manatlıq müqavilə imzalayıb. Z.Sultanov şirkət rəhbərindən həmin pulun 1000 manatını geri alaraq mənimsəyib. Bundan başqa, Bozalqanlı adına Aşıq Sənət Muzeyinin tikintisinə 5,8 milyon manat ayrılıb. Z.Sultanov tikintini həyata keçirəcək şəxsdən 100 min manatdan çox “şapka” alaraq mənimsəyib. Tovuz rayon Mədəniyyət Evinin yenidən tikintisinə ayrılan 5,4 milyon manatdan isə Z.Sultanova 50 min manata “pay” verilib.
Z.Sultanovun “şapka” kimi aldığı ən böyük məbləğ isə İrəvan Dram Teatrının tikintisinə ayrılan puldan olub. Dövlət büdcəsindən bu iş üçün ayrılan 11 milyon manatdan 200 min manatı tikintini həyata keçirən şirkət tərəfindən Zakir Sultanova qaytarılıb.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Mədəniyyət naziri ən azı siyasi məsuliyyətə görə istefa verməlidir”.
Bunu isə iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hökumət, dövlət işində qərarverənlər ən azı, siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar: “Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir, nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi “multfilm”ə çevirməyin. Əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa, lap pis. Deməli, bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli, sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır”. www.tezadlar.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !