Ucarın Nika komandası birinci oldu - - FOTO

Ucarın “Nika” komandası birinci oldu - FOTO

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Fibonacci Games”-in birgə təşkilatçılığı ilə 14 may 2020-ci il tarixdə gənclər arasında “Fors-major hallarda biznes proseslərinin optimallaşdırılması” adlı biznes-simulyasiya yarışı keçirilib.

Biznes-simulyasiya “praktiki təhsil” konsepsiyası modelidir və qeyri-formal təhsil metoduna əsaslanır. Simulyasiya oyununda bazar iqtisadiyyatına aid real situasiyalar modelləşdirilir və iştirakçılara: müddət, qiymət, risk və qərarların qəbul etmək bacarıqları öyrədilir.

Yarışda iştirak etmiş 19 komandanın hər biri eyni virtual biznes şəraitində fəaliyyət göstərən şirkətlər kimi çıxış ediblər. Virtual regionda son bir neçə ay ərzində kənd təsərrüfatı məhsullarının istehsalının maya dəyəri, satış qiyməti və həcmi göstərilib. Komandalar pandemiyadan əvvəl, pandemiya zamanı və sonrası qiymət siyasətlərinə və biznes proseslərinə dəyişiklik etməklə məhsullarının satışını həyata keçiriblər. İştirakçıların verdikləri qərarlar öz göstəricilərinə və hər bir komandanın maliyyə balansına təsir edib.

Biznes-simulyasiya oyunu www.fibonaccigames.com saytında yayımlanan canlı video görüntü və müasir İKT proqramları vasitəsilə həyata keçirilib. İştirakçılar saytda həftəlik tapşırıqlarla və maliyyə xəbərləri ilə tanış olub, öz aralarında onlayn müzakirə aparıb və yekun biznes qərarlarını saytın elektron blanklarında doldurublar.

“Bilik və birlik” şüarı altında keçirilmiş oyunda Ucar rayonunu təmsil edən “Nika” komandası ən çox virtual gəlir əldə etmiş və qalib adını qazanmışdır.

Biznes-simulyasiya yarışı “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramı”nın 5.3.5 bəndinə (Gənclər arasında biznes fəaliyyətinə dair intellektual yarış və müsabiqələrin keçirilməsi) uyğun olaraq təşkil edilmişdir. Məqsəd – gənclərin iqtisadi biliklərinin artırılması və onlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədi ilə keçirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !