Musiqili Teatr Arif Quliyevin 70 yaşını təbrik etdi -

Musiqili Teatr Arif Quliyevin 70 yaşını təbrik etdi

Ömrünün yarım əsrdən çoxunu milli teatrımıza, səhnəyə həsr edən məşhur gülüş ustası, Respublikanın Xalq artisti, Prezident təqaüdçusu Arif Quliyevin 70 yaşı tamam olur.

Yubileyi münasibətilə onu tanınmış rejissor, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev başda olmaqla, Akademik Musiqili Teatrın bütün əməkdaşları təbrik edib.


"Arif Quliyev bizim üçün − xalqımız üçün doğma insandır. O, uzun illər Akademik Musiqili Teatrın səhnəsində bir-birindən gözəl rolları ilə, duzlu-məzəli yumorları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib.

Sənət fədaisi təkcə Musiqili Teatrın səhnəsində deyil, ölkəmizin müxtəlif teatrlarında da çalışıb, onlarla bədii və televiziya filmlərinə çəkilib. Televiziya tamaşalarının əsas qəhrəmanı olub. Özünəməxsus, təkrarsız yaradıcılıq yolu ilə çoxlarını sənətin cazibəsinə cəlb edib, hamı tərəfindən sevilib və rəğbətlə qarşılanıb. Həmişə sadəliyi və səmimiliyi ilə sevilən aktyor ölkəmizin ucqar bölgələrində zəhmətkeş insanlarla, hərbi hissələrimizdəki, cəbhə  xəttindəki əsgərlərimizlə görüşləri ilə hər zaman xalqa daha da yaxın olduğunu sübut edib. Biz də hər zaman belə görüşlərin şahidi olmuşuq... Çox təəssüf edirəm ki,  Arif müəllimin yubileyi planeti lərzəyə salan pandemiya dönəminə düşdü. İnanıram ki, tezliklə bu bəla dünyanın, eləcə də ölkəmizin başı üzərindən​ çəkiləcək və teatrlar öz fəaliyyətini bərpa edəcək. Yəqin ki, onda böyük gülüş ustasının 70 illik yubileyi də yüksək səviyyədə qeyd olunacaq.

Fürsətdən istifadə edib, sevimli aktyorumuzu kollektivimiz adından təbrik edirəm, can sağlığı, uzun ömür, bundan sonra da gülüş dolu gözəl həyat arzulayıram", − deyə Əliqismət Lalayev bildirdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !