Lənkəran teatrı Senemar tamaşasının onlayn nümayişini keçirəcək - +FOTO=6 (AZpress.AZ – Ağaddin Babayev)

Lənkəran teatrı “Senemar” tamaşasının onlayn nümayişini keçirəcək +FOTO=6 (AZpress.AZ – Ağaddin Babayev)

 Mayın 19-da saat 19.00-da Lənkəran Dövlət Dram Teatrı özünün rəsmi “Facebook” səhifəsində İran yazıçısı Bəhram Beyzayinin “Senemar” faciəsini canlı yayım vasitəsilə nümayiş etdirəcək.
AZ.press.AZ xəbər verir ki, tamaşada həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanının öz əyalətində tayı-bərabəri tapılmayan böyük bir saray tikdirmək arzusundan bəhs olunur. Bu məqsədlə o, Senemar adlı dünyaca məşhur memarı ölkəsinə dəvət edir. Senemar sultana söz verir ki, tikəcəyi saray hər kəsi təəccübləndirəcək. Nömanın ətrafındakı adamlar isə hər vasitə ilə memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah ona məxsus sarayın analoqu olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi saraydan yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur.
Səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Sayad Əliyev, Aynur Əhmədova və Emin Fərzullayev ifa ediblər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının truppası ötən il avqustun 14-dən 18-nə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş "Adət-Ənənə" Milli Teatr Festivalında “Senemar” tamaşası ilə iştirak edərək bu nüfuzlu sənət yarışmasının mükafatına layiq görülüb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !