İNSANLAR UZAQDAN XOŞBƏXT GÖRÜNÜR... -

İNSANLAR UZAQDAN XOŞBƏXT GÖRÜNÜR...

 Nisə xanım Heydərlini 15 ilə yaxındır ki, tanıyıram. Bu adicə bir tanışlıq deyil, eyni zamanda 15 illik bir əməkdaşlıqdı, pak, sağlam və ülvi hisslərə söykənən bir dostluqdu. İstər ədəbiyyat, istərsə də mətbuat sahəsində qarşılıqlı, faydalı iş birliyidi. Ötən dövr ərzində biz Nisə xanımın səmimiyyətini gördük, mehribançılığını gördük, kollektivə qaynayıb qarışdığını gördük. İstedadının və zəhmətinin gücü ilə 12 kitab nəşr etdirib oxucuların ixtiyarına verdiyini gördük. Oturuşu, duruşu, danışığı, ətrafındakılarla həddən artıq mədəni və səmimi rəftarı ilə həmişə örnək olduğunun, nümunə göstərildiyinin şahidi olduq. Bu da kollektivin rəhbəri kimi mənim və kollektivin bütün üzvlərinin qəlbini qürur və fəxarət hissi ilə doldurdu, onu bizə sevdirdi. 
Bu heç də o anlama gəlməsin ki, Nisə xanım Heydərlini biz burda şair etdik və yaxud əlindən tutub jurnalistliyi öyrətdik. Bununla belə, bizim fəaliyyətimiz çoxşaxəli olduğundan, yəni Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri olmağım, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru kimi fəaliyyətim və bu qəzetin davamlı olaraq işıq üzü görməsi, “Nurlan” həmçinin “Elm və təhsil” nəşriyyatları ilə uzun illərdən bəri qarşılıqlı, faydalı iş birliyimiz və minlərlə kitabın nəşrə hazırlanması istiqamətindəki fəaliyyətlərimiz Nisə xanım Heydərlinin bir şair və bir publisist kimi formalaşmasında və püxtələşməsində təsiri yetərincədir. 
Bir məsələ də var ki, zəmin olmayanda sonradan bu nailiyyətləri əldə etmək bir az çətin olur, bəlkə də ümumiyyətlə mümkünsüz olur. Deyərdim ki, Nisə xanımın bu məsələdə bəxti gətirib.

 

Təməl...........................................................................
Qeyd etdiyimiz kimi, Nisə xanım Şabran (Dəvəçi) şəhərində dünyaya göz açıb. Orta təhsilini də tarixin çox sirrlərini qoynunda gizlədən bu müqəddəs məkanda alıb. Şeir və məqalə yazmağın, mətbuat səhifəsində dərc olunmağın ilk sevincini də burda dadıb. “Bahar” və “Dovşan” şeirləri qəzetdə işıq üzü görəndə cəmi 13 yaşı vardı ki, bu da 1980-ci ilə təsadüf edir. Sonra məktəbdə keçirilən tədbirlərdən bəhs edən kiçik məqalələri dərc olunmağa başlayır. Bu əlaqələr bir müddət sonra əməkdaşlığa çevrir - istedadını, məsələlərə obyektiv və operativ münasibətini görüb Nisə xanımı rayonda dərc olunan “Qurucu” qəzetinə ştatdankənar müxbir kimi işə qəbul edirlər. Mən əminliklə deyərdim ki, bugünkü istedadlı şair və publisist Nisə xanım Heydərlinin özünütəsdiqinin kökündə, təməlində “Qurucu” qəzetində çalışdığı illər və qəzetin baş redaktoru Xalid Məmmədovdan (Allah rəhmət eləsin), həmçinin baş redaktor müavini Mürsəl Balayevdən (Allah uzun və sağlam ömür nəsib etsin) aldığı müdrik məsləhətlər və ustad dərsləri dayanır.


Haşiyə..........................................................................
Təsadüf elə gətirdi ki, Nisə xanım Heydərlinin kitabını nəşrə hazırlayarkən qocaman jurnalist, uzun müddət “Qurucu” qəzetinin baş redaktor müavini işləmiş Mürsəl Balayevlə bir söhbətimiz oldu. Və mən deyərdim ki, bu söhbətin böyük bir qismini Mürsəl müəllimin Nisə xanım haqqında dedikləri təşkil edirdi. Ustad öz şəyirdi haqqında ağız dolusu, sevgi və sayğı ilə danışır, uğurlarına çox sevindiyini dönə-dönə vurğulayırdı.


Sumqayıt ədəbi mühiti ilə ilk tanışlıq.......................
Nisə xanımın Sumqayıt ədəbi mühiti ilə tanışlığı ailə həyatı qurub Şabrandan Sumqayıta köçməsi ilə başlayır. O ədəbi mühitlə qaynayıb qarışmaq, yaradıcılığını qaldığı yerdən davam etdirmək qərarına gəlir və müəyyən araşdırmalardan sonra Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin nəzdində fəaliyyət göstərən “Zərif” qadın Ədəbi Məclisinin üzvü olur və məclisin rəhbəri Xatirə Fərəclinin keçirdiyi tədbirlərdə, eyni zamanda şəhərin ədəbi həyatında keçirilən digər təqdimatlarda iştirak etməyə başlayır. Çox keçmir ki, bölmənin rəhbəri Sabir Sarvanın “Ön söz”ü və Xatirə Fərəclinin redaktorluğu ilə “Dərdiyim bənövşə” adlı ilk kitabı nəşr olunur.


Ustad sözü..................................................................
Qeyd edim ki, Nisə xanım Heydərlinin 10 il bundan öncə - 2009-cu ildə işıq üzü görmüş şeirlərdən ibarət “Nöqtələr” kitabına ön sözü mən yazmışam. Ötən on il ərzində Nisə xanımın şeirlər kitabı nəşr olunmayıb. Amma xeyli sayda bir-birindən maraqlı və dəyərli publisistik kitabları işıq üzü görüb. Və bu kitablar da Nisə xanıma böyük uğur gətirib. Bununla belə Nisə xanımın incə, zərif, kövrək şeirlər müəllifi kimi mənim qəlbimdə və yaddaşımda öz yeri var.
Nisə xanımın son on ildə şeirlər kitabı nəşr etdirməməsi, təbii ki, onun bu illər ərzində şeir yazmaması anlamına gəlmir. Bu daha çox məsuliyyət hissi ilə bağlı bir məsələdir. Nisə xanım mürəkkəbi qurumamış şeirlərini oxucalara ünvanlayan şairlərdən deyil. O, hər bəndin, hər beytin, hər misranın üstündə nanə yarpağı kimi əsir. Yazdıqlarını saf-çürük edir, ələkdən keçirir, ehtiyac duyulduqda misraları, bəndləri, hətta bütövlükdə şeirin özünü yenidən işləyir və tam əmin olandan sonra oxucularına ünvanlayır. Nisə xanım bir günə beş şeir yazmaqdansa, beş günə bir şeir yazmağa üstünlük verən qələm sahiblərindəndir. Yəni, əqidəsinə düşüncəsinə, hiss və duyğularına, nəhayətdə qələminə zor tətbiq etmir, Allah-taalanın bəxş etdiyi istedadın və ilhamın işığında yazıb-yaradır. Bunun nəticəsidir ki, bu gün Nisə xanım Sumqayıt ədəbi mühitinin çoxsaylı şairlər ordusunun sırasında barmaqla sayılacaq qədər olan yaxşıların arasındadır. Bunu ustad şairimiz, Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəllinin Nisə xanımın kitabına yazdığı “Ön söz”ü də təsdiq edir.
Ustadımız Əşrəf Veysəlliyə dərin minnətdarlığımı bildirirəm ki, vaxt ayırıb Nisə xanımın yaradıcılığına öz baxış bucağından və yüksək səviyyədə münasibət bildirib.

************************************************************
Müəllifin istək və arzusunu nəzərə alaraq mən də bir redaktor kimi Nisə xanım Heydərlinin yaradıcılığına bir nəzər salmaq, bəzi düşüncələrimi sizinlə bölüşmək istədim.
Bilirəm ölüm haqdı.
Mənim üçün ÖLÜM
dünyadan köçmək deyil,
unudulmaqdı…

Təbii ki, bu, şairə Nisə xanım Heydərlinin Kandan Məkana köçəndən sonra da yaşamaq, yaddaşlarda qalmaq, xatırlanmaq, yad edilmək istəyidir. Mənə elə gəlir ki, buna görə o qədər də narahatçılıq hissi keçirməyinə dəyməz. Çünki əsl narahatçılıq doğuracaq məsələ insanın bu dünyada, hələ sağkən unudulması, əsas etibarilə də təklənməsidir...
Bir məsələ də var ki, insanın ətrafında çoxlu sayda adamın, bəşər övladının olması, onun hələ tək olmaması demək deyil. Çünki insan - ələlxüsus da ruh adamı, düşüncə sahibi bəzən minlərlə insanın arasında da özünü tənha hiss edir:
Viran qalmış xanimanam,
Ağla məni, ağla, anam.
Səndən başqa mənə yanan,
Sevən bir əzizim yoxdu.

Ancaq əsl insan ömrü yaşayanlar, bir də dərvişlər bilər tənhalığın, aza qane olmağın nə demək olduğunu və alın yazısını sevib əzizləməyi:
Çox şey umdum taleyimdən,
Azını sevdirdi mənə.
Dözdüm deyə alnımdakı,
Yazını sevdirdi mənə.

Sözün bitdiyi yerdən sükut başlayır, sükutun qanadları üstə ayrılıqlar cücərir:
Qərib ayrılıqlar başlar,
Qərib sevdalardan sonra.
Qurumaz gözlərdə yaşlar,
Qərib sevdalardan sonra.

Pozmaq istərsən ayrılıq gətirən sükutun oyununu. Fəqət:
Gücüm yetsəydi
bu gecəni asardım dar ağacından.
Ayrılığı gətirən sükutunu
öz naləsiylə pozardım.

Fəqət “Gücüm yetsəydi...” Bəli, məhz güc yetsə. Çünki ayrılıqdan sonra insanın gücsüzlüyü, dözümsüzlüyü pərvəriş tapır, çatsa-çatsa, ancaq özünə çata bilir gücü. Səhərə qədər yuxusuna qor dolur, kipriyində köz gəzir:
Dara çəkirəm gözümü,
Kipriyimdə köz gəzirəm.

Bir də ayrılığın çuxasında ömrün kündə düşməsi, ömrün günlərinin yaşanmaz hala gəlməsi var:
Tale gəzdim, bəxt aradım,
Bəxtim bəndə düşdü, neynim?
Ayrılığın çuxasında,
Ömrüm kündə düşdü, neynim?

Onda ayılıb görürsən ki, dilində bir misra bitib: “Bu da belə bir ömürdü yaşadım” (ustad Məmməd Araz. Ruhu şad!) və yelqanadlı illər hər şeyi götürüb aparıb özü ilə:
Bərkiməsən odunda,
Qalmazsan köz yadında.
Ömür yel qanadında
Haqla, haqlaya bilsən.

Bundan o yana isə viran könüllərin nəğməsi həzin-həzin, kövrək-kövrək oxunur:
Kaş oda ataydın külüm qalaydı,
Kaş ölüb gedəydim, zülüm qalaydı.
Əlimdə saralmış gülüm qalaydı,
Sinəmdə viranə könül qalınca.

Beləcə, həsrət girdabında yaşamaq dəyərsizləşir, günlər üzü məzarlığa istiqamət alır, bir qərib başdaşı bir qərib göz yaşlarında boğulur, göz yaşlarının çiçəyi çırtlayır bu qovuşuqdan:
Gözümü yumub gedirəm.
Sənsizlik çəkir məni uzaqlara...
Bir məzar daşına sürtüb üzümü
Dincəlmək istəyirəm hərdən.
Susub olanlara,
günlərimi daşıyıram
məzara sarı.
Qəlbim görüşünə tələsir,
bəbəklərimdə gülümsəyir
göz yaşları...

Ardınca da qərib ruhların qərib şərqiləri göy üzünə bülənd olur ağı əvəzi, edi əvəzi:
Başlar əhlət daşına
Dəyəndə oyanırıq.
Fələk taraz işləri
Əyəndə oyanırıq.

Baş əhlət daşına dəyəndən sonra insan anlayır ki, bəli, dünya fani imiş, özü də çox fani:
Bu dünya fani dünyadı.
Nəğməsinə inanmıram.
Daha uşaq çağım deyil,
Hiyləsinə inanmıram.

Biz inansaq da, inanmasaq da dünya öz hiyləsindən, məkrindən əl çəkən deyil. Ona görə də şairə:
Nəfsin qanlı girdabında,
Niyyətini bir də sına,
Hələ ümid tükənməyib,

Qayıt tövbə qapısına, - desə də, mənə elə gəlir ki, uluların dediyi kimi, günah işlədib, sonra məscidə tövbə etməyə getməkdənsə, ümumiyyətlə, günaha bulaşmamaq daha əfzəldi.
Günahsızlığın mübarək, Nisə xanım Heydərli! Şükürlər olsun ki, sənin tövbə qapısına getməyə ehtiyacın yoxdu!

Nəticə...........................................................
Beləliklə, gözəl xanım, səmimi və mehribah insan, məsuliyyətli əməkdaş, istedadlı şairə, geniş dünyagörüşə malik jurnalist Nisə Heydərlinin haqqında yazılmış bir yazının da sonuna gəldik. Nisə xanımı, məzmunu da adı kimi mənalı olan “Bir taxt qurmuşam ölümə” şeirlər kitabının işıq üzü görməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır və düşüncələrimə eyniadlı şeirlə nöqtə qoyuram:
Gəzirəm başı havalı,
Əlimdə haqqın qavalı.
Xəlbir doldurmur çuvalı,
Hey ələyir söz, gəzirəm.

Gülümsəyib hər zülümə,
Bir taxt qurmuşam ölümə.
Əcəl kimi çıx önümə,
Ünvanımı yaz, gəzirəm.

Rafiq Oday,
şair-publisist,
AJB Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !