BDU-da "Kimya: nəzəri və tətbiqi tədqiqatlar" mövzusunda tələbələrin I Respublika virtual Elmi konfransı keçirilir - - FOTO

BDU-da "Kimya: nəzəri və tətbiqi tədqiqatlar" mövzusunda tələbələrin I Respublika virtual Elmi konfransı keçirilir - FOTO

Mayın 18-də Bakı Dövlət Universitetinin Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kimya: Nəzəri və Tətbiqi Tədqiqatlar” mövzusunda tələbələrin I Respublika Virtual Elmi konfransı öz işinə başlayıb.

Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün effektiv tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Hazırkı çətin şəraitdə belə konfransların keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov yüksək indeksli nüfuzlu jurnallarda çap olunma fəallığından, Tələbə Elmi Cəmiyyətinin fəaliyyətindən söz açıb.

Konfransa daxil olan materiallar barədə məlumat verən fakültənin elmi işlər üzrə dekan müavini, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Elvin Məlikov konfransa daxil olan tezislərin sayı, bölmələrdə aparılacaq müzakirələr, iştirakçılar barəsində informasiyanı nəzərə çatdıraraq konfransın plenar məruzəçilərini təqdim edib.

Fakültənin magistrant və bakalavr tələbələrinin iştirak etdiyi plenar məruzələrdə Emil Aydınsoy "Термодинамические показатели этбэ в широком температурном интервале", Qəmzə Yahyayeva "Hidroksiasetofenon əsasinda sintezlər", İlkin Süleymanov "Metil-2-fenil-(2-fenilhidrazono) asetatlarin e/z izomerlərinin effektiv sintezi", Rəna Qənbərova "4-hidroksibenzaldehid əsasinda yeni şiff əsasinin sintezi və tədqiqi", Aytən Mursaquliyeva "Biodizelin əlavə məhsulu olan qliserinin tətbiqi" və Səidə Babayeva "Synthesis and characterization of polyethylene terephthalate/cds nanocomposite" adlı təqdimatlarla çıxış ediblər.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !