50-ci illərdə Azərbaycan futbolu böyük ölçüdə tək "Neftçi"nin ümidinə qalmışdı - Tahir Süleymanovun III yazısı

50-ci illərdə Azərbaycan futbolu böyük ölçüdə tək "Neftçi"nin ümidinə qalmışdı Tahir Süleymanovun III yazısı

Azərbaycan futbolunun tarixinə nəzər saldıqda tez-tez sovetlər dönəmini xatırlamalı olursan. Bu, hansısa nostalji hisslər deyil, zərurətdən irəli gəlir. Ölkələrin rejim altında olması futbolu da birləşdirmişdi.

SSRİ çempionatlarının ilk 20 ilinə yekun vurduqda Azərbaycan klublarının qeyri-stabil çıxışları diqqət çəkir. Bu dövr kəsiyində İttifaq futbolunun liderləri rolunda Moskva, Leninqrad, Tbilisi, Kiyev komandaları hegemonluq edirdilər.

"Temp" Bakı güclülər dəstəsində çıxış etsə də, sonrakı, müharibə illərinə kimi aşağı liqada oynadı və ümumiyyətlə 3-5 ilə səhnədən düşdü. 40-cı illərin ikinci yarısında Azərbaycanı Bakının "Neftçi" və "Dinamo" klubları təmsil edirdilər. 48-də elitada çıxış təmin edilsə də, bundan istifadə olunmadı.

50-ci illərdə Azərbaycan futbolu böyük ölçüdə tək "Neftçi"nin ümidinə qalmışdı. "Dinamo" da artıq görünmürdü. Dəfələrlə yüksək liqaya çıxmaq cəhdləri boşa verilirdi. Sovetlər liqasında növbəti ikinci komandamız onilliyin sonunda bakılılara qoşuldu. 59-cu ildə
"Neftçi" ilə yanaşı eyni dəstədə Kirovabad (Gəncə) "Tekstilşik"i də çıxış edirdi.

Bu komandalar keçmişdə ustalardan ibarət, müasir dildə peşəkar klublar adlandırılırdı. Göründüyü kimi Azərbaycanda futbol təşkilatçılığı tarixən axsayıb. Klublar yaranıb, qısa müddətdən sonra dağılıb, ən yaxşı halda əldən-ələ keçərək adları, himayədarları dəyişdirilib.

Şərait olmasa da ölkədə futbol çox sevilirdi, daxili yarışlar, oyunlar da keçirilirdi. O dövrün stadionlarını, geyim dəstlərini, top, butsılarını təsəvvür etmək belə çətindir. Tovuz futbolçularının 46-cı ildə səfərdən qayıdarkən faciəvi qəzaya düşməsi indi də xatirələrdədir...

Peşəkar səviyyədə klublarımızın sayı çox az olub. Liqalarda komandalarımızın azlığı istedadların yetişməsinə, inkişafına, ustalıqlarının artırılmasına mane olurdu. Belədə az-çox üzdə olan futbolçularımızın başqa respublikalara axını da çoxalırdı.

40-50-ci illərdə ll dəstə olmadığından müxtəlif klass, qruplar adı altında elitada olmayanların hamısı bir yerdə, zonalar üzrə çıxış edirdilər. Komandaların 80%-i Rusiya, Ukraynanı təmsil edirdi. 3-cü sırada Gürcüstan gəlirdi. Stalin faktoru da təsirsiz ötüşmürdü. Bu respublikalarda futbola münasibət üst səviyyədə idi.

Güclülər dəstəsində Moskva, Leninqrad klublarının çoxluğu nəhəng SSRİ dövləti üçün yolverilməz idi. Müharibədən sonrakı 15 ildə özünə gələn ölkə futbol sistemini də təkmilləşdirdi, genişləndirdi. 48-ci ilin uğursuz cəhdi 60-cı ildə daha əsaslı şəkildə həyata keçirildi.

Respublikaların kütləvi elitaya buraxılması Azərbaycan futbolunun yolunu yenidən açmış oldu. Artıq 12 il öncəki dərslərdən nəticə çıxarılmışdı. İttifaq miqyasında tədricən komanda sayının artması, o vaxtkı rəhbərlik səviyyəsində futbola münasibətin dəyişdiyini göstərir...

60-larda tək "Neftçi" deyil, "Dinamo" Kirovabad (Gəncə), "Polad" Sumqayıt, "Proqress"/ "Dinamo"/"Lokomotiv" Bakı, Tekstilşik" Mingəçevir, "Daşqın" Zaqatala, "Araz" Naxçıvan, "Qarabağ" Xankəndi də respublika hüdudlarını aşaraq müxtəlif liqalarda çıxış etməyə başladı. Azərbaycan futbolu növbəti onillikdə yeni mərhələyə qədəm qoyurdu...

(Davamı növbəti yazılarda)... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !