Ölümə meydan oxuyan kişi -

Ölümə meydan oxuyan kişi

(Babamın ömür tarixçəsindən qısa sətirlər)

Hər dəfə babam Mazan Həmid oğlu Əliyevi xatırlayanda, insanın belə dözümlü, qoçaq olmasına, ölümlə üzləşəndə bu qorxulu kabusa necə meydan oxumasına, həyətsevərliyinə, insanlara həmişə xoş münasibətinə, xeyirxahlığına yaxşı mənada heyrət eləyirəm. Neyçünsə hamı ona hörmət əlaməti olaraq, “Mazan dayı” deyə müraciət edirdi. Əvvəllər babamın niyə belə həmişə mehriban olmasına, heç vaxt əsəbiləşməməsinə və hamı tərəfindən sevilməsinə, əzizlənməsinə elə də çox fikir vermirdim.Çünki uşaq idim və elə fikirləşirdim ki, hamı belədir. Amma illər keçəndən sonra və özüm də orta məktəbi bitirib, Sumqayıt Musiqi Texnikumunu, Azərbaycan Dövlər Müəllimlər İnstitutunu bitirib, müəllimə işləyəndə artıq bütün bunları dərk eləməyə başladım. Gördüm ki, bütün insanlar heç də mənim babam kimi mehriban, qayğıkeş, xeyirxah, hamıya əl tutan, təmiz fikirli deyillər. Və başa düşdüm ki, yalnız babam kimi müharibənin odundan-alovundan keçənlər, həyatın böyük çətinliklərini, sınaqlarını, əzablarını görənlərin demək olar ki, hamısı belə insansevər, həyatsevər və müdrikdilər. Və mən artıq dərk eləyirəm ki, kimlər onların tərbiyəsini alıb, onlardan həyatın sirlərini, insana münasibəti öyrəniblərsə həmin adamlar da bu gün xeyirxah, hamıya əl tutan, daxilində yalnız yaxşılıq eləmək amalı ilə yaşayan insanlardırlar...
Dünyanın bu gün çox qarışdığı bir vaxtda da, mizan-tərəzinin hozulduğu zamanda da buna tam əmin oluram... Çünki murdar xislətlilər koronavirus adlı bir oyunu ortaya atmaqla və Yer kürrəsində dəhşətli müharibələr törətməklə dünyanı lərzəyə salıblar... İnsanlarda qorxu, stress, depressiyanı artırmaqla ölüm kabusunu çoxaldıblar...
Mən, babamın ən böyük qız nəvəsi olduğuma və atamla-anam çox vaxt işdə olduqlarına görə bamam Mazan kişinin və nənəm Dünyaxanımın tərbiyəsini almışam. Nənəm Dünyaxanım, həqiqətən də dünyanın xanımı, çox mehriban xeyirxah xanım idi. O, on bir övlad dünyaya gətirmişdi. Qəhrəman ana idi. Bütün övladlarına da babamla birlikdə yüksək tərbiyə və savad vermişdi.
Babam həddindən artıq söhbətcil və mehriban olduğuna görə mənə elə maraqlı hadisələr danışırdı ki, həmişə onun söhbətlərinə qulaq asmaq istəyirdim. Bu söhbətlərə qulaq asanda da heç vaxt yorulmurdum. Özü də hər dəfə onun sinəsindəki orden-medallara baxanda və başqa uşaqların, hətta yaşlıların da onun sinəsindəki çoxlu orden-medallara necə maraqla baxdığını görəndə çox sevinirdim ki, bu, məhz mənim babamdır. Ona görə də artıq məktəbə gedəndən babamın həyat tarixçəsini daha dərindən öyrəndim...
Babam Mazan Həmid oğlu Əliyev 1923-cü ilin yanvar ayının 3-də Masallı rayonunun Yeddioymaq kəndində anadan olmuşdu. Burada 7 illik təhsilini alandan sonra Lənkəran Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. 1939-cu ildə bu texnikumu bitirib, müəllim kimi təyinatla Yardımlı və Masallı rayonlarında savadsızlığın ləğv olunmasında əlindən gələni eləməyə çalışmışdı. Məni elə müəllimə olmağa da babam həvəsləndirmişdi. O, üç illik müəllimlik fəaliyyətində həm Yardımlıda və həm də Masallıda böyük hörmət qazanmışdı. Arzusu müəllim kimi ali təhsil almaq imiş. Amma Böyük Vətən Müharibəsinin başlaması çoxlu gənclər kimi mənim babamın da arzularını yarımçıq qoymuşdu. O, 18 yaşında müəllim qələmini silahla əvəz eləmişdi. 416-cı Taqanroq Driziyasının tərkibində topçu kimi beş il vuruşmuşdu. Vızvod komandiri olmuşdu. Bu döyüşlərdə bir neçə dəfə yaralanmışdı. Amma tez də sağalmışdı. Üç dəfə isə tam ölümlə üzləşmişdi. Lakin bir döyüşdə isə daha çox ağır yaralanşıdı. Faşistlər onu da ölmüş bilib bütün meyidlərlə birlikdə bir çalada dəfn eləmişdilər. Üç gün sonra həmin kəndi Sovet əsgərləri böyük hücumla faşistlərdən geri almışdılar. Hamısı bir çalada dəfn olunan kənd adamlarını və əsgərləri oradan çıxarıb, ayrıca dəfn eləmək istəyəndə bir nəfərin ölmədiyini, yavaş-yavaş nəfəs aldığını görüblər. Bu əsgəri təcili Hospitala aparıblar. Bəli. Hospitalda möcüzə baş verib. Bir həftədən sonra ayaqlarından ağır yaralar alan həmin əsgər ayılıb. Onun ayaqlarını cərrahiyyə əməliyyatı eləyiblər. Bax, bu mənim babam Mazan kişi olub. Bir müddət müalicə alandan sonra onu artıq əli və ayağı yaxşı işləmədiyinə görə arxa cəbhəyə göndərmək istəyiblər, amma razı olmayıb və yenidən ön cəbhəyə gedib. Və müharibənin sonuna kimi ön cəbhədə olub. Döyüşə-döyüşə düz Berlinə qədər getmişdi mənim babam.
Böyük Vətən Müharibəsi qurtarandan sonra o, sinəsində çoxlu orden-medallar doğma yurda dönüb. Ailə həyatı qurub. Yaşamaq üçün ailəsilə birlikdə Bakıya köçüb. Azərbaycan Sənayesi İnstitutunun energetika fakültəsinə qəbul olub. Axşam təhsil alıb və gündüz neft sənayesi sahəsində işləyib. Neft Daşlarında, Artyom və Sanqaçal Neft mədənlərində adi işçidən, az bir vaxtda baş mexanik və rəis vəzifələrinə qədər yüksəlib. Müharibənin odundan, alovundan böyük mətanətlə çıxan mənim babam, Neft Daşlarının, Artyom və Sanqaçal Neft mədənlərinin də az bir vaxtda ram olunmasında böyük işlər görüb. Neft Daşlarında da o, bir neçə dəfə ölümlə üzləşib. Həmişə də ölümə qalib gəlib. O, burada neft sənayesi üçün çoxlu mütəxəssislər yetişdirib. Onun yetirmələri uzun illər Azərbaycan Neft Sənayesinin inkişafında böyük işlər görüblər. Azərbaycan neftinin, Qara qızılının brend, əvəzedilməz olduğunu dünyada sübut eləyiblər. Babam danışırdı ki, Artyom və Sanqaçalda da dəfələrlə ölümlə üzləşib və həmişə də ölümə qalib çıxıb...
Babamın həyatına 1974-cü ilin mart ayının 25-də iki nəfər avara, heç yerdə işləməyən, tufeyli həyat keçirən oğlan son qoymaq istəyiblar. Onlar babamın maşınını ələ keçirib pul qazanmaq məqsədilə ona qəsd eləmək istəsələr də, onu ölmüş adam kimi yol kənarındakı xəndəyə atsalar da babam ölməyib. Yenidən möcüzə baş verib. Babam sağ qalıb...
Bütün bu dəhşətli hadisə ilə bağlı sevimli Xalq yazıçımız, böyük ictimai xadim Anar 1975-ci ildə “Gecə yarısı hadisə” adlı çox sensassiyalı bir povest də yazıb. Həmin povest ilk dəfə 1975-ci ildə mart ayının 5, 6, 11, 12, 13 və 15 tarixlərində “Bakı” qəzetində çap olunada böyük senssayiya yaradıb. Adamlar hər gün səhərə yaxın qəzet köşklərinin qarşısında çörək növbəsinə dayanan kimi növbəyə dayanıb, həmin qəzeti alıb, povesti sona kimi oxumağa tələsiblər...
Babamın 80 illik yubileyinin və 63 illik əmək fəaliyyətinin 2003-cü ildə Neft Sənayesi işçiləri tərəfindən necə böyük təntənə ilə keçirildiyinin də şahidi olmuşam. Ona necə çoxlu xoş sözlər deyildiyini və çoxlu hədiyyələr verildiyini də görmüşəm. Həmin vaxtı mənim artıq 25 yaşım vardı və babamın ilk müəllimlik arzusunu da davam etdirirdim. Və böyük fəxarətlə baxırdım ki, bütün bu xoş sözlər əfsanəvi bir qəhrəman olan mənim babam haqqında deyilir...
Mənim babalı günlərim həmin vaxtdan üç il sonra sona yetdi. O, müqəddəs insan olduğuna görə elə müqəddəs bir gündə mart ayının 21-də, Novruz bayramında 83 yaşında dünyasını dəyişdi... Heç bir xəstəlik keçirmədən, elə bil ki, quş kimi birdən-birə göyə uçdu... Onun yas mərasiminə də bizim tanımadığımız çoxlu insanlar gəlmişdi. Hamısı da babamın xeyirxahlığından, yaxşı, mərd, hamıya əl tutan insan olmasından danışırdı...
Hər il 9 may Qələbə günü olan vaxt bütün ailə üzvlərimiz kimi mən də babamı yada salıram... Onunla bağlı xoş xatirələr beynimdə canlanır... Amma qibləgahımız Şuşa 9 mayda erməni gavurları tərəfindən işğal olunandan sonra heç bir azərbaycanlı bu günü faşizm üzərində qələbə bayramı kimi qeyd eləyə bilmir. Axı erməni faşistləri qibləgahımız Şuşanı işğal altında saxladıqları bir vaxtda deməli, hələ də faşistlər yer üzündə ermənilərin timsalında yaşayırlar... Deməli, faşizmə hələ son qoyulmayıb...
Mənim babam Mazan kişi kimi milyonlarla həyatını Böyük Vətən Müharibəsində itirən, şikəst olan və artıq dünyadan köçən babaların ruhu bizə irad tutub deyir: “Biz son damla qanımıza qədər vuruşub, faşistləri torpaqlarımızdan qovub, öz evlərinə qədər aparıb, orada tam təslim elədik. Sübut eləmik ki, çirkin əməlli, başqasının torpağına göz dikənlərin taleyi bax belə faciə ilə bitir. Bəs siz, qibləgahımız olan və həmişə alınmaz qala bildiyimiz Şuşanı nə vaxt erməni gavurlarından, faşistlərindən azad edəcəksiz?”..
Açığı mən onların ruhlarının səsini eşidəndə hələ də susuram... Çox pəjmürdə oluram... Özümə yer tapa bilmirəm... Görəsən biz nə vaxta qədər susacağıq ey mənim xalqım?!.. Axı biz, həmin mərd, qeyrətli, qoçaq, igid insanların, əsl kişilərin nəvələriyik. Bəs niyə onlara oxşamaq istəmirik?! Niyə qibləgahımız Şuşanı və bütövlükdə Qarabağımızı erməni gavurlarından azad etmirik?! O gavurlar 9 may günündə Şuşada bayram və parad keçirəndə və bu videonu dünyaya yayanda bizim bir millət kimi vicdanımız niyə dilə gəlmədi?.. Niyə bizim yaxamızdan tutub, bizi silkələmədi?.. Bəs biz nə vaxt ayılacağıq?..
Axı o babalarımızın gözü yolda qalıb. Onlar bütövlükdə Qarabağda üçrəngli bayrağımızın dalğalanacağı günü səbrsizliklə gözləyirlər... Bəs biz, kimi gözləyirik?!..

Aynurə AĞALARQIZI,
Müəllimə

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !