BDU-da Yeni tip rabitələr mövzusunda onlayn mühazirə keçirilib - - FOTO

BDU-da “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçirilib - FOTO

Mayın 19-da Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində  uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran T. Mahmudovun BDU-nun tələbələri üçün “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirəsi keçirilib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması haqqında məlumat verib. Pandemiyanın ilk günlərindən Universitetin tələbəyönümlü yanaşmaya üstünlük verdiyini vurğulayan rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini minimuma endirmək üçün çevik tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu bildirib.

“Yeni tip rabitələr” mövzusunda təqdimatla çıxış edən Kamran T. Mahmudov molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu olan kimyəvi rabitə, kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edən atomun quruluş nəzəriyyəsi, katalizatorların təsirindən reaksiya sürətinin artması prosesi olan kataliz barəsində ətraflı məlumat verib. Mühazirədə eyni zamanda qeyri-kovalent qarşılıqlı təsirlərin (yeni tip rabitələr) sintez və katalizdə rolu müzakirə olunub, əsas diqqət bu rabitələrin fundamental əsaslarına yönəldilib.

Microsoft Teams platforması üzərindən baş tutan mühazirəni 100-ə yaxın iştirakçı dinləyib.
Qarşılıqlı diskussiya şəraitində davam edən mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !