Məzahir Süleymanzadə xatırlayır... - ağ - qara şəkillərin həsrətini çəkirəm

Məzahir Süleymanzadə xatırlayır... ağ - qara şəkillərin həsrətini çəkirəm

 Fərman Bağırov, Cahangir İbadov, Ağəli Məmmədov, Rasim Sadıqov, Şahin Abasəliyev, Əli Qafarov, Rafiq Salmanov, Rauf Umudov, Faiq Rəcəbli, Yaşar Xəlilov...Bu dostlarımın hamısı çəkən olub...Ağlınıza başqa şey gətirməyin, söhbət şəkil çəkməkdən gedir...Özü də bilirsiz necə çəkirdilər?!. Ağ - qara çəkirdilər... Üfüqdən boylanan, yaxud, qürub edən Günəşi ağ - qara necə çəkmək olar? Amma onlar çəkirdilər...Özü də elə çəkirdilər ki, ağ - qara şəkillər rəngli görünürdü...Köhnə şəkillərdə laləli düzlərə, yaşıl yamaclara, mavi dənizə baxmağın ayrı ləzzəti var...Ən çox çəkilən şəkil Göygöl idi...Bu Göygöl hara, o Göygöl hara...Biri rəngsiz olduğu halda rəngli, o biri rəngli olduğu halda rəngsiz...Sənətkarlıq öz yerində, bu dostlarımı birləşdirən, hamısını bir birinə bənzədən bilirsiniz nə idi?..Bax, bu bircə cümlə: "Gözünü qırpma, gülümsə, çəkirəm...olmadı...bir də gülümsə, bax, bu oldu əla!" Doğrudan da əla olurdu... İndi də çəkən çoxdu, daha doğrusu...hamı çəkir. Şəkilçəkən olmaq üçün heç fotoaparat da lazım deyil. Uşaqdan - böyüyə hamının mobil telefonu var...Sənətkarlıq kütləviləşib...Bu, yaxşıdır, yoxsa, pisdir? Sosial şəbəkələrdə camaata sırınan toy şəkillərinə baxın, özünüz görəcəksiniz...O selfiyedi, nədi, bəla olub başımıza, yoluxucu xəstəliyə çevrilib...Çəkilən selfiyelərdə ancaq bərəlmiş gözlər, ağarmış dişlər, toyuğun yumurta çıxan yeri ilə müqayisə oluna biləcək büzülmüş dodaqlar görünür...
...Hə, indi hamı çəkir...Təkcə şəkil yox, başqa şeylər də çəkirlər. Məsələn, həsrət çəkənlər var, biri beş il əvvəl, toy gecəsindən sonra Moskvaya çörəkpulu qazanmağa gedən, hələ də geri dönməyən ərinin həsrətini çəkir...Bir başqası sovet dövrünün həsrətini çəkir...Siqaret çəkənlər də var. Tütün məmulatı xeyli bahalaşsa da, çəkən hələ də çəkir...Dərd çəkmək də kütləviləşib...Varlı pulunun dərdini çəkir, kasıb ümüdsüz vəziyyətinin...
...Dərd...Həsrət...Siqaret...Az da olsa, bunların üçünü bir yerdə çəkənlər də var...Dərd Qarabağ dərdidir...Həsrət yurd həsrətidir...Siqaret tüstüsü od tutub yanan bağrımızın tüstüsüdür...
...Mən də ağ - qara şəkillərin həsrətini çəkirəm. O şəkillərdə Şuşa da bizim idi, Ağdam, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı da...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !