Alman pasiyentlərim - -Hümbət Həsənoğlu xatırlayır

Alman pasiyentlərim -Hümbət Həsənoğlu xatırlayır

 Məncə daha aça bilərəm. Uzun illər saxladığım sirri ilk olaraq elə burada bölüşürəm. Artıq o hadisələrdən otuz ildən çox vaxt keçib.
İşlədiyim hospitalın rəisi mənə, göz xəstəlikləri şöbəsinin müdirinə şəxsən gəlib deyəndə ki, bir almana baxmaq lazımdır, təəccübləndim. Birincisi, mən mütəmadi olaraq almanlara baxırdım, ikincisi, o, bunu mənə telefonla da çatdıra bilərdi. Kabinetimə orta boylu, azacıq şişman, çox da yaşlı olmayan bir cənab daxil oldu. Onu müşayət edən insan mənə onun xəstəlik tarixçəsini təqdim etdi.
Tez ünsiyyət qurduq. Gözləri ilə bağlı problemlərini dedi. Onu müayinə etdim, müalicə yazdım və hər gün mənim yanıma gəlməli olduğunu dedim. Bir həftə müalicədən sonra pasientimin gözlə bağlı şikayətləri keçmişdi. Çox razı idi. O, məndən xahiş etdi ki, onun həyat yoldaşına da baxım, razılaşdım. Həmişə gülərüz həyat yoldaşının gözlərinin kiçik optik problemləri vardı ki, mən onu da həll etdim.
Bir müddətdən sonra bu insanları mən təbii ki, yaddan çıxartdım.
Üç il sonra iki Almaniya, Demokratik və Federativ arasından divar götürüldü və onlar vahid dövlət halında birləşdilər. O dövrdə alman televiziyaları dünyanın ən güclü təhlükəsizlik qurumlarından biri olan Demokratik Almaniyanın Təhlükəsizlik Komitəsi -
“ Ştazi” haqqında , onun rəhbəri cənab Milke haqqında çox danışırdılar. Xüsusən vurğulayırdılar ki, onu sifətdən heç kim tanımır, onu görmək heç kimə müəssər olmayıb.
Bir gün axşam Almaniyanın A R D televiziya kanalında
“ Ştazinin” tutulan şefi, cənab Milkenin şəklini göstərdilər. Mən öz pasiyentimi tanıdım. Bu əlbəttə o idi!
Bu şəkillə uzun müddət mənə qaranlıq qalan bir məsələ də açıldı.
Mən bu insana baxandan bir ay sonra hospitalımızın rəisi dedi ki, almanlar ikimizi bir yerə dəvət edirlər, amma ikimizin arasında da qalmalıdır bu söhbət. Həmin axşam bizım üçün xüsusi göndərilmiş maşınla iki alman bizi harasa apardılar. Hara getdiyimizi bilmədim, çünki yolumuzun çox hissəsini meşə ilə getdik. Gəldiyimiz yerdə çoxlu binalar və xüsusi alman səliqəsi hiss olunurdu.
Bizi çox böyük diqqətlə böyük bir kabinetə gətirdilər. Kabinetin sahibi hündürboy alman bizi ehtiramla qarşıladı. Mən müammanın içindəydim. Bura haradır, bunlar kimdirlər, mənim bunlara nə aidiyyatım ola bilər?
Qısa tanışlıqdan sonra kabinetin sahibi olan alman ayağa qalxıb dedi;- çox illərdir ki, göz həkimi Hümbət Quliyev almanlara da yüksək ixtisaslı kömək göstərir.
Biz onun bu əməyini yüksək qiymətləndiririk və bu münasibətlə ona xüsusi medal, Feliks Dzerjinski adına medalı təqdim etmək qərarına gəlmişik.
Mən ayağa qalxdım, onun dəvəti ilə stolun başına keçdim və o, təntənəli surətdə medalı mənə verib əlimi sıxdı.
Sonra bizi başqa otağa dəvət etdilər. Otaqa 10-12 nəfərlik yemək süfrəsi açılmışdı. Yedik, içdik. Mənim şərəfimə xoş sözlərlə dolu sağlıqlar deyildi.
Evə qayıdanda mən hospitalımızın rəisindən soruşdum ki, bu olanlar nə idi?
O, mənə dedi ki, Almaniya Demokratik Respublikasının Təhlükəsizlik Komitəsinin hansısa bir qurumunda olduq. Dzerjinski adına medal da onlara aid xüsusi medaldır. Mənə məsləhət də gördü ki, hara getməyimiz və medal haqda heç kimə deməyim. Elə də etdim. Bu günə kimi.
Sonra başa düşdüm ki,məşhur pasiyentim onu müalicə etdiyimə görə mənə minnətdarlığını belə bildirib.
Dzerjinski adına medalım da evdədir, hərdən ona baxanda məşhur pasiyentim və onun gülərüz xanımı yadıma düşür.

Hümbət Həsənoğlu.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !