Həkim məsləhəti rubrikamız - - oynaq ağrılarını ağrıkəsicilərlə aradan qaldırmaq, yoxsa müalicə etmək lazımdır?

“Həkim məsləhəti” rubrikamız - oynaq ağrılarını ağrıkəsicilərlə aradan qaldırmaq, yoxsa müalicə etmək lazımdır?

 Hörmətli izləyicilər,
“Həkim məsləhəti” rubrikamızı davam etdiririk. Rubrikamızda Hospitalımızın travmatoloq-ortopedi, t.f.d. Ramin Rzayev artroz xəstəliyi ilə bağlı sualımızı cavablandırıb. Yaşlı insanlar arasında oynaq ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bəziləri deyir ki, bu, yaşla əlaqədardır, bütün yaşlı insanlara xas olan ağrılardır və belə də olmalıdır. Onlar bu ağrılardan qurtulmağın yolunu müxtəlif ağrıkəsicilərdən istifadə etməkdə görürlər. Bəziləri isə tam sağalmaq üçün mütəxəssislərə müraciət etməyi üstün tutur. Hansı qrup insanlar haqlıdır? Ağrılara dözüb vaxtaşırı ağrıkəsicilərdən istifadə etməklə müvəqqəti rahatlıq tapanlarmı, yoxsa həkimə müraciət edib problemin həllini axtaranlar?
- Doktor, oynaq ağrılarını ağrıkəsicilərlə aradan qaldırmaq, yoxsa müalicə etmək lazımdır?
-Oynaq ağrıları ilə həkimə müraciət edən insanların əksəriyyətinə artroz diaqnozu qoyulur. Osteoartroz oynağın qığırdaq, artikulyar kapsul, bağlar, əzələlər və qığırdaqaltı sümük kimi bütün komponentlərini zədələyən xroniki xəstəlikdir. Əgər həkim sizə artroz diaqnozu qoyursa, deməli, nəsə etmək lazımdır. Çünki bu xəstəlik bir yerdə dayanmır, inkişaf etdikcə əvvəl-axır oynağı tam dağıdır və oynağın öz funksiyasını yerinə yetirməsi dayandırır. Ona görə də, oynaq ağrısı hiss etdikdə, mütləq həkimə müraciət etmək lazımdır. Nə qədər tez müraciət olunarsa, o qədər tez ağrı aradan qaldırılar, oynağı müalicə etmək olar.
Bu xəstəliyin risk qrupuna çəkisi artıq olan insanlar, oynaq travmaları keçirmiş insanlar, yanaşı xroniki xəstəlikləri olanlar, iltihabi xəstəlikləri olan və az hərəkət edən insanlar aiddir.
Vaxtında müalicəyə başladıqda bu xəstəliyin qarşısını almaq olur, xüsusilə də oynaq ağrılarının aradan qaldırılması çox önəmlidir. Bu, pasiyentləri müvəqqəti rahatladan vaxtlı-vaxtsız ağrıkəsicilər qəbulundan azad edir. Hamıya məsləhət görərdim ki, oynaq ağrısı hiss edən kimi həkimə müraciət etsinlər, əks halda bu xroniki xəstəliyi müalicə etmək çətinləşir və oynaqlar tam funksiyasını itirdikdə, pasiyent yalnız cərrahi əməliyyat (endoprotezləşdirmə) yolu ilə normal həyata qayıdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !