Rusiyanın bölgələrindəki azərbaycanlı deputatlarla videomüzakirə aparılıb - - FOTO

Rusiyanın bölgələrindəki azərbaycanlı deputatlarla videomüzakirə aparılıb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiya Federasiyasının müxtəlif bölgələri üzrə yerli şəhər və bələdiyyə orqanlarının bir qrup azərbaycanlı deputatının qatıldığı videokonfrans təşkil edilib.

Virtual tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Moskva vilayətinin Ximki Şəhər Şurasının deputatı Xanoğlan Əliyev, Sankt-Peterburq şəhərinin “İvanovski” və “Vedenski” Bələdiyyə Şuralarının deputatları Elşən Həmzəyev və Sabir Məsimov, Udmurtiya Respublikasının İjevsk şəhər Dumasının deputatı Bəhruz Hümbətov, Tıva Respublikasının Qızıl şəhərinin Dövlət Şurasının deputatı Çingiz Əliyev, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri Ruslan Quliyev, Tural Səfərov, Zaur Ramazanov və Teymur Atayev iştirak ediblər.

Dövlət Komitəsinin sədri konfrans iştirakçılarını salamlayaraq, onları 28 May Respublika Günü münasibətilə təbrik edib. Diaspor sahəsində, pandemiya dövründə görülən işlərdən danışan Komitə sədri Rusiya Federasiyasının müxtəlif regional Qanunvericilik orqanlarında təmsil olunan azərbaycanlı deputatlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və təmsil etdikləri regionlarda yaşayan azərbaycanlılarla daha səmərəli işlərin aparılması məqsədilə deputatları Dövlət Komitəsi ilə sıx əməkdaşlığa dəvət edib.

Müzakirələr zamanı deputatlar yeni növ koronavirus (COVID-19) pandemiyasının soydaşlarımıza mənfi təsirlərini azaltmaq məqsədilə göstərdikləri fəaliyyət və atdıqları addımlar barədə ətraflı məlumat veriblər.

Son illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində böyük canlanmanın müşahidə edildiyi və dinamikanın artdığı məmnuniyyətlə qeyd edilib. Azərbaycanın dövlət qurumunun onların fikir və təklifləri ilə maraqlanmasına olduqca müsbət yanaşan soydaşlarımız müxtəlif regionlarda fəaliyyət göstərən azərbaycanlı deputatların koordinasiya mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.

Virtual tədbirlərin yalnız tarixi günlərdə deyil, mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hər iki ölkənin bölgələrindəki elm, ictimai, siyasi xadimlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müxtəlif məsələlərə həsr olunmuş videokonfranslar, həm də Azərbaycan diasporunun fəaliyyətinin genişlənməsinə və daha səmərəli fəaliyyət göstərməsinə kömək edər bilər.

Deputatlar bu virtual tədbir vasitəsilə bir araya gətirildikləri üçün Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər. Onlar gələcəkdə bu cür videokonfransları özlərinin də təşkil edəcəklərini və həmin tədbirlərə Dövlət Komitəsinin nümayəndələrini də dəvət edəcəklərini söyləyiblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !