İctimai Liderlər Platforması koronavirus pandemiyasının yayılması ilə bağlı ölkə əhalisinə müraciət edib -

İctimai Liderlər Platforması koronavirus pandemiyasının yayılması ilə bağlı ölkə əhalisinə müraciət edib

5 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması Koronavirus pandemiyasının yayılması ilə bağlı yaranmış vəziyyətlə əlaqədər ölkə əhalisinə müraciət edib.

Müraciətdə deyilir:

Əziz həmvətənlər!

Sizə ölkəmiz və ümumilikdə, dünya üçün mürəkkəb və çətin bir dövrdə, dövlətimizi və cəmiyyətimizi narahat edən təhlükə ilə bağlı 35 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması adından çağırış-müraciət etmək zərurəti yaranmışdır.

Çox təəsüf ki, hal-hazırda bütün yer üzünü bürüyən müdhiş bir bəla – koronavirus pandemiyası hər gün minlərlə insanı öz cənginə alır, gündən-günə insanların həyatdan getdiyi xəbərlərini ürək agrısı ilə eşidir və bundan çox kədərlənirik.

Bizim ölkəmiz bu bəla ilə mübarizədə ölkə Prezidentinin birbaşa təşəbbüsü ilə vaxtında, operativ və dəqiq müəyyənləşdirilmiş qərarlar, atılan ciddi addımlar nəticəsində daha az itki verdi, xəstəliyin təsir dairəsini xeyli məhdudlaşdırdı və bu nəticələr bir çox ölkələr üçün nümunə kimi qiymətləndirildi. Dövlət öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək, bütün qabaqlayıcı tədbirləri həyata keçirdi, karantin rejimini elan etdi, xarici sərhədləri bağladı, xüsusi fond, maska istehsalı ilə bağlı müəssisələr yaradılmasına dəstək verdi, müayinə və müalicə üçün yeni tibbi kompleks tikdi, xəstəxanaları səfərbər etdi, sosial dəstək aksiyaları və digər təxitəsalınmaz tədbirləri həyata keçirdi.

Lakin, buna baxmayaraq, son müşahidə etdiyimiz proseslər və nəticələr həyəcan təbilini çalmağa, təcili tədbirlər görməyə, hər birimizi ciddi düşündürməyə əsas verir. Xəstəlik əksər yaşayış məntəqələrimizdə surətlə yayılmaqda davam edir, onun təsir dairəsi və coğrafiyası genişlənir. Bu əlbəttə ki, həyatımızın bütün - təhsil, elm, mədəniyyət, səhiyyə, sosial, iqtisadiyyat,  istehsalat və s. sahələrdə ciddi problemlər yaradır. Vətəndaşların yaşam tərzində, hüquqlarında, hərəkətində müəyyən məhdudiyyətlərin qoyulmasına səbəb olur.

Əziz həmvətənlər!

Təcrübə göstərdi ki, bu amansız yoluxucu xəstəliklə mübarizə tək dövlətin gücü ilə mümkün deyil. Ölkə əhalisinin, hər bir vətəndaşın lazımi dəstəyi, məsuliyyəti, töhvəsi olmadan bu bəladan itkisiz qurtula bilmərik. Dövlətin gördüyü tədbirlər ahəngdar olaraq əhalinin fəaliyyəti ilə tamamlanmalıdır. Çox təəsüf ki, çoxumuz əksini edirik.

Dünyanın əksər ölkələrində əhali bu xəstəliklə ölüm-dirim mübarizəsində olarkən əhalimiz, sakinlərimiz qəbul olunan qərarlara etinasızlıq, məsuliyyətsizlik göstərir, hətta, təəsüf ki, aramızda can alan bu xəstəliyə inanmayanlar və bunu təbliğ edənlər də tapılır.

Bütün çağırışlara baxmayaraq, insanlar küçədə maska taxmadan gəzir, nəfəs-nəfəsə alver edir, biri-biri ilə sosial məsafə saxlamadan yaxından təmasda olur, növbələrə durur, hətta, evlərdə məclislərə,  parklarda kütləvi toplaşmağa, kütləvi tədbirlərə belə əl atırlar.

Dəyərli həmvətənlər!

Biz hamımız birlikdə, şüurlu şəkildə, mövcud tələblərə uyğun davranmasaq bu cağrılmamış qonağın -  koronavirusun caynağından qurtara bilməyəcəyik. Ölüm saçan bu təhlükə ölkəmizdə, şəhər-kəndlərimizdə, küçələrimizdə dəhşətli bir kabus kimi dolanmaqdadır! Bu gün həyatımız tək dövlətin, cəmiyyətin əlində deyil, həm də əsas hər birimizin öz əlindədir. Hər bir adamın etdiyi etinasızlıq yüzlərcə insanın həyatına son qoya bilər.

Hamınızı xəstəliklə ciddi mübarizəyə, “Ehtiyatlı ol!” rejiminə keçməyə, özümüzü və əzizlərimizi təhlükədən qoruyaraq, həyatımızı xilas etməyə səsləyirik

Ölkəmizin, xalqımızın gələcəyi, genofondumuzun təhlükəsizliyi naminə, hamınızı bu çağırışlara ciddi yanaşaraq, qoyulan qaydalara məsuliyyətlə əməl etməyə - maska taxmağa, sosial məsafə saxlamağa, ehtiyac olmadıqda küçəyə çıxmamağa, tibbi gigiyenik və sanitar epidemoloji qaydalara əməl etməyə, son dərəcə ehtiyatlı olmağa çağırırıq!

Yalnız birgə həmrəyliyimiz, birliyimiz, sosial və vətəndaşlıq məsuliyyətimiz bizi bu ümumi bəladan qurtara bilər!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !