Ağcabədidə barama tədarükü davam edir - (+FOTO=10, AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə barama tədarükü davam edir (+FOTO=10, AZpress.AZ - Mais Ibrahimov)

 Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bu il ümumilikdə rayon kümçülərinə 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurduların bəslənməsində heç bir çətinlik çəkməyiblər. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 300 mindən çox tut tingi əkilib. Kümçülər də yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından istifadə ediblər. Kümçülər bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Artıq dörd gündür ki, kümçülərin yetişdirdikləri 3454 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilir. Bu il ryon üzrə 60 tona yaxın barama istehsalı proqnozlaşdırılır.
Rayonun Qaraxanlı kənd sakini kümçü Mehdi Həsənov bildirib ki, hələ sovetlər dövründən baramaçılıqla məşğul olur: "Bu sahədə gözəl təcrübəmiz var. Lakin bu gəlirli sahə unudulduğundan uzun illər idi ki, baramaçılıqla məşğul olmurduq. Prezident İlham Əliyevin tapşırığına əsasən baramaçılığın yenidən bərpa edilməsi məni çox sevindirdi. Dövlət tərəfindən baramaçılığa göstərilən qayğıdan ruhlanaraq bir neçə ildir ki, kənd təsərrüfatının bu strateji sahələrində məhsul istehsalı ilə məşğulam. Artıq tədarük etdiyimiz məhsulu təhvil veririk. Növbəti illərdə daha çox gəlir əldə etmək üçün daha çox barama istehsal etməyə çaışacam.
Qeyd edək ki, Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !