BDU-da Riyaziyyatın tətbiqi problemləri mövzusunda Respublika virtual elmi konfransı keçirilir -

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir

İyunun 3-də Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı öz işinə başlayıb.

Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırkı dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır. Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır. Müasir elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə olunur.

Rektor əlavə edib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaradıb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisaslı kadrlar yetişdirərək respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli tövhələr verib.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

Moderator, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədli tətbiqi riyaziyyat sahəsində tədqiqatların interdissiplinar və multidissiplinar xarakteri nəzərə alınaraq BDU-nun bu istiqamətdə araşdırma aparan elmi müəssisələr arasında əməkdaşlığının genişləndirilməsi, dünyanın elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, magistrant və doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində tətbiqi riyaziyyat sahəsində elmi problemlərə diqqətin artırılması istiqamətində  aparılan işləri yüksək qiymətləndirib.
Konfransda “Elektron imtahanların təşkilində informasiya sisteminin hazırlanması”, “Zenit hədəf sürətinin təyin olunduğu atəşi idarəetmə qurğulari üçün optimal dinamik sistemin Maple paketi vasitəsilə qurulması”, “Multiagent sistemlərdə reaktiv agentin işləmə alqoritmi”, “Çoxsektorlu istehsalda optimal idarəetmə modeli”, “Задача обработки тренировочной выборки для нейросетевого метода распознавании речи”, “Parabolik tənlik üçün sərbəst həddin tapılması haqqında tərs  məsələnin variasional qoyuluşu” adlı məruzələr iştirakçıların böyük marağına səbəb olub.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev fakültədə əsaslı nailiyyətlər əldə olununduğunu vurğulayıb və elmi istiqamətdə tədqiqatların davam etdirildiyinə diqqət çəkərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransını 100-dən çox iştirakçı dinləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !