AMEA MEK haqqında yazmalı olduq yenə də… -

AMEA MEK haqqında yazmalı olduq yenə də…

2018-ci ilin oktyabrında “Ölkəmizin uğur örnəyi: AMEA MEK” adlı bir yazım olmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasıyla bağlı gördüklərimi qələmə almışdım. Bu da təsadüfi deyildi. 2014-cü ilin mayından yeni binada fəaliyyətini davam etdirməyə başlayan MEK haqqında sağdan-soldan olduqca xoş soraqlar gəlirdi. Biz də düşünmüşdük ki, bunun sirrini yerindəcə öyrənək, gəzək, görək və doğrudan da deyildiyi kimidirsə, olanları ictimailəşdirək. Məhz o düşüncəylə də MEK-ə bir tanışlıq ziyarətim olmuşdu. Adı keçən yazıda bu haqda geniş yazdığım üçün indi üzərində dayanmaq istəmirəm. Sadəcə qeyd edirəm ki, o günlərdə gördüyüm AMEA MEK həqiqətən də bir uğur örnəyi olmaqla Azərbaycanın üzünü ağardacaq ciddi ehtiyacımız olan qurumlardan biri idi. Sonrakı dövrdə də elə oldu və ümid etmək istərdik ki, bundan sonra da belə olacaq. Lakin almaqda olduğumuz xəbərlər nəsə yaxşı perspektivdən xəbər vermir sanki…
Bu ilin martında kitabxananın direktoru Leyla İmanovanın heç bir səbəbsiz işdən çıxarılması haqqında xəbər aldıq. Təbii ki, AMEA-nın daxili işi olduğunu düşünərək qarışmadıq. Yəni hər bir qurum öz daxilində işçiləri dəyişə bilər, bizim də qarışmağımız doğru olmaz. Lakin sonradan almaqda olduğumuz xəbərlər bu azadetmənin heç də xoş məramlı olmadığını göstərməkdədir.
Nə baş verir? Kitabxanaya Sevil Zülfüqarova adlı bir xanım direktor təyin edilib. Qısa bioqrafiyasında ixtisaslı kitabxanaçı olduğu, müxtəlif qurumlarda məhz bu sahə üzrə işlədiyi, son təyinatdan öncəki iş yerinin AMEA Nəsimi adına Dilçilik İnstitutunda kitabxana direktoru olduğu deyilir. Sadəcə bu qədər. Hansı uğurlarıyla seçilib, özəlliklə də Prezident İlham Əliyevin son illər intensivləşdirdiyi islahatlara hansı töhfələri verib? Bu haqda bilgimiz yoxdur. Ən azından internet üzərindən aradıqda qarşımıza bir şey çıxmır…
Bununla da işimiz yox. Yenə deyirik, bu, AMEA-nın daxili işidir və qarışmırıq. Lakin son günlər qulağımıza çatan xəbərlər bizi vadar etdi ki, məsələnin üzərinə qayıdaq, ümumiyyətlə Leyla xanımın niyə çıxarılması, yerinə niyə Sevil xanımın təyin edilməsi barədə fikirlərimizi paylaşaq.
Beləliklə, bizi hərəkətə keçirən əsas məqam Sevil Zülfüqarovanın “kadr islahatı” aparmaq istəyidir. İndi ki, ölkədə karantin dövrüdür və Prezident İlham Əliyev heç kimi işdən çıxarmamaqla bağlı tapşırıq verib, bu yeni direktor özünəməxsus “çıxış yolu” tapıb. İşçilərə təklif edir ki, ərizənizi yazıb işdən çıxın, mən sizinlə işləmək istəmirəm. Səbəb? Səbəbi biz də öyrənmək istərdik və ümid edirik ki, bu yazımızdan sonra hörmətli yeni direktor məsələyə aydınlıq gətirəcək. İndiliksə belə anlaşılır ki, bu “çiçəyi burnunda direktor” Prezident İlham Əliyevin islahatlar və karantin dövründə işçiləri qorumaqla bağlı çağırışlarını qulaq ardına vurmaq üçün belə bir üsul tapıb…
Və azacıq araşdırma aparmalı olduq ki, niyə bu hadisələr baş verir? Ümumiyyətlə, AMEA niyə MEK direktorunu durub-durduğu yerdə dəyişmək qərarına gəldi? Axı Leyla İmanovanın direktorluğundan heç bir şikayət yox idi. Üstəlik, kollektiv də o qədər mehriban və səmimi idi ki, açığı, bütün kollektivlərin belə olmasını arzu etməmək mümkün deyil. Yəni MEK-də Leyla xanımın dövründə istər ən adi işçi (hətta xadiməyə qədər), istərsə də rəhbərlik arasında hər hansı sədd yox idi. Hər kəs işini vicdanla görürdü. Arzu edən istədiyi vaxt direktorla görüşür, danışır, dərdini deyirdi. Hətta Leyla xanım öz kabinetindən daha çox işçilərin otaqlarında, kitabxananın ayrı-ayrı bölmələrində vaxt keçirirdi. Vaxt keçirirdi deyəndə, yəni boşuna deyil, harada zərurət varsa ora gedir, işçilərlə əl-ələ verib məsələləri həll edirdi. Şəxsən özümə oranın işçiləri o günlərdə də deyib, bu gün də deyirlər ki, Leyla İmanova sadəcə bir rəhbər deyildi, hətta bir hörmətli ailə böyüyü idi kollektiv üçün. Üstəlik, kitabxananın işlərində də heç bir qüsur yoxdu. MEK daim gündəmdə idi. Media az qala gündəlik bu qurumun işindən-uğurlarından yazırdı. Çoxsaylı tədbirlər keçirilir, oraya çox hörmətli şəxslər, xarici ölkələrin diplomatları dəvət edilirdi. Kitabxana fondu isə durmadan zənginləşdirilirdi və bu işlər də dövlətin bir qəpik belə pulu xərclənmədən mümkün olurdu. Demək istədiyim odur ki, Leyla İmanova gündüz çıraqla axtarılası kadrlardan idi. Lakin AMEA rəhbərliyi nəyə görəsə bu qədər uğurlu bir kadrı işdən çıxarmağa qərar verdi.
Nəyə görəsə? Bax, o nəyə görəsə indi bizə bəlli olur. Bu haqda az sonra yazarıq. İndi isə diqqətimizi çəkən bir məqam haqqında qeydimizi etmək istərdik.
İnternetdə axtarış apararkən Sevil Zülfüqarovanın aprelin 21-də yayımlanmış “Sevil Zülfüqarova – MEK evdə qalan oxucuları ilə e-kitablar vasitəsiylə görüşür” başlıqlı geniş bir müsahibəsinə rast gəldik. Oxuduq. Çox maraqlı və əhatəli müsahibədir. Lakin diqqətimizi çəkən əsas məsələ bu deyil. Əsas odur ki, Sevil xanım haqlı olaraq MEK-in çox böyük uğurları haqqında ağızdolusu danışır. Elə bu yerdə sual yaranır: MEK bu qədər uğura kimin rəhbərliyi altında imza atıb? Bir ay öncə direktor təyin edilmiş Sevil Zülfüqarovanın rəhbərliyi altında deyil təbii ki. Əlbəttə ki, öncəki rəhbər Leyla İmanovanın əsəridir bütün bu uğurlar. Elə isə belə bir uğurlu kadrın işdən çıxarılmasını hara yoza bilərik?..
Beləliklə, araşdırmalarımız göstərir ki, Sevil Zülfüqarova sadəcə olaraq akademik, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru və deputat İsa Həbibbəylinin bibisi qızıdır. Yəni onun MEK kimi bur quruma rəhbər gətirilməsinin arxasında bundan başqa ağlabatan, məntiqə dayanan “arqument” tapa bilmirik. Qeyd etdik axı, Leyla İmanova direktor kimi işini ən yüksək səviyyədə həyata keçirməklə kollektivin sevimlisi olub (indi də elə qalır), işdən azad edilməsi üçün hər hansı səbəb olmayıb. Və birdən-birə heç bir səbəbsiz işdən çıxarılıb ki, bu yeri İsa Həbibbəylinin bibisi qızı üçün azad etsinlər. Sevil Zülfüqarova isə sonuncu iş yeri – Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında direktorluğu da daxil olmaqla hər hansı qeyri-adi uğuruyla diqqət cəlb etməyib. Üstəlik, yuxarıda da qeyd etdiyimiz kimi, apreldə verdiyi geniş müsahibədə MEK-in illər ərzində qazandığı uğurlardan həvəslə danışmaqla Leyla İmanovanın nə qədər uğurlu bir rəhbər olduğunu dolayısıyla təsdiq etmiş olub…
Leyla İmanova Prezident İlham Əliyevə Milli Rəqəmsal Yaddaş haqqında məlumat verir. 2014-cü il. 
Bütün bunlara bir də onu əlavə edək ki, hazırda kollektivdə Leyla İmanovanın vaxtında olan səmimiyyətdən əsər-əlamət də qalmayıb. Bunu bizə oranın işçiləri deyir. Özü də heyrət və təəccüblə deyirlər. Çünki illərdir qarşılıqlı sayğı mühitində işləməyə alışmış insanlar birdən-birə bu mühiti pozmaq cəhdi ilə üz-üzədirlər. Yəni direktor dəyişibsə bu o demək deyil ki, yeni gələn köhnədən qalan yaxşı ənənələrin üstündən xətt çəkməlidir…
İndi isə gələk bizi – şəxsən məni narahat edən əsas məsələyə. Niyə bir akademik, deputat, AMEA kimi önəmli bir qurumun vitse-prezidenti, üstəlik Ədəbiyyat İnstitutunun direktoru bu qədər uyğunsuz düşüncəyə sahib olmalıdır? Niyə hansısa qohumunu işə düzəltmək üçün bu şəxs – İsa Həbibbəyli Leyla İmanova kimi gündüz çıraqla axtarılacaq kadrı havaya sovurmalıdır? Niyə də, niyə? Leyla İmanova sadəcə bir kitabxana direktoru da deyil hələ. Adı, sözün əsl anlamında böyük hərflə yazılacaq Akademik Bəkir Nəbiyevin qızıdır bu Leyla xanım. Əsli, nəcabəti onun ləyaqətli bir vətəndaş kimi yetişməsinə, dövlətə və millətə təmənnasız xidməti həyat kredosu seçməsinə səbəb olub. Bəkir Nəbiyev də indiki bəzi əldəqayırma, allahın rus dilini belə düz-əməlli bilməyən akademiklərdən olmayıb. O, dediyimiz kimi, sözün həqiqi anlamında Akademik, böyük Şəxsiyyət və Alim olub. Belə bir insanın övladı da təbii ki, Leyla İmanova kimi dövlətinə, xalqına sadiq, işinə sayğılı – məsuliyyətli birisi olmalıydı. Bəkir Nəbiyev o Akademiklərdən idi ki, heç vaxt hansısa qohumuna görə istedadlı birisini işdən çıxarmağı ağlına gətirməzdi. İndi haqq dünyasında olan o böyük Kişiylə heç vaxt görüşməmişəm. Lakin indinin özündə belə kimdən soruşsanız, Şəxsiyyət olduğunu deyəcəklər. Çünki Adam cılız hesablardan, tayfa düşüncəsindən uzaq birisi idi! Akademik idi Adam, Akademik!
İndi isə bizi düşündürən başqa sualları dilə gətiririk. Ölkədə bu qədər işə – iş yerinə ehtiyacı olan varkən niyə İsa Həbibbəyli kimi adamlar eyni zamanda deputat, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitunun direktoru kimi üç ayrı vəzifə tutmalıdır? Doğrudanmı belə adamlar əvəzedilməzdir? Doğrudanmı Azərbaycan xalqı o qədər istedadsız, bacarıqsızdır ki, dövlətimiz məcbur qalıb eyni adama bir neçə vəzifəni tapşırır? Elə deyil axı! Deyil elə!
Ötən il SOCAR prezidenti Rövnəq Abdullayev və Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanovun eyni zamanda həm də deputat kürsüsündə oturmasıyla bağlı bu sualı vermişdim. Şükür, bu ilin fevralında keçirilmiş Milli Məclis seçkilərində onların heç biri deputatlığa iddia etmədi. Hazırda hər ikisi konkret bir işlə məşğuldur və əminəm ki, daha uğurla işləyirlər. İndi bu İsa Həbibbəyli kimi şəxslər də konkret bir işlə məşğul olsa dövlətin-millətin faydasına olar.
Yeri gəlmişkən, mən Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşam. Qəbul imtahanını İnstitutun o vaxtkı direktoru, mərhum Yaşar Qarayev götürmüşdü. Şəxsiyyət idi o da. Lakin ömür vəfa etmədi, 2002-ci ildə dünyasını dəyişdi. Onda biz düşünürdük ki, direktor vəzifəsinə onun müavini, çox dəyərli alim, milli kadrlarımızdan olan Məhərrəm Qasımlı təyin edilər. Bu, həm də onun haqqı idi. Layiq idi də adam. Lakin İsa Həbibbəyli çıxdı ortalığa. Məhərrəm Qasımlı kimi bir kadr qıraqda qaldı, İsa Həbibbəyli daha bir vəzifəyə sahib oldu. Paralel şəkildə yəni. Bax, bunu anlamağa çətinlik çəkirəm mən. Kimlərsə ümumiyyətlə yaxın buraxılmır, kimlərəsə bir neçə çox vacib vəzifə eyni zamanda peşkəş edilir. Və həmin o bir neçə vəzifəyə sahiblənənlər də ağına-bozuna baxmadan qohum-qardaşlarını vəzifələrə yerləşdirirlər…
Sözardı:
1. Əslində, şəxsən özüm İsa Həbibbəyliyə sayğısı olan biriyəm. Lakin baş verənləri də görməzdən gələ bilmərəm.
2. İddia edilə bilər ki, MEK-in direktorunu AMEA prezidenti Ramiz Mehdiyev dəyişib. Amma bilirik ki, bu proses hələ 2 il öncə – Akif Əlizadə prezident, İsa Həbibbəyli də vitse-prezident olduğu dövrdə başlamışdı. Sadəcə onda ictimai rəydən çəkinib bunu gerçəkləşdirə bilmədilər. İndi isə ictimai rəyi veclərinə almadılar…
3. İndi kimsə çıxıb Leyla İmanovanın ixtisasının uyğun gəlmədiyini xatırladacaq. Ona da cavabımız budur ki, Leyla xanım 2014-2020-ci illər arasında kitabxanaya uğurla başçılıq edib, hər hansı qüsuruna rastlanmayıb. Əksinə, bu qurum yaxşı mənada örnək olub.
4. Bu ölkədə eyni zamanda bir neçə vəzifə tutan təkcə İsa Həbibbəyli deyil. Belələrinin sayı həddən artıq çoxdur. Və o adamların sadəcə məşğul etdiyi vəzifələrə layiq olduğu halda kənarda qalanların da sayı uyğun şəkildə çoxdur…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !