Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib -

Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yeni növ koronavirus pandemiyası şəraitində bu ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş və vaxtında vətənə dönə bilməyən vətəndaşlarımıza maddi və mənəvi dəstək göstərilib.

Özbəkistanın Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində keçirilən tədbirdə Daşkənd, Səmərqənd, Anqren, Yangiyül, Qarşı və digər şəhərlərdə müvəqqəti yaşayan 90 nəfər Azərbaycan vətəndaşına maddi yardım göstərilib.

Tədbirdə çıxış edən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov bildirib ki, indiyədək Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə qardaş ölkədə müvəqqəti çətinliklərlə üzləşmiş və vaxtında vətənə dönə bilməyən vətəndaşlarımıza davamlı olaraq maddi və mənəvi yardımlar göstərilib. Özbəkistandan Azərbaycana qayıdan bilməyən vətəndaşlarımızdan zəruri dəstəyə ehtiyacı olan 50 nəfərə maliyyə yardımı edilib, Qarşı şəhərində fəaliyyətini dayandırmış “Your Equipment Supplier” MMC-nin 39 nəfər işçisi Azərbaycan səfirliyinin və Dövlət Komitəsinin dəstəyi ilə mayın 13-dən iyunun 10-dək müvəqqəti yaşayış yeri və gündəlik qida ilə təmin olunub.

F.Hüseynov qeyd edib ki, vətənə dönə bilməyənlərlə yanaşı, Özbəkistanda yaşayan aztəminatlı azərbaycanlı ailələrə də zəruri yardımlar edilib. Bütün bunlar bir daha sübut edir ki Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, daim öz vətəndaşlarının yanındadır. O, Azərbaycan dövlətinə və rəhbərliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, maliyyə yardımlarının paylanılması üçün yaratdığı şəraitə görə Özbəkistanın Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinə təşəkkürünü bildirib.

Maddi yardım alanlardan soydaşımız Emil Cəfərli bu humanist aksiya üçün Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və bildirib ki, hər kəs səbrsizliklə doğma Azərbaycana qayıdacağı günü gözləyir.

Tədbirdə Azərbaycan səfirliyinin birinci katibi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.

Xatırladaq ki, sərhədlərin bağlanması səbəbindən Özbəkistandan vaxtında dönə bilməyən vətəndaşlarımızdan 50 nəfəri mayın 8-də Təl-Əviv-Daşkənd-Bakı-Təl-Əviv reysi ilə Azərbaycana təxliyə olunub. Bu qrupa əsasən uşaqlı ailələr, qadınlar və xəstələr daxil ediliblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !