Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib - - FOTO

Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verib - FOTO

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin  videokonfrans formatında keçirilən 11-ci  iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub. May-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.

Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084  mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında  əlavə olaraq, təxminən, 1,2 mln. barrel  həcmində ixtisar edəcəklər.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.

İclasda çıxışı zamanı Energetika naziri Pərviz Şahbazov neft bazarında böhran və tələb-təklif arasındakı disbalansa görə mövcud istehsal məhdudiyyətlərinin uzadılması ilə bağlı qərara Azərbaycanın dəstəyini ifadə edib. Nazir deyib ki, neftə tələbatı artıran iqtisadi aktivlik və bazarda balans bərpa olunana qədər hasilatın tənzimlənməsinə həssas və çevik yanaşma davam etməlidir. “OPEC plus” formatı çərçivəsində  neft bazarının sabitləşdirilməsi məqsədli bütün təşəbbüsləri dəstəkləyən Azərbaycan may ayında öhdəliklərinin yüksək səviyyədə icrasına nail olub.”

Müzakirələr zamanı iclasın sədri Səudiyyə Ərəbistanın Energetika naziri şahzadə Əbdül Əziz bin Salman Azərbaycanın neft bazarının tənzimlənməsindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki,  aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !