Ömrünün 40-50 ilini əmək fəaliyyətinə həsr etmiş adamlara niyə "ƏMƏK VETERANI" medalı verilmir? -

Ömrünün 40-50 ilini əmək fəaliyyətinə həsr etmiş adamlara niyə "ƏMƏK VETERANI" medalı verilmir?

 Azərbaycan Respublikası Nazirlər Kabinetinə

və onun struktur bölməsi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə

təklifim var.

Vaxtilə - indi bəyənmədiyimiz Sovetlər dövründə əmək veteranlarına veteran vəsiqəsi ilə yanaşı "Əmək veteranı" medalı da verilirdi. Azərbaycanda "əmək veteranı" adına əmək stajı 40 ildən çox kişilər və stajı 30 ildən çox olan qadınlar görülürlər. Ancaq nədənsə özünün 30-40 il ömrünü əmək fəaliyyətinə həsr etmiş adamlar yalnız müvafiq vəsiqə verilməklə təqaüdə göndərilirlər, medalsız-filansız. Həm də ki, təqaüdə çıxan şəxs veteran vəsiqəsi barədə xüsusi olaraq müraciət etməsə, müvafiq sənədlər toplamasa, müəssisə və təşkilatların kadrlar şöbələri bu işə laqeyd yanaşır, öz veteranlarını eləcə "əliboş" - hətta veteran vəsiqəsi vermədən yola salırlar. Axı, necə ola bilər ki, 40-50 il əmək "cəbhəsində" çalışasan, adicə bir "Əmək veteranı" medalına da layiq görülməyəsən? Axı, yaşı 65-70-i ötmüş əmək adamları həyatının sonuncu təskinliyi, az-çox sevinci ola biləcək belə bir təltifdən niyə məhrum edilirlər? Heç bir əlavə imtiyazı olmayan bu medal haqqı olanlara niyə verilmir?

Bu, sosial diqqətsizlik, ədalətsizlik olmayıb, bəs nədir?

İnanmaq istərdik ki, Nazirlər Kabineti illərlə nəzər-diqqətdən kənarda qalmış bu məsələyə (təbii ki, müharibə vəziyyətində olmağımız bizlərə çox şeyləri unutdurub, ancaq veteranlarımız əbədi deyillər axı... İllər gedir, ömür sona çatır...) diqqət yetirəcək və veteranlarımız tezliklə layiq olduqları medallarla təltif eiləcəklər .

Rəhman ORXAN.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !