"Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib - - FOTO

"Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib - FOTO

İyunun 19-da Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün İran İslam Respublikasının Ərdəbil Universitetinin professoru, Sabalan Yüksək Texnologiyalar Universitetinin qurucu rektoru Yashar Azizianın təqdimatında “Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq alimin fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açıb. O, uzun müddət Bakı Dövlət Universitetində elmi-tədqiqat aparan alimin maraqlı dissertasiya işlərinə imza atdığını diqqətə çatdırıb.

Elmi seminarın moderatoru BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov BDU-da keçirilən onlayn ustad dərslərinin elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.

Yashar Azizian məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib. Nanotexnologiya üzrə aspirantura pilləsində təhsil aldığı müddətdə Fizika fakültəsinin akademik heyətinin verdiyi dəstəyi xüsusi vurğulayıb. Alim BDU-nun Nanoaraşdırmalar Mərkəzində həyata keçirilən elmi tədqiqatların bu sahənin inkişafında böyük rol oynadığını deyib.

Bakı Dövlət Universitetinin qazandığı uğurları daim izlədiyini bildirən Yashar Azizian Fizika fakültəsinin Nanoaraşdırmalar sahəsində əldə etdiyi uğurlardan bəhs edib, ikitərəfli elmi əlaqələrin genişlənməsi, müştərək elmi-tədqiqatların aparılması və birgə elmi seminar, simpozium, konfransların keçirilməsində maraqlı olduğunu vurğulayıb. “Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri” mövzusunda təqdimatla çıxış edən professor Yashar Azizian optik impuls axını, beyinə fiziki və biokimyəvi proseslər vasitəsilə məlumat çatdırılması prosesi, sıxlıq, dalğa uzunluğu, qütbləşmə, bucaq təcili və radial rejimi, kvant optikası və quruluşlu işıq problemləri, strukturlaşdırılmış işıq, rəqəmsal simulyasiya istiqamətlərində elmi mülahizələrini iştirakçıların nəzərinə çatdırıb.

Təhsilin təşkilinin stimullaşdırılması və onlayn tədris prosesinin davamlılığının təmin edilməsi məqsədilə keçirilən seminar iştirakçıların elmi diskussiyası ilə yadda qalıb.

Elmi seminar Universitet alimlərinin mövzu ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !