Baxıram dünyaya sənin gözünlə... - QASIM QASIMZADƏ - 97

Baxıram dünyaya sənin gözünlə... QASIM QASIMZADƏ - 97

 Baxıram dünyaya sənin gözünlə,
harda işıq varsa iz səninkidir.
Baxışlarım dan yerinə od saçır –
zülmətə köz salan göz səninkidir.

 

Oldum sərnişini nur gəmisinin,
bu da meracıdır eşq dəlisinin,
Rəbbimin ən gözəl təcəllisini
görürəm qarşımda üz səninkidir.

 

Ruhun ucalarda şad olsun deyə
oxu, nələr vermiş Tanrı bəndəyə,
mən yerdən göylərə yüksələn ayə -
üstündən qalxdığım miz səninkidir.

 

Dar eylərəm qaranlığın yerini,
zülmət dələn taleyim bir mərmimi,
sən özün cəm eylə qəlpələrimi,
göyə ulduz-ulduz düz, səninkidir.

 

Mən hicran qənimi, vüsal dəmiyəm,
içirəm ruhundan, dəmlər dəmiyəm,
tənimlə badəyəm, ruhumla meyəm,
içəlim bu meyi, süz, səninkidir.

 

Yerişim, duruşum, qaçışım səndə,
həvəsim, ilhamım, uçuşum səndə,
göylərin, yerlərin Rəbbi önündə
səcdəyə gedirəm, diz səninkidir.

 

Canın canımdadır, qanın qanımda,
ayrılmaz ruhlarıq Tanrı yanında,
qiyamət günündə, məhşər anında
sənsən şəfaətçi, söz səninkidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !