BAŞIMIN ÜSTÜNDƏ VƏ ÜRƏYİMDƏ - - Rafael Hüseyn yazır...

BAŞIMIN ÜSTÜNDƏ VƏ ÜRƏYİMDƏ - Rafael Hüseyn yazır...

 İş otağımda bir gecənin içərisində bir şagirdin çəkdiyi portret daim başımın üstündə, gözümün qarşısındadır.
O portret 1907-ci ilin qəmli son noyabr günündə Bakı küçələrindən keçib.
O çağacan Bakı küçələri heç vaxt belə izdihamlı bir matəm yürüşü görməmişdi.
Həsən bəy Zərdabini əziz Vətən torpağına tapşırmağa aparırmışlar və cənazənin önündə gedən, Ustadı canlıymış kimi təsvir edən portreti şagirdi göz yaşları içərisində elə həmin gecə çəkib tamamlayıbmış.
Çağdaş Azərbaycan düşüncəsi və zövqünün şəkillənməsində, mənim nəzərimcə, müstəsna xidmətləri olanların ən birincisi elə Həsən bəy Zərdabidir.
Onun adına və bu milləti millət etmək naminə çəkdiyi zəhmətlərə sayğı və sevgi həmişə ürəyimdədir.
Haqqında bir neçə dəfə yazmışam, verilişlər hazırlamışam. Amma azdır. Hələ gərək çox yazam. 
Ona mənim də, əslində hər bir Azərbaycan aydınının da əvəzi çətin qaytarılacaq borcu var.
Həsən bəy Zərdabi ilk növbədə müəllim idi və onun müəllim, həm də böyük hərflərlə yazılan millət müəllimi olmaq məziyyəti yalnız indi – aradan iri zaman parçası keçəndən, gördüyü misilsiz işlərin bəhrələri ortada olandan sonra müəyyənləşən həqiqət deyil.
Müasirləri də onu bir müəllim olaraq qəbul edirdilər, qavrayırdılar və bunu açıqca da söyləyirdilər.
Seyid Əzim Şirvanı “Əkinçi”yə ünvanladığı mənzum məktubunu belə başlayırdı:

“Ey Həsən bəy, müəllim-i dana!”

Seyid Əzim Həsən bəyə “müəllimi-i dana” deyirdi.
Yəni sadəcə müəllim yox, danəndə, çox bilikli, dərin müəllim.
Seyid Əzim Həsən bəyə:

“Ey edən əhl-i aləmi ehya”

-deyirdi. Yəni sadəcə müəllim yox, çox bilikli müəllim də yox, həm də aləmi dirildən, yüksəldən mühitinə həyat, inkişaf təkanı verən müəllim!
Seyid Əzim Həsən bəyə:

“Ey çatan aləmə səfa səndən”

deyirdi. Yəni Həsən bəy Zərdabini elə bir müəllim sayırdı ki, onun əməkləri və çalışmaları ilə bu xalqa saflaşma, mənən sağlamlaşma, paklaşma qismətdir.
Seyid Əzim bu müşahidələrini edib bu sözləri yazanda onlar hər ikisi həyatda idilər.
Əsrlər keçib, minillər dəyişib.
Əslində hər ikisi yenə sağdır və həmin sözlərin gerçəyi də bu gün dünənkindən daha artıq duyulur!..
Bu gün - iyunun 28-i böyük Ustadın, əziz Həsən bəyin doğum günüdür.
Ruhu şad olsun!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !