Azərbaycan-İran sərhəddində atışma - - Ölənlər var

Azərbaycan-İran sərhəddində atışma - Ölənlər var

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

 

Həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub. Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib.

 

Sərhəd zastavası “Silaha!” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər.

 

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb.

 

Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

 

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

 

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !