Magistrlik dissertasiya işlərinin müdafiəsinə start verilib - - FOTO

Magistrlik dissertasiya işlərinin müdafiəsinə start verilib - FOTO

İyulun 1-dən etibarən Bakı Dövlət Universitetində (BDU) magistrlik dissertasiya işlərinin onlayn müdafiəsinə start verilib.

BDU-nun Coğrafiya, Jurnalistika, Fizika və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində magistr tələbələrin dissertasiya işlərinin müdafiəsi keçirilib. Mövcud pandemiya və karantin rejiminin tələbləri nəzərə alınaraq magistrantlar hazırladıqları dissertasiya işlərini onlayn formada müdafiə ediblər.

4 fakültə üzrə 37 ixtisaslaşmada 137 magistrlik işi müdafiə olunub.

Müdafiəyə BDU-nun rektoru Elçin Babayev, Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, fakültə dekanları, dekan müavinləri və kafedra əməkdaşları qatılıb. İxtisaslaşdırılmış Elmi Şuranın sədrlərinin rəhbərliyi ilə keçirilən müdafiə prosesində magistrantlar öz dissertasiya işlərini yüksək səviyyədə təqdim ediblər.

Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparılıb, Şura üzvləri çıxış edərək sual, təklif və tövsiyələrini səsləndiriblər. Dissertasiya işlərinin müzakirəsindən sonra səsvermə yolu ilə təqdim olunan işlər müsbət qiymətləndirilib.

Magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında həyata keçirilir. Bu və ya digər səbəbdən onlayn müdafiədə iştirak edə bilməyən magistrantlar üçün magistrlik dissertasiyasının müdafiəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada təşkil edilib.  Müdafiə prosesi ilə bağlı qaydalar BDU-nun Elmi Şurası tərəfindən təsdiqlənib və bütün proses həmin qaydalara uyğun olaraq aparılır.

Bütövlükdə magistratura səviyyəsində 768 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulub.

Dissertasiya işlərinin müdafiəsi 10 iyula kimi davam edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !