Ölkəmizdə yeni dövrə uyğun siyasi mühit formalaşır - – Rufiz Qonaqov

“Ölkəmizdə yeni dövrə uyğun siyasi mühit formalaşır” – Rufiz Qonaqov

İqtidarın təşəbbüsü ilə həyata keçirilən siyasi açılımın məntiqi nəticəsi olaraq bu gün bir sıra müsbət qərarların şahidi oluruq.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər cəmiyyət tərəfindən də müsbət qarşılanıb.
İqtidar-müxalifət dialoqu formatına doğru irəliləyən proses partiya rəhbərləri tərəfindən də alqışlanır. Bu proses çərçivəsində qısa zamanda 7 partiya haqqında qərar qəbul olundu. Belə ki, Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası və Müstəqil Xalq Partiyası rəsmi olaraq dövlət qeydiyyatana alındı. Bir neçə gün öncə isə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.
Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Maraqlıdır, bu proses ölkənin siyasi mühitinə necə təsir göstərəcək? İqtidar-müxalifət dialoqu, partiyaların qeydiyyat məsələsinin və digər problemlərinin həlli siyasi institutların inkişafına səbəb olacaqmı?
Məsələ ilə bağlı danışan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Azərbaycanda yeni bir siyasi mühitin formalaşdığını deyib:
“Hazırda ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi aparılır. Bütün bunlar ölkəmizdə yeni bir mühitin formalaşdığını göstərir. Bilirik ki, ölkədə artıq rəsmi olaraq 59 siyasi partiya var. Azərbaycan iqtidarı bütün partiyalarla dialoq aparmaqla, onların problemlərini dinləməklə yenidən siyasi iradə ortaya qoydu. Həqiqətən də son dövr ərzində 7 siyasi partiya haqqında Ədliyyə Nazirliyinin müsbət qərarının şahidi olduq. Bu partiyaların bəzirlərinin səndələrində dəyişiklik, qurultaylarının qərarları təsdiq edildi, bəziləri isə ilk dəfə dövlət qeydiyyatına alındı. Bundan sonra isə Prezident Admistrasiyasının müvafiq şöbəsinin rəhbəri ilə partiya sədrləri arasında görüş keçirilib. Ümumiyyətlə, son zamanlar siyasi partiyalarla görüşün keçirilməsi, dialoqun aparılması ölkədə vətəndaş həmrəyliyinin, birliyinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bildiyim qədər pandemiya ilə mübarizə sahəsində siyasi partiyalar qarşısında duran vəzifələr onlarla müzakirə olunub və təklifləri dinlənilib. Bu, həm də siyasi partiyalarla ölkədəki problemlərin birgə həlli istiqamətində bir şansdır. Artıq Azərbaycanda yeni dövrə uyğun siyasi mühit formalaşır. Bu mühitin formalaşmasında da siyasi partiyalarla bağlı verilən qərarların, onlarla keçirilən görüşlərin mühüm əhəmiyyətini görürük”.
Vilayət Muxtar
Cebhe.info 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !