Baş redaktor: Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir -

Baş redaktor: “Sərəncam Prezidentin media üçün təklif etdiyi yeni baxış modelidir”

"Prezident İlham Əliyev mütəmadi olaraq gözləntilərdən də vacib qərarlar qəbul edib. Prezidentin qərarları hər zaman ölkə vətəndaşının maraqlarını ən yüksək səviyyədə təmin edib"

AZpress.AZ-ın məlumatına görə, bu fikirləri QHT.az saytının baş redaktoru, "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Cəsarət Hüseynzadə qeyd edir ki, jurnalistlərin sosial-məişət şəraitinin həddindən artıq ağır olduğu bir dönəm var idi:

"Çıxış yolu kimi müxtəlif təkliflər irəli sürülürdü. Jurnalistlər üçün torpaq sahəsinin ayrılması, kooperativlərin yaradılması, güzəştli kreditlərin verilməsi və s. Cənab İlham Əliyev heç kimin gözləmədiyi halda, torpaq sahəsinin ayrılması, jurnalistlər binasının tikilməsi və təmirli mənzillərin jurnalistlərə verilməsi haqqında göstəriş verdi. Vacib addımların atılması liderlərin xarizmasından, problemə münasibətindən və onun həlli üçün düzgün qərar vermək bacarığından irəli gəlir. Prezident İlham Əliyev məhz elə liderlərdəndir ki, verdiyi qərar ölkə vətəndaşının mənafeyinə hesablanır və dövlətin gələcəyini müəyyən edir."

Baş redaktor bildirir ki, dünyada Covid-19 pandemiya hökm sürdüyü, ölkələrin iqtisadiyyatının xeyli zəiflədiyi bir məqamda cənab Prezident qeyd etdi ki, heç bir sosial layihə ixtisar edilməyəcək. Çünki dövlətin əsas hədəfi vətəndaşına dəstək olmaqdır:

"Media camiyyəsində müəyyən tərəddüdlər var idi ki, pandemiya şəraitində mətbuatın 145 illik yubileyi müəyyən mənada arxa plana keçə bilər. Əksinə ölkə başçısı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında çox mühüm sərəncam imzaladı. Bu sərəncam əvvəlki illərdən daha əhatəlidir və yeni imkanları ilə seçilir. Prezident media mənsubları ilə görüşündə hər zaman deyir ki, jurnalistlər mənim köməkçilərimdir, bəzi məlumatları mediadan alıram və dərhal tədbir görürəm.

Yüksək səviyyədə jurnalistlərə etimad göstərən ölkə başçısı məhz Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması ilə bağlı təklifləri də, müxtəlif mənbələrdən əldə etməyi üstün tutdu. Çünki buna qədər bu prosesdə müəyyən çatışmazlıqların olması və təkliflərin bir mənbədən gəlməsi faktları var idi. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi öz əksini tapıb. Bu məqam sərəncamın mühüm hissəsidir və hesab edirəm ki, islahatlar prizmasından ölkə başçısının media üçün təklif etdiyi yeni baxış modelidir".

Cəsarət Hüseynzadə vurğulayıb ki, sərəncamda ölkə başçısı dövlətin mətbuata münasibətinə diqqət çəkir və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların mətbuatın inkişafındakı roluna toxunur:

"Prezident bu sərəncamda eyni zamanda müasir dövrdə medianın inkişaf üçün vacib olan yol xəritəsinin konturlarını cızır. Dövlət başçısı həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətləri olduğunu xatırlatmaqla mətbuatın yeni mərhələyə daxil olması üçün çağırış edir.Cənab prezident mətbuatın inkişafı ilə bağlı, jurnalistlərin sosial məişət problemlərinin həlli ilə bağlı xeyli sayda qərarlar verib. Gələn bütün təkliflərə öz müsbət münasibətini bildirib. Bu da ölkə başçısı tərəfindən söz və mətbuat azadlığına verilən qiymət və dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyev tərəfindən atılan bütün addımlar mətbuatının inkişafına xüsusi töhfələr verib.

 Xüsusən həssas dönəmdə jurnalistlərə göstərilən bu diqqət üçün cənab prezidentə təşəkkür edirəm, hesab edirəm ki, sərəncam jurnalistlər üçün əlavə stimul olmaqla yanaşı, ölkəmizdə medianın yeni inkişaf modelinin formalaşması üçün əsas olacaq".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !