Dr.Xəyal Məmmədov: "Məqsədimiz birdir: xəstələri həyata qaytarmaq! - - FOTO

Dr.Xəyal Məmmədov: "Məqsədimiz birdir: xəstələri həyata qaytarmaq!” - FOTO

Bu gün bütün Azərbaycan COVİD-19-un əsirinə çevrilib, Vətənimiz qırmızı zonalar sırasındadır. Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv Terapiya şöbəsi də həyatının ən çətin günlərini yaşayır. İyunun 11-dən buraya daxil olan ağır koronavirus xəstələrinin sayı artır. Əvvəllər də bu şöbənin işi ən ağır sayılsa da, narahat kombinezonlarda, isti havada, ağır maskalarda və eynəklərdə işləmək bu ağırlığı, gərginliyi daha da artırır.

Belə çətin şəraitdə işləyən həkimlərimizdən biri də Dr.Xəyal Məmmədovdur. Dr. Xəyal Məmmədov 1996-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra ATU-da anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili alıb. 1997-2019-cu illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Baş Hərbi Klinik Hospitalın Təxirəsalınmaz Yardım və Anesteziologiya-Reanimasiya şöbəsinin həkim ordinatoru, şöbə rəisi, 2013-2019-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş anestezioloq-reanimatoloqu kimi çalışmışdır.

2019-cu ildən Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq kimi işləyir. 2020-ci ilin əvvəllərində Almaniya Federativ Respublikasının Essen şəhərində yerləşən “Elisabeth Krankenhaus” xəstəxanasında ikiaylıq təkmilləşdirmə kursunda iştirak etmişdir. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Dr.Xəyal Məmmədov işi barədə deyir: “Hər gün yaşamaq uğrunda mübarizə aparan ağır xəstələri görmək və onlara yardım etmək çox ağırdır. Burada söhbət tək fiziki ağırlıqdan getmir. Onların əziyyət çəkdiklərini gördükdə, mənəvi cəhətdən yüklənirsən, çalışırsan ki, nəyin bahasına olursa-olsun, xəstəni bu vəziyyətdən çıxarasan. Bəzən qəfil və qəti qərarlar verməli oluruq. Məqsədimiz birdir: xəstələri həyata qaytarmaq! Mən inanıram ki, gözəgörünməz düşmənlə mübarizədə gec-tez qalib gələcəyik”.

- (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118

#Xəyalməmmədov #reanimatoloq #anestezioloq
#pandemiya #covıd19 #koronavirus
#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !