Azərbaycan Qaytağı rəqsləri toplusu işıq üzü gördü. -

“Azərbaycan Qaytağı rəqsləri” toplusu işıq üzü gördü.

1983-cü ildən günümüzə kimi gözəl vətənimiz Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək xalq rəqslərini toplayan tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənlinin araşdırmalarının səmərəli nəticəsi kimi “Azərbaycan Qaytağı rəqsləri” toplusu, BMA-nın rəhbərliyinin dəstəyi nəticəsində işıq üzü görmüşdür.Bu topluda Qaytağı rəqslərinin yaranma tarixi, onun növləri, ifa məziyyətləri, eləcə də, ritmik xüsusiyyətləri geniş təhlil olunmuş və 30 adda, “yox olmaq təhlükəsi” altında olan rəqsin not yazısı işıqlandırılmışdır.
Topludaki Qaytağı rəqsləri vaxtilə Azərbaycanda çox məşhur olan, lakin illər ötdükcə unudulmağa məruz qalan qədim oyun havalarıdır.Unudulmasının səbəbi isə vaxtında bu rəqs növünün toplanmaması və araşdırılmamasıdır.Azərbaycanın tanınmış musiqişünası Bayram Hüseynli Halayların və Yallıların toplaması ilə yanaşı Qaytağıların da toplanıb işıq üzü görməsinin arzusunda idi. Lakin zaman keçdikcə həmin arzunun reallaşması R.Bəhmənliyə nəsib olmuşdur.Rauf Bəhmənli qocaman musiqiçilərin ifasından, ustad sənətkarların söylədiklərindən əldə etdiyi tarixi faktlara əsasən bu rəqslərin istər adlarının, istərsə də, onların musiqisinin, melodik dilinin Azərbaycana məxsus olduğunu, hansı bölgədə, hansı tarixi ərazidə yarandığı haqqında maraqlı məlumatlar aşkar etmişdir.
Qaytağı rəqsinin kökü tarixin qaranlıq səhifələrinə getməsinə baxmayaraq müasir dövrdə bütün Qafqaz xalqları tərəfindən məişətin bir hissəsi kimi istifadə edilən xalq rəqsinə çevrilmişdir.Hər Qafqaz xalqı bu rəqsi özünəməxsus adlandırırdı (ləzqinka, kabardinka və.s).Adının kökünü R.Bəhmənli qədim Qafqaz Albaniyasinda (indiki Azərbaycan ərazisi) yaşayan mərd,sücaətli Qaytağ xalqı ilə əlaqələndirir.
Öz köklərinə görə döyüşçü rəqsi olan Qaytağı, vaxt keçdikcə məişətdən bir sıra keyfiyyətləri də özündə ehtiva etməyə başlayır.O, yarış, xoreoqrafiya oyunu,rəqs-duet çalarları alır.Bunun örnəklərini biz Rauf müəllimin “Azərbaycan Qaytağı rəqsləri” toplusunda görə bilərik.Bu məcmuənin sonunda rəqslərin oyun qaydaları da geniş təsfir edilmişdir.
Belə topluların işıq üzü görməsi mədəniyyətimiz ücün çox vacibdir,çünki onların nəfis tərtibatda hazırlanmaları və gələcək nəsillərə ötürülməsi mənfur düsmənlərimiz tərəfindən rəqslərimizin mənimsənilməsinin qarşısını alır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !