Dr.Təranə Göyüşova: Əminəm ki, tezliklə bu sınaqdan da alnı açıq, üzü ağ çıxacağıq - - FOTO

Dr.Təranə Göyüşova: “Əminəm ki, tezliklə bu sınaqdan da alnı açıq, üzü ağ çıxacağıq” - FOTO

 Ölkəmizdə COVİD-19 pandemiyası səngimək bilmir. Koronavirusa yoluxmaların sayının artdığı şəraitdə həkimlərin və bütün tibb işçilərinin işi gərginləşib. Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin işi ikiqat artıb. Burada formalaşan reanimatoloqlar komandası daha gərgin iş rejiminə keçərək, şöbəyə daxil olan xəstələri həyata qaytarmaq üçün gecə-gündüz çalışırlar.

Təcrübəli həkim, anestezioloq-reanimatoloq Dr.Təranə Göyüşova komandanın digər üzvləri kimi, doğmalarından ayrı düşüb, Hospital koronaviruslu xəstələri qəbul edən gündən ailəsini görmür. Amma Təranə xanım işin gərginliyinə baxmayaraq, yorulmaq bilmədən çalışır və inanır ki, tezliklə bu bəla Vətənimizin üzərindən sovuşacaq.

Dr.Təranə Göyüşova 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, 2002-2003-cü illərdə 1 saylı şəhər klinik xəstəxanasında interna keçmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı kimi başlamışdır.

Dr.Təranə Göyüşova 2003-2005-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2005-2013-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2013-2018-ci illərdə Milli Onkologiya Mərkəzində həkim-anestezioloq-reanimatoloq kimi işləmişdir. Dr.Təranə Göyüşova 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında anestezioloq-reanimatoloq kimi çalışır.

Təranə xanım həmişə olduğu kimi, bu ağır günlərdə də insanların sağlamlığının keşiyindədir. O, deyir: “Bu günlər işimizin ağırlığı hamıya məlumdur. Həqiqətən, şöbəmizə daxil olan ağır xəstələrin yanında olmaq, onların çəkdiyi əzabları görmək çox çətindir. Onlardan çoxu nəfəs ala bilmir, boğulurlar. Onlara kömək etmək üçün gecə-gündüz işləməyə hazıram və əminəm ki, tezliklə bu sınaqdan da alnı açıq, üzü ağ çıxacağıq”.

-  (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118

#Təranəgöyüşova #reanimatoloq #anestezioloq
#pandemiya #covıd19 #koronavirus
#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !