COĞRAFIYAÇI ALIM AZƏRBAYCAN TELEVIZIYASINDA KÜR ÇAYINDAKI PROBLEMLƏRDƏN DANIŞIB -

COĞRAFIYAÇI ALIM AZƏRBAYCAN TELEVIZIYASINDA KÜR ÇAYINDAKI PROBLEMLƏRDƏN DANIŞIB

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov Azərbaycan televiziyasında yayımlanan "Telesəhər" musiqi-informasiya proqramının qonağı olub.
Coğrafiyaçı alim verilişdə Kür çayında suyun səviyyəsinin aşağı enməsi məsələlərinə aydınlıq gətirib. O, çayda suyun azalmasının səbəblərini açıqlayarkən bildirib ki, Azərbaycanın su ehtiyatının 70 faizi qonşu ölkələrdə formalaşıb ölkəyə gələn suyun səviyyəsindən asılıdır. 2014-cü ildən başlayaraq son 6 il ərzində Azərbaycana daxil olan Kür suyunun həcmi 25 faiz azalıb, yəni ölkəyə suyun cəmi 4-də biri çatır. Bir neçə gün qabaq akademik Ramiz Məmmədovla Kür ətrafı ərazilərdə çayı tədqiq edərkən Neftçala, Salyan rayonlarında 60 km. ərazidə Xəzərin Kürə qarışdığını müşahidə etdiklərini deyən mütəxəssis sakinlərin şirin su qıtlığından əziyyət çəkdiklərini qeyd edib.
Alim yaranmış vəziyyəti düzəltmək üçün təcili olaraq Kürün deltasını Xəzər dənizinə qovuşan yerdə asılı materiallardan və gildən təmizləməyin vacib olduğunu vurğulayıb. Əks təqdirdə, Kürün suyu artarsa, bu, daşqınlara səbəb ola bilər. M.Həsənov bildirib ki, qlobal istiləşmə ilə əlaqədar buxarlanmanın artması, buzlaqların, eləcə də yağıntıların azalması da Kürdə suyun səviyyəsini aşağı salan səbəblərindəndir.
Alim, həmçinin istifadə olunmuş suyun təmizləndikdən sonra dənizə axıdılmasını israfçılıq hesab edərək onun təkrar emalını məqsədəuyğun hesab edib və hamını suyun istifadəsində qənaətcil olmağa səsləyib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !