Azərbaycanda koronavirus karantini: Məhsulumuzu gətirib Bakıda sata bilmirik - -FOTO=2

Azərbaycanda koronavirus karantini: “Məhsulumuzu gətirib Bakıda sata bilmirik” -FOTO=2

Azərbaycanda koronavirus karantini ilə əlaqədar şəhərlərarası hərəkət məhdudiyyəti tətbiq edilməsi kənd təsərrüfatı məhsullarını Bakıya gətirib satanları, onların təbirincə, "çörəksiz" qoyub.
Şamaxıda yaşayan fermer Əminə Hüseynova şikayətlənir ki, indi məhsulu elə öz yaşadığı rayonda dəyər-dəyməzinə satmağa məcburdur.
Kənd Təsərrüfatı Nazirliyindən  bildirilib ki, fermerlər karantin müddətində məhsullarını digər şəhərlərə minik nəqliyyat vasitələri ilə yox, yalnız yük maşınlarıyla daşıya bilərlər.
Azərbaycanda martın 29-dan xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, o cümlədən yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Ölkədə ümumilikdə koronavirus infeksiyasına yoluxma 1000-dən çox adamda aşkarlanıb. 11 nəfər isə ölüb.
“Elə bil 5-6 adam işləyir, amma birinin pulunu alırsan”
Hərəkət qadağası Şamaxıdan Bakıya hər gün məhsul gətirib satan Əminə Hüseynovanın dolanışığına təsir edib: o, indi həyətinin məhsulunu paytaxta gətirə bilmir.
Bakıdan təxminən 120 kilometr məsafədə yerləşən Şamaxıda yaşayan 42 yaşlı Əminə Hüseynova hər gün süd və süd məhsulları, göyərti, bəzən də meyvə-tərəvəzi ailənin şəxsi avtomobilində paytaxta gətirib burada satırmış.
Amma koronavirusla mübarizə üçün ölkəboyu elan edilən karantin və hərəkət məhdudiyyəti onun məhsulunu ucuz satmağa məcbur edib: “Bakıya gedəndə öz məhsulumuzu satırdıq, bəzən qonum-qonşudan yumurta, toyuq-cücə də alıb aparırdıq, biz də qazanırdıq, onlar da. İndi gedə bilmirik deyə burada neçəyə gəldi, satırıq. Sizə bunu belə anladım də: elə bil ki, 5-6 nəfər işləyir, amma bir adamın pulunu alırıq”.
Kənd təsərrüfatı ilə məşğul olanlar necə hərəkət edə bilər?
Əslində Azərbaycanda kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkət məhdudiyyəti yoxdur.
Ölkədə yayılan koranavirus pandemiyasına görə, hökumət bəzi müəssisələrdə iş fəaliyyətini dayandırsa da, kənd təsərrüfatı sahəsinə bəzi güzəştlər verilib.
Baş nazir Əli Əsədovun aprelin 4-də verdiyi qərara görə, fermerlərə, tədarükçülərə, aqronomlara, baytar həkimlərə və digər lazımi işçilərə xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalına, idxalına, tədarükünə və təchizatına, o cümlədən daşınması, emalı, satışı kimi işlərlə məşğul olmağa “hərəkət icazəsi” verilir.
Amma kənd təsərrüfatı ilə məşğul olan şəxslər olduqları kənd daxilində hərəkəti sərbəstdir, kəndlərarası və rayon-kənd arası, o cümlədən şəhərlərarası hərəkət etmək üçün isə müvafiq qurumlardan arayış almalıdırlar.
“Nazirlik məhsulu fermerlərdən “qapı-qapı toplaya bilməz”
Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Vüqar Hüseynov BBC News Azərbaycancaya bildirib ki, karantin dövründə bütün iaşə və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırıldığına görə “alıcılıq qabiliyyəti aşağı düşüb və bu, təbii haldır”.
Onun sözlərinə görə, Aqrar Tədqiqatlar Mərkəzi xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarına daxili təlabatın 5.1 faiz aşağı düşdüyünü müəyyənləşdirib.
Vüqar Hüseynov bildirib ki, rayonlardan Bakıya məhsul gətirmək istəyən fermerlər bunu xüsusi ölçülü maşınlarla təşkil edə bilərlər.
“Karantin rejimi olsa belə, ərzağa olan təlabat mütləq ödənilməlidir və hazırda bu təmin olunur. Bu gün hər kəs kənd təsərrüfatı məhsulunu iri və orta tonnajlı maşınlarla rayonlarası və şəhərlərarası tam sərbəst daşıya bilir. Məhsulun kiçik maşınlarla gətirilməsinə icazə verilmir, çünki sui-istifadə halları həddən artıq çox olur”.
Vüqar Hüseynov söyləyir ki, nazirlik bölgələrdə kənd təsərrüfatı məhsullarının tədarükü ilə məşğuldur, lakin məhsullar fermerlərdən “qapı-qapı toplana bilməz”.
Cənab Hüseynov qeyd edir ki, məhsullarını başqa rayonlara və ya Bakıya gətirib satmaq istəyən kiçik fermerlər ümumi daşınma təşkil edə bilərlər:
“Dövlət deyir ki, orta və iri tonnajlı maşınlarla gətirib satın. Vətəndaşlara tövsiyə edirik ki, əgər kiminsə Bakıya məhsul gətirməyə imkanı yoxdursa, kənddə yığışaraq məhsulu bir orta və ya iri tonnajlı avtomobilə yükləyə, sürücünün də yanında bir nəfər olmaqla Bakıya gətirib sata bilərlər. İnsanlar anlamalıdır ki, onların sağlamlığı 30 yumurtadan, 5 dəstə göyərtidən qat-qat vacibdir”.
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Aprel ayının əvvəlindən isə ölkədə sərt karantin rejimi tətbiq edilir, insanlar küçəyə xüsusi icazə ilə çıxırlar.  BBC News

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !