BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib - - FOTO

BDU-da Ulu Öndərin hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib - FOTO

İyulun 9-da Bakı Dövlət Universiteti (BDU) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçiliği ilə 14 iyul - Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 51-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana siyasi rəhbər seçilməsindən sonra respublikamızın ictimai-siyasi, sosial-mədəni həyatının bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırıb. Respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə keçmiş SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrildiyini bildirib.

E.Babayev qeyd edib ki, 1993-cü ildə xalqımızın Heydər Əliyevin hakimiyyətə qayıtmasını təkidlə tələb etməsi heç də təsadüfü deyildi. Tarixi qayıdış ilə Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. Onun həyata keçirdiyi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtararaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrirdi. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev iti zəkası, müdriklikliyi, uzaqgörənliyi ilə zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Rektor Ulu Öndər sayəsində əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə təkcə böyük şəxsiyyət olduğunu nümayiş etdirməyib, həm də qətiyyət və siyasi iradəsi sayəsində mənsub olduğu xalqı və qurduğu dövləti dünya miqyasında tanıdıb. Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışından dərhal sonra qanunvericilik sahəsində islahatlar aparıldığını, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, ilk parlament seçkilərinin keçirildiyini, gənclər siyasəti, mədəniyyət, idmanın inkişafı sahəsində əhəmiyyətli addımlar atıldığını diqqətə çatdıran E.Həsənov Ulu Öndərin Azərbaycan xalqını ağır vəziyyətdən çıxararaq uğura qovuşdurması, müstəqilliyin dönməzliyinin, əbədiliyinin təmin olunması ilə yadda qaldığını bildirib.

Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Əli Hüseynli xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. Natiq Ümummilli Liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun səmərəli fəaliyyətini də diqqətə çatdırıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi iqtisadi-sosial və torpaq islahatlarından danışıb. Düzgün işlənmiş və müvəffəqiyyətlə həyata keçirilən neft strategiyası dünya ölkələrinin Azərbaycana olan marağını artıraraq ölkəyə xarici investisiyaların axınına şərait yaradib. M.Quliyev onu da əlavə edib ki, görülən qətiyyətli tədbirlər nəticəsində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrilib. Sənaye ilə yanaşı ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi.

Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən böyük siyasət adamı Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıdıb, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirib, Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirib. Dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz rolundan söz açaraq ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməlinin məhz Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığını bildirib. Natiq qeyd edib ki, 1982-ci ildə H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi Ulu Öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramının bariz nümunəsi idi.

Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin intensiv inkişaf mərhələsini təşkil edir. Heydər Əliyevin siyasi, sosial-iqtisadi, elm-təhsil, ictimai və mədəni həyatın bütün sahələrində, ordu quruculuğu sahəsində apardığı islahatlar, bu sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması Azərbaycanın müasir inkişafının təminatıdır. Ulu Öndər fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. Natiq eyni zamanda Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqətindən, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbiri 150-dən çox iştirakçı dinləyib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !