İncəsənət, Dil və Ədəbiyyat İnstitutun onlayn iclası keçirilib -

İncəsənət, Dil və Ədəbiyyat İnstitutun onlayn iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən onlayn iclasda 2020-ci il üzrə yarımillik fəaliyyətə dair hesabat dinlənilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbərlik etdiyi müəssisədə yarım il ərzində həyata keçirilən elmi təşkilatı işlər, əldə olunan mühüm elmi nəticələr və digər məsələlərlə bağlı çıxış edib. Qeyd olunub ki, 2020-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 prоblem üzrə 1 mövzunu əhatə edən 6 işin 24 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Hesabat ilində əməkdaşlarının 121 elmi əsəri, о cümlədən biri xaricdə olmaqla 3 monoqrafiyası, 3 kitabı, 26-sı xaricdə olmaqla 65 elmi məqaləsi və 50 konfrans materialı dərc olunub. Çap olunan əsərlərin 12-si xaricdə olmaqla 62-si beynəlxalq kodludur. Əməkdaşların müxtəlif mətbu orqanlarında 267 qəzet məqaləsi nəşr olunub. Habelə KİV-də mütəmadi olaraq Naxçıvanın ədəbi və mədəni mühiti, görkəmli şəxsiyyətləri, folkloru, ərazinin qədim etnogenezi, xalq yaradıcılığı, o cümlədən yallı xalq ənənəvi qrup rəqsləri, eləcə də sənətkarların həyat və fəaliyyəti ilə bağlı çıxışlar edilib.
İnstitutun təsis etdiyi “Axtarışlar” jurnalının birinci nömrəsi nəşri edilib, ikinci nömrəsi isə çapa hazırlanıb.
Vurğulanıb ki, əməkdaşlar 16 beynəlxalq, 10 respublika, 23 muxtar respublika səviyyəli elmi konfransda iştirak edib. Həmçinin bu dövrdə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, AMEA-nın Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Dilçilik İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, eyni zamanda Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası və digər elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.
Qeyd olunub ki, institutda elmi-tədqiqat işləri ilə bağlı seminarlar, Elmi Şuranın iclasları keçirilib. İclaslarda da gənc elmi işçilərin beynəlxalq və respublika səviyyəli elmi tədbirlərdə iştirakı, elmi jurnallarda məqalələrinin dərc olunması və digər məsələlər gündəmdə saxlanılaraq onlara lazımi istiqamət və tövsiyələr verilib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !