Şura birdəfəlik yardımların verilməsinə dair Təlimat qəbul edib! -

Şura birdəfəlik yardımların verilməsinə dair Təlimat qəbul edib!

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası şəffaflığı, aşkarlığı və hesabatlılığı maksimum səviyyədə təmin etmək, xüsusi karantin rejiminin tələblərini qorumaq və 26 qurumla birgə həyata keçirdiyi 2020-ci il qrant müsabiqələrinin qalibi olan QHT layihələri çərçivəsində əhalinin həssas kateqoriyasından olan ailələrə ərzaq və tibbi yardımların müvafiq ünvanlara tez və etibarlı şəkildə çatdırılmasına nail olmaq məqsədilə təlimat hazırlayıb. Yardımların çatdırılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin poçt xidməti vasitəsilə həyata keçiriləcək.

Layihələrində sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlara birdəfəlik yardımın verilməsini nəzərdə tutan bütün QHT-lərdən bu TƏLİMAT-la yaxından tanış olmağı və onun bütün bəndlərinə əməl etməyi xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müqavilələri çərçivəsində pandemiyadan əziyyət çəkən və sosial cəhətdən dəstəyə ehtiyacı olan vətəndaşlara QHT-lər tərəfindən ediləcək birdəfəlik yardımların verilməsinə dair
 


TƏLİMAT


- QHT ilk növbədə icra etdiyi layihəyə uyğun olaraq yardıma ehtiyacı olan vətəndaşların siyahısını hazırlamalı və bu siyahını Şura Katibliyi ilə razılaşdırmalıdır.
 


Siyahıda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:


- Yardım ediləcək şəxsin soyadı, adı və atasının adı;
- Ünvanı;
- Telefon nömrəsi;
- Ailə tərkibi;
- Sosial statusu (pensiyaçı, işsiz, tənha, əlilliyi olan şəxs və s.);
- Digər qurumlardan yardım alması barədə məlumat;
- QHT-nin bu vətəndaşı necə müəyyən etməsi barədə qeyd (QHT-nin fəaliyyət göstərdiyi ərazidə yaşaması, vətəndaş müraciəti əsasında və s.).

QHT yardım paketinə (ərzaq, tibbi ləvazimat və gigiyenik vasitələr) daxil olan məhsulları Şura Katibliyi ilə razılaşdırmalıdır.
 


Siyahıda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:


- Məhsulun adı;
- Çəkisi və ya sayı;
- Qiyməti;
- Alındığı yer.
 


Yardımın qablaşdırılma və çatdırılma qaydası


- Yardımlar hər ailə üçün ayrıca qutuda qablaşdırılmalıdır;
- Qutunun üzərində Şuranın və QHT-nin loqosu və adı yazılan A4 formatında vərəqlər yapışdırlmalıdır;
- Yardımların paylanması ərazi üzrə yerləşən Azərpoçtun yerli filial və şöbələri vasitəsilə həyata keçirilməlidir;
- Yardım paketinə daxil olan məhsullar poçtun binasında qablaşdrılmalı və poçt vasitəsilə ünvana çatdırılmalıdır;
- Məhsulların qablaşdırılması Şuranın nümayəndəsinin iştirakı ilə həyata keçirilməlidir;
- Qablaşdırılmanı əks etdirən foto və ya videolar çəkilməlidir;
- Hər bir yardımın ünvana çatdırlması haqqında müvafiq poçt sənədi Şuranın katibliyinə təqdim olunmalıdır.
 


Xüsusi qeydlər:


- QHT ərzaq mallarının etibarlıq müddətinə məsuliyyət daşımalı;
- Yardım paketinə tez xarab olan məhsullar daxil edilməməli;
- Yardımlar yalnız Şura ilə razılaşdırılmış siyahı üzrə müəyyən edilən şəxslərə paylanılmalı;
- Yardım paketinə daxil olan məhsulların növü Şura ilə razılaşdırılmadan alına və paylanıla bilməz;
- Hər ailə üzrə yalnız bir şəxsə yardım verilə bilər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !