Təhsil naziri "Birincilərin birinciləri" ilə görüşüb - - FOTO

Təhsil naziri "Birincilərin birinciləri" ilə görüşüb - FOTO

İyulun 10-da Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərən 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülən məktəblilərlə onlayn formatda görüş keçirib.

"Microsoft Teams" platforması üzərindən təşkil edilən görüşdə Təhsil naziri Ceyhun Bayramov qalibləri təbrik edərək pandemiya dövründə yaşanan çətin günlərdə onların qazandıqları uğurun çox sevindirici hal olduğunu deyib.

Şagirdlərin uğurlarında  yüksək fədakarlıq göstərən müəllimlərin roluna da toxunan Təhsil naziri bu yaxınlarda Azərbaycan təhsilində özünəməxsus əməyi olan Naqif Nəbiyevin vaxtsız vəfatından hər kəsin kədərləndiyini qeyd edib və bunu təhsil ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirib. Nazir Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Respublika Fizika Olimpiadasının sədri, istedadlı alim və müəllim olan Naqif Nəbiyevin bir çox məktəblinin fizikadan respublika və beynəlxalq olimpiadalara seçimi və hazırlıq prosesində əvəzsiz xidmətlərini də sadalayıb. Təhsil naziri Naqif Nəbiyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı ifadə edib, Allahdan ona rəhmət diləyib.

Ceyhun Bayramov çıxışının sonunda pandemiya dövründə hər kəsin təhsilin əlçatanlığı və davamlılığının təmin edilməsi istiqamətində səy göstərdiyini vurğulayıb. Nazir bütün qalibləri bir daha təbrik edərək onlara uğurlar arzulayıb və bildirib ki, ökəmizin bu cür parlaq zəkaya sahib övladlarının olması gələcəyə inamı daha da artırır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !