Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub - - FOTO

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub - FOTO

İyulun 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə videokonfrans keçirilib. Onlayn konfransda Qaydalar üzrə fəaliyyəti həyata keçirən aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransa başlamazdan əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərməsi nəticəsində həlak olmuş şəhidlərimizin ailələrinə başsağlığı verərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Daha sonra mövzu üzrə çıxışına davam edən B.Muradova erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinin aktual ailə problemlərindən olduğunu diqqətə çatdıraraq bildirib ki, erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir: “Bu, həmin hallarla rastlaşan qızların fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə təmsil etməsinə bir sıra problemlər yaradır. Bütün bunlar həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq bu qadınlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər”.

Komitə sədri erkən nikah halları ilə bağlı statistik rəqəmləri diqqətə çatdıraraq bildirib ki, ayrı-ayrı iqtisadi rayonlar üzrə bu faktları nəzərdən keçirdikdə müəyyən olunub ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə vermişdir: “Qırmızı xəttə daxil olan bölgələr: 1. Aran iqtisadi rayonu üzrə 96 fakt; 2. Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 46 fakt; 3. Bakı şəhəri üzrə 36 fakt; 4. Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilmişdir”. O, eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını da qeyd edərək, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayının 4392 olduğu halda, 2018-ci ildə bu rəqəmin 2129, 2019-cu ildə isə 2120 olduğunu vurğulayıb.

B.Muradova “erkən nikah” və “uşaq evliliyi” anlayışlarının normativ-hüquqi sənədlərdə müvafiq dəyərləndirilməsinə ehtiyac olduğunu bildirərək, Davamlı İnkişaf Məqsədlərinin 5-ci bəndində hədəflərdən birinin belə nikahların aradan qaldırılması olduğunu qeyd edib. Komitə sədri qohumlar arasında bağlanan nikahlara da toxunaraq bildirib ki, bu cür nikahlar irsi xəstəliklər başda olmaqla bir çox mənfi fəsadların yaranmasına səbəb olur. Bu kimi problemlərin qarşısını almaq üçün Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalar mühüm əhəmiyyət kəsb edir. Sənəd maarifləndirmənin aparılma prinsipləri, vasitələri, istiqamətləri, maarifləndirməni həyata keçirən dövlət qurumlarının dairəsini və onların funksiyalarını müəyyən edir.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erkən nikah və qohumlar arasında baş verən nikah hallarının qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatlarının birlikdə fəaliyyət göstərərək, səylərinin gücləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, maarifləndirmə və təbliğat işi ancaq qadınlarla deyil, eləcə də yeniyetmə və gənc oğlanlar arasında da aparılmalıdır. Hər il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində problemin daha çox rast gəlindiyi bölgələrdə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edən M.Qurbanlı diqqətə çatdırıb ki, problemlərin həlli istiqamətləri müxtəlif ola bilər, lakin təcrübə göstərir ki, sosial məsələlərin həllində maarifçilik, insanlarla ünsiyyət, izahat işlərinin aparılması daha effektiv nəticə verir. Ölkə ərazisində məscidlərdə ancaq rəsmi təyinatı olan din xadimlərinin fəaliyyət göstərdiyini qeyd edən M.Qurbanlı bildirib ki, həmin din xadimləri də rəsmi nikah olmadan dini kəbin kəsilməsinin qanunazidd olduğunu bilirlər. Əgər hansısa bir bölgədə erkən nikaha səbəb olacaq dini kəbinin qeydə alınması halları məlum olarsa, bu zaman hüquq-mühafizə orqanları məsələyə müdaxilə edir və məsələ araşdırılır.

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxışında Təhsil Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərini, layihələri və qəbul edilmiş yeni sənəddən irəli gələrək görüləcək işləri diqqətə çatdırıb. O bildirib ki, ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür: “9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir. 2010-cu ildə ümumi təhsilin dövlət standartları sənədi və 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi təsdiq edilmişdir. Həmin sənəddən irəli gələrək bu il nazirlik tərəfindən ümumi təhsilin dövlət standartları sənədinə dəyişikliklər edilərək hökumətə təqdim edilmişdir və həmin dəyişikliklər arasında yer alan başlıca məqamlardan biri sənədə səriştələrin və dəyərlərin salınmasıdır. Azərbaycanda təhsilin məzmununda kifayət qədər dəyərlərə, ailə dəyərlərinə yer ayrılmasına baxmayaraq, hazırda strateji sənəd olan dövlət standartları sənədində artıq bu, daha geniş yer tutacaq və növbəti mərhələdə bu sənəd əsasında proqramlar yenilənəcək və yeni dərsliklər hazırlanacaq”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasında 3 mühüm komponentə diqqət ayrılmasının vacibliyini vurğulayıb və bu amillərə təhsil və maarifləndirmə, ictimai qınaq və hüquqi məsuliyyət daxil olduğunu bildirib. O, qeyri-hökumət təşkilatlarının reallaşdırdığı layihələrdə bu məsələlərin də hər zaman yer aldığını və həmin layihələrin qiymətləndirilməsi zamanı ekspert rəyinin önəminə diqqət çəkib.

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov nazirlik tərəfindən qeyd edilən istiqamətlər üzrə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib və gənclərin hədəf qrupu kimi nəzərə alınması işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov hər bir fəaliyyətin həyata keçirilməsində statistik məlumatların mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdıraraq, demoqrafiya, qadın və uşaq məsələləri ilə bağlı göstəricilərin təkmilləşdirilməsi istiqamətində işin davam etdirilməsini qeyd edib. Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova Nazirlər Kabinetinin müvafiq qərarının icrasından irəli gələrək qohumlar arasında nikahların statistikasının aparılması istiqamətində tədbirlərin görüldüyünü bildirərək, vətəndaşlıq aktları qeydlərinin tərtibatına yeni bəndin əlavə edilməsi, əməkdaşların nikaha daxil olan şəxslərin məlumatına əsasən qeydiyyatın aparılması zamanı müvafiq məlumatların daxil edilməsi üzrə təlimatlandırılmasının həyata keçiriləcəyini qeyd edib.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Səhiyyə Nazirliyinin İctimai və Səhiyyə İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babayeva, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin dini icmasının sədri Hacı Surxay Məmmədli, Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri vəzifəsini icra edən Fazil Novruzov da çıxış edərək mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər. Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən yeni qaydalar aidiyyəti dövlət orqanları tərəfindən gənclərin erkən nikahların və qohumlar arasında nikahların mənfi nəticələri barədə maarifləndirilməsi işinin daha məqsədyönlü şəkildə aparılmasına imkan verəcək.

Konfransın yekununda erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair işin aparılması və bu istiqamətdə effektiv nəticələrin əldə edilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsi və koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsinin vacibliyi ilə bağlı razılıq əldə olunub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !