"Pir Ömər Avaxıli Şirvani türbəsi" arxeoloji sahəsinin gələcək konservasiyası və ziyarət konsepti haqqında -

"Pir Ömər Avaxıli Şirvani türbəsi" arxeoloji sahəsinin gələcək konservasiyası və ziyarət konsepti haqqında

2020-ci ilin yanvar-iyun aylarında Prof.Dr. Qafar Cəbiyev tərəfindən aparılan arxeoloji tədqiqatlar zamanı Pir Ömər Avaxıli Şirvaninin qəbiri, türbəsi və türbəsinin kitabəsi aşkar olunmuşdur. Türbə kvadratformalı binaya malik olub, qərb tərəfdən qapısının üzərində kitabəsi olmuşdur. Kitabədə Şeyx Ömərin 1409-cu ilin iyul ayında vəfat etdiyi yazılmışdır. Türbədə Şeyx Ömərə məxsus yalnız bir qəbir vardır. Türbənin ətrafında digər şəxslərə, ehtimal ki, tələbələrinə, yaxınlarına aid qəbirlər vardır. XIX əsrə aid belə qəbirlərdən biri xəlifəsi Bayəzid Piraninin nəslindən Şeyx Cəlilə, digəri isə onun oğlu Allahvermişə məxsusdur.
Pir Ömər Avaxıli Şirvaninin yeni qılıf türbəsi hazırlanarkən bəzi məqamlara diqqət edilməlidir:
1. Abidənin arxeoloji xüsusiyyəti: Abidə 12x14 metr ölçüsündə qazıntı sahəsindən ibarətdir. Burada türbə, qəbir kameraları, qəbir daşları və qoz ağacından ibarət qalıqlar vardır. Arxeoloji abidənin qorunma xüsusiyyəti konservasiya formasında aparılmalı, bütün qalıqlar olduqları yerdə saxlanmalıdır. Abidənin konservasiyası zamanı hər hansı yad materialdan istifadə edilməsi qəbuledilməzdir.
2. Pir Ömərin xəlvətiliyin qurucusu olması: Abidə konservasiya olunarkən Pir Ömərin xəlvətilyin qurucusu olması nəzərə alınmalıdır. Pir Ömər 40 gün davam edən xəlvəti əsas almış, nəfsin tərbiyəsində, insanlarda psixoloji xəstəliklərin müalicəsində tətbiq etmişdir. 40 günlük xəlvətin rəmzi kimi davamçılarına 40 dilimli papaq geyinməyi məsləhət görmüşdür. Bu gün bütün dünyada xəlvətilər başlarına həmin 40 dilimli papağı qoyurlar. Pir Ömər müəyyən vaxtlarda müridlərin ağac koğuşunda xəlvətə çəkilmələrini tətbiq etmişdir. Xəlvətilərin səsli etdikləri yeddi zikri Pir Ömər müəyyənləşdirmişdir. Xəlvətiliyin əsas duası isə Seyid Yəhyanın formalaşdırdığı "Səttar virdi"dir.
3. Xəlvətiliyin hal-hazırda fəal olması: Xəlvətilik hal-hazırda fəaldır. Bir tədqiqatçı kimi mənim Türkiyə, Misir, Əlcəzair, Makedoniya, Albaniya və digər ölkələrin xəlvəti şeyxləri və müridləri ilə əlaqələrim var. Onlar Pir Ömər türbəsinin və kitabəsinin aşkar olunmasından xəbərdardırlar. Onlar xəlvətiliyin qurucusunun yeni qılıf türbəsinin necə olacağı ilə maraqlanırlar. Çünki oxşar memarlıqda türbələri öz ölkələrində də tətbiq etmək istəyirlər. Onlar Pir Ömərin qəbirinin açılması zamanı torpağın da tütyə-xatirə kimi saxlanılmasını və xəlvətilərə ehtiyac olduqca paylanmasını da arzu edirlər. Eləcə də qoz ağacının parçalarından tütyə-xatirə kimi istifadə edilməsini və öz ölkələrində istəyən müridlərinə verilməsini arzulayırlar. Sufilər türbənin ziyarətə açılmasını gözləyirlər.
4. Dark (axirət dünyası) turizm konsepti: Axirətlə bağlı bütün abidələr konsept olaraq Dark turizmə aiddir. Dünyada hər zaman turistlərin daha çox ziyarət etdiyi yerlər içərisində türbələr, qəbristanlıqlar gəlir. Mövləviliyin qurucusu Mövlanə Cəlaləddin Ruminin Konyadakı türbəsi Türkiyədə ikinci ən çox ziyarət olunan abidədir. Xəlvətiliyin qurucusu Pir Ömərin türbəsini də hər il on minlərlə adamın ziyarət edəcəyi ehtimal edilir. Dark turizm konsepti üçün qaranlıq, soyuq, axirəti xatırladan elementlərin işlənməsi önəmlidir.
5. Avaxılın təbii şəraiti: Avaxıl təbii şərait baxımından sərt iqlimə malikdir. Burada qış qarlı olur, çovğunlar müşahidə edilir. Ona görə də qılıf türbə bu çətin şəraiti nəzərə almalı və xəlvətiliyin xəlvət ruhuna uyğun olmalıdır. Hər hansı şüşə və digər materiallarla işlənilməsi həm abidənin ruhuna, həm də təbiətə uyğun olmayacaqdır.
Təklifim: Pir Ömər Avaxıli Şirvani qılıf türbəsi dəmir-beton konstruksiyalı müasir örtük-bina olmalıdır. Konservasiya standartlarına uyğun olaraq arxeoloji qalıqlar üzərində bir materiallı örtük-qılıf tikmək olar. Qeyd: bu təcrübə Gəncə İmamzadə türbəsində uğurla tətbiq edilib. Qılıf-binanın üzərində günbəz ola bilər. Günbəzə səmadan baxarkən xəlvətilik papaqlarının 40 dilimli təsviri görünə bilər. Türbənin içərisi yarıqaranlıq olmalı, xəlvət görüntüsü verməlidir. Turistlər içəridə əsas üç kontent ətrafında məlumat almalıdırlar: birincisi, xəlvətiliyin tarixi və Pir ömərin şəxsiyyəti; ikincisi arxeoloji qalıqlar haqqında informasiya, üçüncüsü epiqrafik kitabələr haqqında məlumat. Birinci kontent üçün informasiya panelləri istifadə ediləcək. İkinci kontent üzrə konservasiya olunmuş arxeoloji qalıqlara - türbə, qəbir kameraları və qoz ağacına baxılacaqdır. Üçüncü kontent üzrə qılıf türbənin divarına bərkidilmiş daş kitabələrə baxılacaq. İçəridə həzin səslə xəlvətilərin duası olan "Səttar virdi" səslənə bilər.
Kitabədə deyildiyi kimi "Allah Pir Ömərin əziz ruhunu təqdis eləsin!"
Fariz Xəlilli
Arxeoloji abidələrin konservasiyası üzrə mütəxəssis
tarix üzrə fəlsəfə doktoru

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !