Düşmənə öz dili ilə cavab vermək üçün onun dilini öyrənmək lazımdır - - Almaz Həsrətin mətbuata açıqlanması

Düşmənə öz dili ilə cavab vermək üçün onun dilini öyrənmək lazımdır - Almaz Həsrətin mətbuata açıqlanması

Mətbuata açıqlamam:
Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət hesab edir ki, informasiya mədəniyyətli cəmiyyətin formalaşdırılması üçün ilk növbədə ailə və orta təhsildə buna xüsusi diqqət ayırmaq lazımdır: “Çünki təhsilin insanı şəxsiyyət kimi formalaşdırması ilə yanaşı, ən ümdə vəzifələrindən biri də informasiya mədəniyyətli insan yetişdirməsidir. Çünki yanlış məlumatlara inanıb, onları tirajlamaq, mənbəyə əsaslanmadan yaymaq, informasiyanı dəqiqləşdirmədən paylaşmaq müharibə zamanında və şəraitində yanlış nəticələrə gətirib çıxarmaqla, həm cəmiyyətdə psixoloji sarsıntının genişlənməsinə, həm də yeni nəsil üçün yalan mənbələrin rol oynamasına gətirib çıxara bilər”.
“Tarixdə də belə olub ki, düşmənə öz dili ilə cavab vermək üçün onun dilini öyrənmək lazımdır. Bu, çox yaxşı məqamdır. Lakin biz 30 ildir ki, gözləmə mövqeyində qalmışıq. 30 il bir gəncin nəsil kimi formalaşması deməkdir. Biz 30 ilin heç olmasa, 15-20 ilini düşmənin dilinin öyrənilməsi ilə məşğul olsaydıq, əmin olun ki, öz dili ilə də cavablarını verərdik. Lakin bir məsələ də var ki, statistikaya əsasən, onların əksəriyyəti ermənicə yazsa da, hamısı rus dilini bilir və hətta, Azərbaycan dilini belə, azərbaycanlı olub doğma dilində danışa bilməyən, danışmaq istəməyənlərdən qat-qat yüksək səviyyədə bilirlər. Çünki onların məqsədləri planlı şəkildə bizim dili öyrənmək və bizim dilimizlə də bizə cavab qaytarmaqdır”, - müsahibimiz vurğulayıb.
A.Həsrətin fikrincə, erməni dilindən daha çox, digər xarici dilləri bilmək daha vacibdir: “Şəxsən mən ermənilərdən daha çox beynəlxalq aləmi düşmən kimi görürəm. Çünki həmin beynəlxalq aləm məhz ermənilərə dəstək olur. Ona görə də mənə erməni dilini bilmək önəmli deyil, mənə önəmli olan digər xarici ölkələrin dilini bilməkdir. Çünki ermənilərin hamısı rus dilini bilir və bizi anlayır. Buna baxmayaraq, kimin erməni dilini öyrənmək istəyi varsa, öyrənsin və öyrədilməsi üçün də mərkəzlərdə kurslar açılsın, erməni dilini bilənləri isə bu mərkəzlərə cəlb edib təlimlər keçsinlər”.
Müsahibə üçün Mərahim Nəsib bəyə təşəkkür edirəm. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !