Dr.Eldəniz Hüseynov: İşimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək. - - FOTO

Dr.Eldəniz Hüseynov: “İşimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək.” - FOTO

 Bu gün Mərkəzi Gömrük Hospitalı ən ağır koronavirus xəstələrini qəbul edir. Hospitala daxil olan hər bir koronavirus xəstəsi isə Radiologiya şöbəsinin həkimləri tərəfindən müayinə olunur. Xəstələrin rentgen və kompüter tomoqrafiyasını həyata keçirməklə bu şöbə COVİD-19 xəstələrinə dəqiq diaqnozun qoyulmasında və buna uyğun müalicə almasında əvəzolunmaz rol oynayır.

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi - uzman radioloq Dr.Eldəniz Hüseynov və onun rəhbərliyi altında çalışan peşakar komanda koronaviruslu xəstələrin ilkin diaqnostikasında və sonrakı müalicəsinin müxtəlif dövrlərində radioloji müayinələr aparırlar. Kompüter tomoqrafiyası vasitəsilə COVİD-19 xəstələrinə diaqnoz qoyulur və eyni zamanda xəstəliyin ağciyər toxumasının zədələməsinin həcmi təyin edilir. Bu isə öz növbəsində həkimlərə xəstəliyin ağırlıq dərəcəsini təyin etmək imkanı verir.

Rentgen müayinəsi isə əsasən reanimasiya şöbəsində ağır vəziyyətdə, süni tənəffüs aparatında və eləcə də ECMO cihazında olan xəstələrin ağciyərlərində olan dəyişiklikləri dinamik olaraq təqib etməkdə müstəsna əhəmiyət kəsb edir. Belə ağır xəstələrdə gündəlik və ya mütəmadi çəkilən rentgen filmləri hər dəfə tibb işçilərinə xəstəliyin sağalması və ya ağırlaşması ilə əlaqədar zəruri məlumatlar verir. Eləcə də xəstələrin ECMO cihazına qoşma və ya ondan ayırmasında klinik və laborator göstəricilərlə yanaşı radioloji görüntülər də vacib rol oynayır.

Eyni zamanda bəzi xəstələrdə xəstəliyin gedişatına bağlı olaraq qarın boşluğu orqanları prosesə cəlb olunduğundan, ultrasəs müayinəsi də aparmaq ehtiyacı yaranır. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi - uzman radioloq Dr.Eldəniz Hüseynovun rəhbərliyi altında yüksəkixtisaslı həkimlər briqadası: radioloq Dr.Emin Məmmədov, rentgenoloq Dr.Nataliya Astraxanseva, həkim sonoloqlar: Dr.Günay Əhmədova və Dr.Tükəzban Abdullayeva Hospitalın şöbələrində yerləşdirilən koronavirus xəstələrinin radioloji müayinəsini həyata keçirirlər.

COVID-19 infeksiyasının diaqnostikasında döş qəfəsinin rentgenoqrafiyası və kompüter tomoqrafiyasının nəticələrinə əsaslanaraq xəstələrə düzgün və dəqiq diaqnozun qoyulması xəstəliyin gedişatına və müalicənin nəticəsinə birbaşa təsir edir. Bu məsul işdə onlara orta tibb işçiləri: böyük tibb bacısı İradə Tağıyeva, texniklər: Gülnarə Bağıyeva, Gülşən İbişova, Nuranə Nurəliyeva, Cəfər Cəfərli, Nuranə Bayramova, Zeynəb Əliyeva yardımçıdırlar. Şöbənin bütün əməkdaşları 24 saat koronavirus xəstələrinin xidmətindədir.

Şöbənin rəisi Dr.Eldəniz Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir. 2010-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında təhsilini davam etdirmişdir. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalının radiologiya şöbəsinin rəisidir.

O, 2011-ci ildə Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda və Türkiyədə Türk radioloji dərnəyinin aylıq simpoziumlarında, 2018-ci ildə Ankarada Türk Maqnit Rezonans dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir. Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans dərnəyinin üzvüdür.

Dr.Eldəniz Hüseynov deyir: “COVİD-19 xəstələrində əsasən ağciyərlərinin zədələnməsinə görə, kompüter tomoqrafiyası və rentgen müayinələri əsas radioloji müayinələr olaraq ön plandadır. Rentgen və kompüter tomoqrafiyasının nəticələrinə əsaslanaraq xəstələrə dəqiq diaqnozun qoyulması müalicənin nəticəsinə birbaşa təsir edir. Buna görə də işimizi elə qurmuşuq ki, Hospitala daxil olan və müalicə alan kovidli xəstələrə 24 saat ərzində operativ və keyfiyyətli tibbi xidmət göstərək”.

- (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !