BDU-nun Jurnalistika fakültəsinin magistrantı Kənan Novruzov yazır: - BDU bir ailədir

BDU-nun Jurnalistika fakültəsinin magistrantı Kənan Novruzov yazır: BDU bir ailədir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Bakı Dövlət Universitetinin (BDU-nun) elan etdiyi esse müsabiqəsinin mükafatını, düzü, çoxdan gözləyirdim.

Bilənlər bilir, yaradıcı adamlar üçün belə müsabiqələr həm də sınaq xarakteri daşıyır. Odur ki, elə bəri başdan universitet rəhbərliyinə, rektora minnətdarlığımı bildirirəm. Elə bu minnətdarlıq fonunda da qeydlərimi davam etdirirəm: müsabiqədə ancaq birinci, ikinci və üçüncü yerlərə layiq görülünlərin mükafatlandırılacağı ilk günlərdən məlum idi. Amma bir neçə ay əvvəl nəticələr elan olunanda qəribə sürprizlə qarşılaşdım. Həvəsləndirici mükafata layiq görüldüyümə görə, bir az məyus olsam da, qeyd etməyi özümə borc bildiyim və yazının mahiyyətini daşıyan məqam məni dəfələrlə artıq sevindirdi. Rektorumuz ilk üçlükdə qərarlaşanlardan savayı, digər iştirakçılara da böyük bir jest göstərərək, həvəsləndirici mükafatlar da ayırmışdı. Halbuki dediyim kimi, bu, hər birimizdən ötrü gözlənilməz idi. Bir xeyli tələbə, o cümlədən fakültə yoldaşlarımdan ikisi - magistrant Nigar Abbasova ilə bakalavr pilləsinin birinci kursunda təhsil alan Əsgər İsmayılov ali məktəb rəhbərliyinin sözügedən humanist təşəbbüsünə görə sevinənlər sırasında oldular.


Məlum olduğu kimi, koronavirus pandemiyası BDU ilə tələbələr arasındakı əyani əlaqələrə müəyyən qədər mane olub. "Gözəgörünməz düşmən" iradəmizə zidd şəkildə bizi ali təhsil müəssisəmizdən ayrı salıb. Belə bir çətin şəraitdə də rektorumuz Elçin müəllimin qayğısını hiss etmək, onun diqqətindən kənarda qalmamaq çox sevindiricidir. Deməli, universitetdaxili münasibətlər formallıqdan çox uzaqdır.


Dörd il qoynuna sığındığım doğma universitetdə təxminən iki ay sonra magistr təhsilinə başlayacağam. Universitetimizin bu - növbəti humanist addımından, tələbələrin ruh yüksəkliyini və rifahını daim diqqətdə saxladığını göstərən jestindən sonra çoxdandır, bələd olduğum bir həqiqətin yenə təsdiqini tapdım: BDU bir ailədir. Əlbəttə, mən jurnalist kimi yetişdiyim bu ailədən mümkün qədər gec ayrılmaq istəyirəm.


Kənan Novruzov
BDU-nun Jurnalistika fakültəsinin magistrantı

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !