Aquahack yarışmasının qalibi olan AzTU komandası mükafatlandırıldı -

“Aquahack” yarışmasının qalibi olan AzTU komandası mükafatlandırıldı

“Aquahack” ilk virtual hakaton yarışmasının əsas qalibi olan Azərbaycan Texniki Universitetinin (AzTU) “Arducoman” komandasının üzvlərinə fəxri fərman, sertifikat və mükafat təqdim olunub. Mükafatlandırma mərasimində rektor Vilayət Vəliyev və “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev iştirak edib. Onlar komandanın üzvlərini təbrik edib, yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, “Aquahack” Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Hackathon Azerbaijan” komandası ilə mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirdiyi su mövzusunda ilk virtual hakatondur.

Yarış suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etmək məqsədilə keçirilib.

AzTU-nun  “Arducoman” komandası münsiflər heyətinin qarşısında virtual formada öz layihəsini təqdim edərək 30-dan çox komanda arasından ən yüksək bal toplayıb və yarışın qalibi olub. Qalib komanda 5 min manat mükafat qazanıb. Bundan başqa AzTU-nun Elmi Şurasının qərarı ilə tələbələr universitet tərəfindən də mükafatlandırılıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !