«ƏR və ARVAD» tamaşası -

«ƏR və ARVAD» tamaşası

AzPRESS xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr rejissoru fakültəsinin IV kurs tələbələri üçün əlamətdar bir gün olacaq. Belə ki, həmin gün onlar 4 illik təhsillərinin, əziyyətlərinin bəhrəsini bizimlə bölüşəcək və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının müvəqqəti olaraq yerləşdiyi Dənizçilərin Mədəniyyət Evində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin «Ər və arvad» operettasının tamaşasını nümayiş etdirəcəklər. Bu münasibətlə, gənc-tələbə aktyorlarımızı, eləcə də, etüddən başlayıb böyük səhnədə bitən bu çətin və məsuliyyətli yolda onların əlindən tutan müəllimləri təbrik edir və «Ər və arvad» komediyasının səhnə təcəssümünə qısaca da olsa nəzər salmaq istərdim.
1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış «Ər və arvad» komediyası Şərqin ilk operettasıdır. Üzeyir bəyin musiqili komediya janrında ilk əsəri olan «Ər və arvad» 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkində göstərilib və bununla da Musiqili Komediya Teatrının əsası qoyulub. Rollarda Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Mirzağa Əliyev çıxış ediblər. Daha sonra əsərə 1939-cu ildə (H.Əliyev) və 1942-ci ildə (Şəmsi Bədəlbəyli) yenidən quruluş vermiş və böyük uğur qazanmışdır. Və ən nəhayət 2010-cu ildə əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyləri münasibətilə yenidən tamaşaya hazırlandı. Bu dəfəki quruluşun müəllifi teatrın baş rejissoru Yusif Əkbərov, quruluşçu drijoru Nazim Hacıəlibəyov, rəssamı isə Eldar Qurbanov olmuşdur. Yeni quruluşda rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, aktyorlar Ələkbər Əliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov ifa etdilər.
Musiqili Komediya Teatrı rəhbərliyinin sifarişinə əsasən Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcov partiturası qalmamış, klavirləri də tam halda əldə olmayan "Ər və arvad" operettası üzərində bərpa işi aparmış, birsəsli xor nümunələrinin ikisəsli və dördsəsli variantlarını da işləyib yazmışdır. O, əsərin klavirində olmayan bir neçə musiqi parçasını tapıb bərpa etmiş, bütünlükdə onun musiqisini yenidən orkestrləşdirmişdir. Beləliklə, kollektivin birgə səyi, gərgin əməyi nəticəsində "Ər və arvad" tamaşası müvəfəqiyyətlə özünün səhnə həyatının ikinci mərhələsinə qədəm qoymuşdur.
Yeri gəlmişkən onu da qeyd edək ki, yanvarın 15-də təqdim olunacaq tamaşada gənc aktyorlarımız məhz haqqında danışdığımız sonuncu quruluşdan da bəhrələniblər. Belə ki, tamaşada xalq artistlərimiz Afaq Bəşirqızının, İlham Namiq Kamalın, əməkdar artist Əkbər Əlizadənin, aktyorlardan Gülcahan Salamovanın, Möylə Mirzəliyevin, Ağaxan Şərifovun, Hüseyn Əlilinin, Əliməmməd Novruzov və teatrın xor kollektivinin səsindən istifadə edilib. Tələbə-aktyorlarımız bu tamaşanın hazırlanma prosesində xeyli təcrübə qazandılar. Onlar teatrın ayrı-ayrı sexləri ilə tanış oldular, onlarla işləmək yollarını, qrim, işıq və səs effektlərindən istifadə etmək qaydalarını öyrəndilər. Bildiyimiz kimi, kursun rəhbəri əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Lakin böyük sayğı ilə bu kursa müəyyən vaxtlarda dərs demiş məhrum rejissorumuz Faiq Zöhrabovun və əməkdar artist, mərhum Sevil Xəlilovanın da adlarını da çəkmək istərdik. Tələbələrin bu müəllimlərdən aldıqları biliklər və vərdişlər məhz belə bir maraqlı tamaşanın ərsəyə gəlməsinə səbəb olub. Tamaşada Ramil Əliyev Mərcan bəy, Aygül Orucova Minnət xanım, Tural Xəlilzadə Kərbəlayi Qubad, Günay Rəhimova və Fatimə İbrahimova Gülpəri, Zəkrulla Əlişirli Səfi, Gülnar Kərimova Arvad rollarında, kütləvi səhnələrdə isə Rəşad Nuriyev, Hüsniyyə Əliyeva, İlahə Şirinbəyli, Fərahim Xəlilov çıxış edəcəklər. Inanırıq ki, bu, ilk addımları onlar üçün uğurlu olacaq və onlar bundan sonrakı işlərinə daha da məsuliyyətlə yanaşacaqlar. Fevral ayından başlayaraq, tələbələr diplom işi kimi sərbəst tamaşa hazırlığına başlayacaqlar. Şübhəsiz ki, onların bu tamaşada öyrəndikləri yaradıcılıqlarına bir işıq tutacaq.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !